Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 18:44

Biz o qəbrin yanından vız o tərəfə keçirik, vız bu tərəfə


Seymur Baycan
Seymur Baycan

- "Biz bir xalq kimi öz mədəniyyətimizə qarşı çox laqeyd bir münasibət göstərməkdəyik. Mədəniyyətimizi təbliğ edə bilmirik."

Seymur Baycan

Ən etibarlı milli sərvət

Hər bir xalqın mədəniyyəti onun ən etibarlı milli sərvətidir. Bilirəm bu söz bir az “körpu yolun bir hissəsidir” sözünə oxşadı, amma nə etməli, hal-əhval doğrudan da belədir. Körpü yolun bir hissəsi olduğu kimi, mədəniyyət də hər bir xalqın ən etibarlı milli sərvətidir.

Məhz buna görə hətta iqtisadiyyatda, texnologiyada, həmcinin hərbde çox böyük nailiyyətlər əldə etmiş xalqlar belə, heç cürə arxayınlaşmırlar, öz mədəniyyətlərini qorumaq, daha da inkişaf etdirmək, təbliğ etmək üçün ətək-ətək pullar xərcləyirlər.

Edinburq Yazıçılar Muzeyində bir qız 19-cu əsr şotland yazıçısı Robert Louis Stevensona aid əşyalara baxır
Edinburq Yazıçılar Muzeyində bir qız 19-cu əsr şotland yazıçısı Robert Louis Stevensona aid əşyalara baxır

Onlar çox gözəl başa düşürlər ki, klassik dildə desək, qılınc qələmsiz heç nəyə yaramır.

Yanında qələmi olmayan qılıncın hakimiyyəti uzun müddət davam edə bilməz.

Gəlin bir anlıq fransızları Balzaksız, Flobersiz, Moppasansız, Viktor Hüqosuz, Voltersiz, Didrosuz, ingilisləri Şekspirsiz, Bayronsuz, Dikkenssiz, Radyard Kiplinqsiz, almanları Şillersiz, Götesiz, Tomas Mannsız, italyanlari Dantesiz, Covanni Bokkaçosuz, rusları Puşkinsiz, Qoqolsuz, Tolstoysuz, ispanları Servantessiz, yaponları Runeskosuz, Misimasiz təsəvvür edək.

Bu zaman biz bu xalqların nə qədər cılızlaşdığının və yetimləşdiyinin, maraqsızlaşdığının şahidi olarıq.

Mən hər kəsə məlum olan adları sadaladım. Siyahı açıqdır. Hər bir adam öz zövqünə uyğun olaraq, bu siyahıya müxtəlif dövrlərdə yaşamış rəssamların, heykəltaraşların, bəstəkarların, şairlərin, yazıçıların, filosofların adını əlavə edə bilər. O zaman nə demək istədiyimiz daha aydın olar.

Kral ailəsi Londonda Çarlez Dikkensin ev muzeyində yazıçının şərəfinə tort kəsir
Kral ailəsi Londonda Çarlez Dikkensin ev muzeyində yazıçının şərəfinə tort kəsir

Əlbəttə, sənət dünyasında saysız-hesabsız əfsanələr və miflər var.

Amma məhz sənət dünyasıyla, sənətkarlarla bağlı bu miflərin və əfsanələrin sayəsində sənətkarların yaşayıb-yaratdıqları məkanlar qəsəbələr, kəndlər, şəhərlər, küçələr, kafelər, hotellər, evlər də şöhrət qazanır, tanınır, dünyanın müxtəlif yerlərində yaşayan adamların diqqətini özünə cəlb edir.

Bir ev, bir qəbir bir şəhərin, qəsəbənin, bəzən bütöv bir ölkənin rəmzinə çevrilir. Anderson və Danimarka bir-birindən ayrılmaz, artıq bütövləşmiş anlayışlardır.

Əgər Tolstoy olmasaydı, Yasnaya Polyananı bütün dünyada necə tanıyacaqdılar?!

Əgər Van Qoq olmasaydı, adamların çoxu dünyada Borinaj adlı bir yerin olduğunu bilməyəcəkdi.

