Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 16:26

Xəzərdə yeni hərbi düzən?


Qazaxıstan donanması.
Qazaxıstan donanması.

-

«Azərbaycan və Qazaxıstan Rusiyadan müstəqil şəkildə öz donanmalarını inkişaf etdirdikcə, Xəzər dənizində təhlükəsizlik arxitekturası dəyişəcək. Bu donanmalardan heç biri bitkin olmadığından bu tezliklə Rusiyaya meydan oxumağa qadir olmasa da, öz karbohidrogen maraqlarını müdafiə edə biləcəklər. Xəzəryanı dövlətlər arzuolunmaz xarici müdaxiləyə səbəb olmamaq üçün sabitliyi saxlamağa çalışacaqlar». Bunu «Stratfor» Araşdırmalar Mərkəzi yazır.

Noyabrın 4-də Azərbaycanla Qazaxıstan müdafiə sahəsində ikitərəfli əməkdaşlıq sazişi imzalayıb. Sənəd gələn ildən qüvvəyə minəcək. Razılaşmada birgə donanma təlimlərinin keçirilməsi nəzərdə tutulur, eləcə də Azərbaycan rəsmiləri Qazaxıstanda keçirilən KADEX silah sərgisinə dəvət edilir.

«Stratfor» yazır ki, bu razılaşma qismən Rusiyanın Suriyaya müdaxiləsinə cavab olaraq imzalanıb. Rusiya bu ölkəyə raketləri həm də Xəzərdən atır və görünür, İranın buna icazəsi var: «Azərbaycan və Qazaxıstan əməkdaşlığın yarada biləcəyi riski də bilir, ancaq dəniz maraqlarını birgə qorumaqla Rusiyadan asılı olmamağa çalışır».

Təhlildə iki ölkənin Xəzərdə zəngin karbohidrogen ehtiyatlarına malik olduğu vurğulanır. Digər tərəfdən, Avropanı təbii qazla təmin edəcək «TransXəzər» qaz kəməri Rusiyadan yan keçəcək. Təbii, bu maraqlar Azərbaycanla Qazaxıstanı İran və Rusiya ilə qarşıdurma vəziyyətinə gətirir. İranla Rusiya qonşularının ofşor neft yataqlarına çıxışını məhdudlaşdırmağa, «TransXəzər»in tikintisinə mane olmağa çalışır:

«İranla Rusiyanın dəniz strategiyaları da Azərbaycan, Qazaxıstan və Türkmənistandan fərqlənir. Rusiya və İran ikitərəfli təlimlərlə qarşılıqlı fəaliyyəti gücləndirir, Azərbaycan isə digər ölkələrə üz tutur. Noyabrda Birləşmiş Ştatlar və Koreya donanmalarının rəhbərləri ilə təhsil, texniki əməkdaşlıq imkanlarını müzakirə edib. Son bir neçə ildə xeyli qeyri-Rusiya hərbi texnikası alıb. Türkiyə, İsrail və Birləşmiş Ştatlardan da dəniz avadanlığı əldə edib, ABŞ Sərhəd Qvardiyası ilə birgə təlimlərə qatılıb… Elə Qazaxıstan da Azərbaycan kimi Rusiya avadanlığı almamağa çalışır».

«Dənizdə bu qədər dəyişiklik baş verincə, Xəzər qaçılmaz münaqişə səhnəsi kimi görünə bilər. Ancaq Xəzəryanı ölkələr bacardıqları qədər sabitliyi saxlamağa çalışacaqlar. Çünki anlayırlar ki, sabitsizlik heç kəsin arzulamadığı xarici müdaxiləni səsləyə bilər».

İŞİD yaraqlısı.
İŞİD yaraqlısı.

İŞİD-İN MƏHVİ ÜÇÜN SÜNNİ DÖVLƏTİ YARADIN

«Amerika Parisdəki terror hücumlarından sonra necə hərəkət etməyi götür-qoy edir. Təəssüf ki, həm prezident Obama-nın indiki siyasəti, həm də digər təkliflərdə «İslam Dövləti» (İŞİD) silahlı qruplaşması məğlub ediləndən sonrakı Yaxın Şərq üçün strateji baxış yer almır».

