Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:26

«Dedilər, oğlun şikayət edib, cəzasını da sən çəkəcəksən»


Polis
Polis

-

«Sahə müvəkkili, 8 polis və Daxili İşlər Nazirliyinin Qulu adlı əməkdaşı atamın yaşadığı mənzilə gəlib. Mənzildə axtarış aparmaq istədiklərini dedikdə atam məhkəmə qərarı tələb edib. Nazirliyin əməkdaşı Qulu «qərar yoxdur, məhkəmə də özümüzük, qərar da» deyərək yanındakılara göstəriş verib ki, evi axtarsınlar. Mənzildə olan bütün əşyaları dağıdıb, 5 ədəd dini kitab və 3 ədəd «Quran»ı götürərək, atamı və qardaşımı da qandallayıb özləri ilə aparıblar».

Naxçıvan sakini Rəşad Abbasov AzadlıqRadiosunun «Qaynar xətt»inə ailəsinin başına gələnlərdən danışır. Onun sözlərinə görə, bu il noyabrın 9-da səhər saatlarında Naxçıvan Daxili İşlər Nazirliyinin əməkdaşları atası Nadir Abbasovun yaşadığı Naxçıvan şəhəri, Babək küçəsi, ev 1A, mənzil l9 ünvanına gəliblər. Sənəd təqdim etmədən mənzildə axtarış aparandan sonra bir neçə dini kitabla yanaşı, atasını və qardaşı Kənan Abbasovu özləri ilə Naxçıvan şəhər Polis İdarəsinə aparıblar. Kənan Abbasovu 2 saata yaxın sorğu-sual etdikdən sonra buraxsalar da, atası 11 gün polis şöbəsində saxlanılıb.

102-YƏ BİR NEÇƏ DƏFƏ ZƏNG VURUB

Şikayətçinin dediyinə görə, noyabrın 10-da qardaşı Kənan atası üçün yemək aparıb. Cinayət-axtarış şöbəsinin rəisi qardaşının və atasının ünvanına alçaldıcı söyüşlər yağdıraraq onu idarədən qovub. Atası üçün gətirilən yeməkləri də qəbul etməyiblər. Vəziyyəti belə görən Rəşad Abbasov DİN-in 102 xidmətinə bir neçə dəfə zəng vurub. Xidmətdən ona bildirilib ki, Naxçıvan Muxtar Respublikasının işinə qarışa bilməzlər. Nə şikayəti varsa, Naxçıvanın daxili işlər nazirinə ünvanlasın.

Noyabrın 19-da Nadir Abbasov azad edilib. Ancaq azadlıqda çox qala bilməyib. Səbəbindən yenə oğlu danışır:

«Atam ayın 19-da azad edildi. Ancaq tezliklə Naxçıvanın hüquq-mühafizə orqanları biləndə ki, o, qanunsuz saxlanıldığı müddətdə ailəsi hər yerə şikayət edib, qisasçılıq məqsədilə yenə gəlib onu evdən apardılar. Dedilər, oğlun şikayət edib, cəzasını da sən çəkəcəksən».

HARADA SAXLANILDIĞINI BİLMİRLƏR

Noyabrın 19-dan bəri Abbasovlar ailəsi yenə əvvəlki nigarançılıq və narahatlıqlarını yaşamaqdadırlar. Rəşad Abbasov deyir, atasının harada saxlandığını və səbəbini ailəyə deyən yoxdur. Rəşad Abbasov deyir, özü də əvvəllər polis tərəfindən saxlanılıb:

«Bir dəfə gəlib Cümə namazında məsciddən tutub apardılar. Guya ictimai asayişi pozmuşam. Hər şey əllərindədir. Qanun da, maddələr də, cəza maşını da… Mənim tanıdığım adamlar var ki, namaz qıldıqlarına, məscidə toplaşdıqlarına görə ev-eşiklərindən didərgin salınıblar. Hazırda Bakıda, orda-burda yaşayırlar».

Rəşad Abbasov atasına vəkil tutulduğunu, lakin həmin vəkilə də idarədə təzyiq göstərilərək qovulduğunu deyir.

Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyindən məsələyə münasibət öyrənmək mümkün olmayıb.

Azərbaycan Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən də suallarımıza hələlik cavab ala bilməmişik.

XS
SM
MD
LG