Viktor Hüqonun, Volterin ölümünün yüzilliyi ilə bağlı etdiyi çıxışda gözəl bir söz var. Viktor Hüqo həmin çıxışda deyir:

"Voltеrə qədər əsrlərə dövlət başçılarının adlarını vеrirdilər. Voltеr dövlət rəhbərindən də ali mərtəbədə idi – o, idеyaların rəhbəri idi. Voltеrlə birlikdə yеni əsr başladı. Hiss olunurdu ki, bundan sonra bəşər nəslini idarə еdəcək ən ali mühərrik – fikir olacaq".

Dahiyanə ve uzaqgörənliklə deyilmiş bir sözdür. Təəssüf ki, hələ də bizim insanlarımız incəsənətin, düşüncənin nə qədər böyük gücə malik olduğunu, necə bir güclü silah olduğunu dərk edə bilməyiblər. Halbuki, fəxr etdikləri Hüseyn Cavid bunu çox gözəl ifadə etmişdi:

Türk ordusu daim basaraq ölkələr almış,
Ən sonra siyasətdə basılmış da bunalmış.

İdrakı sönük başçıların qəfləti ancaq
Etmiş, edəcək milləti həp əldə oyuncaq.
Turana qılıncdan daha kəskin ulu qüvvət,
Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət.

Bəli, mədəniyyət kollektiv şüurun sayəsində yaşayar, tanına bilər, inkişaf edər, sərhədləri aşar.

"Bir uğurlu film, bir uğurlu roman, sənətlə bağlı yaxşı təşkil olunmuş bir festival ölkəni və xalqı bir neft quyusundan daha artıq tanıda bilər."

Biri kitab oxuyar, biri kinoya gedər, biri teatra gedər, biri uşağın musiqi mektəbinə, o birisi uşağın rəsm dərnəyinə, lap o birisi rəqsə göndərər, başqa birisi mesenatlıq edər və mədəniyyət yaşayar, inkişaf edər.

Yoxsa bütün xalq toya və yasa getsin, mağazaları gəzsin, oğul evləndirib, qız ərə versin və beş-altı adam da butov bir xalqa heç nəsiz, dəstəksiz, resurssuz yoxdan, havadan mədəniyyət düzəltsin, belə şey olmur.

Paris. Sənətkarların Montmartre qəsəbəsindən bir görüntü
Paris. Sənətkarların Montmartre qəsəbəsindən bir görüntü

Xalqlar öz mədəniyyətləri ilə tanınır. Bir uğurlu film, bir uğurlu roman, sənətlə bağlı yaxşı təşkil olunmuş bir festival ölkəni və xalqı bir neft quyusundan daha artıq tanıda bilər.

Bir uğurlu film ölkəyə və xalqa bir neft quyusundan daha artıq xeyir, fayda verə bilər.

Əgər təkcə pulla hər şey həll olunsaydı, onda ərəblər dünyanın ən hörmətli xalqlarından biri olardılar.

Mədəniyyətin çox funksiyaları var. Bu funksiyalardan biri də dünyanın müxtəlif coğrafiyalarında yaşayan insanları bir-biri ilə tanış etməkdir.

Xorvatiya. II Dünya Müharibəsi vaxtı öldürülmüş yazıçıların nəhəng fotolarını Zagreb şəhərində Dotrscina muzeyinin ətrafına asıb
Xorvatiya. II Dünya Müharibəsi vaxtı öldürülmüş yazıçıların nəhəng fotolarını Zagreb şəhərində Dotrscina muzeyinin ətrafına asıb

Biz filmlərin, romanların, umumilikdə sənətin sayəsində müxtəlif dövrlərdə, müxtəlif məkanlarda yaşamış adamların həyatı, hissləri, arzuları, istəkləri ilə tanış oluruq.

Mədəniyyət insanların ünsiyyətə girməsinə şərait yaradan, ünsiyyəti şərtləndirən ən işlək, sınaqdan çıxmış vasitələrdən biridir.

Mədəniyyət biz insanlara müxtəlif tarixi dövrləri, həmin dövrlərin adamlarını hiss etmək, tarixdə ərimək və əbədiyyətə qovuşmaq şansı tanıyır.

Deyəsən, çox yuxarıdan götürdük, bir az aşağı düşək. Qələmin işi sadələşdirməkdi, mürəkkəbləşdirmək deyil.

Deməli, bir tay restoranına getmişdim. Salonda eşitdiyim musiqi diqqətimi çəkdi. Ofisiantdan soruşdum:

- Bu oxuyan qadın Ora Taidir?