«The New York Times»da John Bolton yazır ki, əsas suala cavab yoxdur: «İslam Dövləti»ndən sonra nə olacaq?

Müəllifin fikrincə, Obama-nın səmərəsiz səylərini İŞİD-in məhvinə yönəlik hərbi kampaniyaya çevirməzdən öncə NATO müttəfiqləri və digərləri ilə aydın vahid baxış müəyyən olunmalıdır ki, bu qrupun yerini nə tutacaq:

«İŞİD Suriyada prezident Bashar al-Assad-a və İraqın iranpərəst hökumətinə bir müxalifət formalaşdırıb. Bu kontekstdə İŞİD-in məhvi Suriyada Assad-ın, İraqda İranın kuklalarının hakimiyyətdə qalması deməkdir», - keçmiş diplomat olan müəllif yazır.

«Birinci Dünya müharibəsindən sonrakı xəritəni canlandırmaq əvəzinə, Vaşinqton yeni geosiyasəti dərk etməlidir. Suriyanın şimal-şərqində və İraqın qərbində «İslam Dövləti»nə ən yaxşı alternativ yeni, müstəqil sünni dövlətidir».
Yazıda qeyd olunur ki, bu «Sünnistan»ın neft istehsalçısı kimi iqtisadi potensialı var, Assad və Bağdada qarşı dayana bilər:

«İslamçı ekstremizmi maliyyələşdirməklə özlərinə təhlükəsizlik riski yaratdıqlarını anlamış Ərəb Körfəzi dövlətləri də ciddi maliyyə ayıra bilərlər. Hələ də NATO müttəfiqi olan Türkiyənin isə cənub sərhədində sabitlik yaranar və yeni dövlətin mövcudluğuna azından dözər. Kürdüstanın müstəqilliyinin funksionallığı da bu yanaşmanı gücləndirir. Kürdlər nəhayət elə bir böyük qüvvəyə çevriliblər ki, Bağdad və ya Dəməşq onları geri otuzdura bilməz… Yanılmayın, bu yeni sünni dövləti hələ uzun illər Jefferson demokratiyasına çevrilməyəcək. Ancaq bu regionda dünyəvi hərbi və ya yarı-avtoritar hökumətlərə alternativlər azdır. Təhlükəsizlik və sabitlik yetərli ambisiyalardır».

Su-24-ün vurulması.
Su-24-ün vurulması.

RUSİYA BƏLANI ÖZÜNƏ ÇƏKİRDİ

«Türklər Rusiya təyyarəsini vurandan sonra cənab Putin nəhayət anlayar ki, odla oynayanda sonda yanırsan». «The Telegraph»da Con Coughlin-in yazdığına görə, Türkiyə noyabrın 24-də Suriya ilə sərhədində Rusiya bombardmançısını vuranadək Vladimir Putin özünü inandırırdı ki, NATO üzvləri onun aqressiv hərəkətlərinə ciddi cavab verən deyillər.

NATO Gürcüstanın alyansa qoşulmaq səylərini gözardı edəndə, Moskva Cənubi Osetiya və Abxaziyanı özünə götürdü. NATO Rusiyanın Şərqi Ukraynada etdiklərinə göz yumduqca, Moskva Krımı da anneksiya etdi:

«İndi NATO və Rusiya qarşısında duran məsələ Moskva-Ankara münasibətlərinin nəzarətdən çıxmasını önləməkdir. Onsuz da bu münasibətlər Moskvanın Suriyaya müdaxiləsində sonra gərginləşib. Türklər yəqin ki, Rusiyanın türkmanlara qarşı hər hansı tədbirini cavabsız qoymayacaq. Türkmanlar dünən paraşütlə tullanmış rusiyalı pilotları öldürdüyünü bildirib, ancaq sonradan Türkiyə rəsmiləri bunu təkzib edib».

«Türkiyə Suriyanın şimalında Assad rejimini devirməyə çalışan türkman silahlıları maliyyələşdirir. Türklər etnik müttəfiqlərinə Rusiyanın hücumlarına dözməyəcək. Bu, Rusiya ilə Türkiyə arasında birbaşa hərbi qarşıdurmaya gətirə bilər. Bu halda NATO Türkiyənin sərhədlərini qorumalı olacaq».

XS
SM
MD
LG