Qadın sualımdan açıq-aşkar təəccübləndi. Özü də elə təəccübləndi ki, qaşları qalxıb alnının ortasında dayandı. Sevinclə soruşdu:

- Siz Ora Taini tanıyırsınız?

Dedim, bəli, tanıyıram, çox sevirəm Ora Tainin mahnılarını. Ofisiant getdi . Bir də gördüm yanında başqa bir qadınla qayıtdı. O da eyni sualı verdi:

- Siz Ora Taini tanıyırsınız?

Dedim, hə, tanıyıram, onun mahnılarını çox sevirəm. Yalan danışdın, gərək məcbursan yalanı dərinləşdirəsən. Ora Taini tanımağıma görə bu qadın da çox sevindi. Beləliklə, həmin restoranda özümə qarşı böyük diqqət və qayğı gördüm.

Hərçənd, sözün doğrusu, Ora Tainin oxuduğu mahnını başqa bir məkanda eşitmişdim. Mahnı xoşuma gəldi. Soruşdum bu oxuyan kimdi. Dedilər, Ora Taidir. Mahnı və mahnını oxuyanın adı ordan yadımda qalmışdı. Daha bilmirəm Ora Tai oraların Aygün Kazımovasıdır, Röyasıdır, Nüşabəsidir, Rəqsanəsidir, Təranəsidir, Şəbnəm Tovzlusudur, Nazpərisidir, Elnarəsidir, Brilliyantidir, İradəsidi, Laləsidi, Könülüdü, Ayselidi, Natavanidi, Mananasıdır, Safurasıdır, Tünzaləsidi, Vüsalləsidi, Rahidəsidi, Lamiyəsidi, Səidəsidi, Nazəninidi, Mənsurəsidi, yoxsa Mətanəti….

Əsas odur ki qürbət bir yerdə Ora Taini tanımağım adamların çox xoşuna gəldi və onların böyük qayğısı ilə əhatə olundum.

Bu kimi əhvalatlar çox olub. Başqa xalqların mədəniyyətləri ilə tanışlıq çox köməyimə çatıb. Bunun sayəsində müxtəlif adamlardan diqqət və hörmət görmüşəm.

Elə bil Nizaminin qəbrinin yanından yox, Biğ restoranının yanından keçirik.

Nəhayət, nəyi demək istəyirəm. Biz bir xalq kimi öz mədəniyyətimizə qarşı çox laqeyd bir münasibət göstərməkdəyik. Mədəniyyətimizi təbliğ edə bilmirik.

Mədəniyyətə kollektiv dəstək yoxdur. Fədakarlıq yox dərəcəsindədir. Sanki hələ də mədəniyyətin necə böyük bir güc olduğu gəlib bizə çatmayıb.

Nizaminin məqbərəsi
Nizaminin məqbərəsi

​Nizaminin qəbri gürcülərdə olsaydı, min hoqqa çıxarıb, min oyun qurub bütün dünyanı il boyu gətirib ora tökərdilər.

Mən birini yazdım, bu kimi xeyli faktlar sadalamaq olar. Amma biz o qəbirin yanından vız o tərəfə keçirik, vız bu tərəfə keçirik.

Elə bil Nizaminin qəbrinin yanından yox, "Bığ" restoranının yanından keçirik. Bu bölgədə Nizamidən böyük, Nizamidən masştablı kim var? Hec kim...

"Quqark" romanı
"Quqark" romanı

Hansısa bir gürcü yazıçısı "Quqark" kimi roman yazsaydı, ən azı alman, ingilis, fransiz dilinə çevirmişdilər.

Gələnin də, gedənin də qabağına qoyub deyəcəkdilər ki, bizdə belə sülhməramlı roman var.

Bəlkə artıq filmini də çəkmişdilər. Bu, əsla demoqogiya deyil. Dəqiq belədi.

Biz etmirik, ya da edə bilmirik, ya da etməyə ehtiyacımız yoxdu. Özümüz özümüzü maraqlı etməsək, heç kim bizə maraq göstərməyəcək.

Belə mövzularda yazı yazanda necə boşboğazlıq etdiyimi hiss edirəm. Bunun fərqindəyəm. Doğrudan da neftin qiymətinin aşağı düşdüyü, ixtisarların getdiyi, adamların təşviş içində olduğu bir vaxtda mədəniyyət söhbəti etmək nə qədər yersiz və lazımsız görünür.

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

XS
SM
MD
LG