Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 01:27

Bunları daha sonralar başa düşdüm


Şəhriyar del Gerani
Şəhriyar del Gerani

-

"Heç bilmirəm bunca əxlaqsız qocalar arasında necə belə tərbiyəli böyüdüm. Əl-əlbət burda nənəmin rolu danılmazdır."

"Nədənsə bunu qonşum Valodiyə danışanda reaksiyası belə olmuşdu: Zırt!"

Şəhriyar del Gerani

Bizim küçənin qocaları...

(hekayə) 16+


Əvvəl ümidlər öldü, sonra bala qaranquşlar. Bir ovuc civiltilərini də küləklər alıb apardı eyvanımızdan. Düzü, küləklərdən bunu gözləyirdim, amma qaranquşların belə vaxtsız ölümünü heç gözləməzdim. Lap adam kimi öldülər.

Deyirəm ki, lap adam kimi yıxılıb öldülər. Nənəm qaranquşların boş qalmış yuvasına baxıb ustufca gileyləndi: bu qış yaman sərt keçəcək...

Nənəm dediyi kimi oldu. Yaman sərt keçdi 94-ün qışı. Amma bu, qaranquş balalarının ölümünə, yuvalarının boş qalmasına görə deyildi. Qocalar – müharibə qışları həmişə sərt olur – deyirlər. Bilmirəm niyə belədi. İkinci dünya savaşını görmüş adamlar da belə deyirlər. Elə bil Allah da adamların qəsdinə durur ağır günlərdə.

94-ün qışından danışıram. Zarafat deyil, 21 ilin hekayətidir. İlahi, necə tökülür xatirələr. Gövdəsi qabıq vermiş qocaman tut ağacının cır, qara gilələri kimi zəhlətökən sürətlə, dadsız dəymişliklə tökülür həm də.

Qarpız qabığına ip bağlayıb sürdüyüm sonuncu yay idi qaranquş balalarının öldüyü avqust.

Daha sonra qış gəldi. Qəfil gəldi, payızsız-filansız, nənəm deyən qış. Aclıq, səfalət, zillət. Və kasıblığın, çörəksizliyin gətirdiyi mənəvi xarabalıqlar bürümüşdü hər tərəfi. (bu ifadəni yadınızda saxlayın – mənəvi xarabalıqlar) Adamların üz-gözündən murdarlıq, evlərindən, həyət-bacalarından mütriflik, mürdəşirlik yağırdı.

Dərin qatlardakı bütün eybəcərliklərin cücərib qol-qanad atmasıyçün müharibədən, kasıblıqdan, aclıqdan daha münbit şərait yoxdur.

Çörəyin üstünə duz səpib yediyimiz günlərin birində nənəmlə qonşumuz Mazan müəllimin idarəsinə yollandıq.

Şəhriyar del Gerani
Şəhriyar del Gerani

Mazan Əbilov yaxşı “yeyintili” dövlət idarələrin birində rəis idi. Mazan müəllim idarəyə o qədər sahiblənmişdi ki, daha idarə öz adıyla deyil, “Mazanın idarəsi” kimi tanınırdı rayonda. Bunları daha sonralar başa düşdüm.

O vaxt ağlım kəsmirdi. Eləcə arvadın böyrünə düşüb tullana-tullana getmişdim.

Bekara yağış da çiləmişdi. Potum deşik idi, su buraxırdı. Üstəlik gölməçələrə olan dəhşətli marağım potunu tamam üzüqara eləyirdi mənim yanımda. Xülasə, potuyla məzələnirdim yeriyəndə. Onsuz da təzəsini alan kimi nənəm vıyıldadacaqdı hamam peçinə. Bütün suburaxmalarının bədəlini ödəyərək hamamı isidəcək, sobanın üstündəki su qazanını qaynadacaq (qazandakı suyu nəzərdə tuturam), məni bir həftəlik təmizliklə mükafatlandıracaqdı bu məşum potu. Bu da sevgili potumun məharəti.

İndi də keçək Mazan müəllimin məharətinə. Kabinetinin qabağında bir xeyli gözlətdikdən sonra bizi – kötük qonşularını qəbul elədi. Kötük qonşu ifadəsi el dilində qədimiliyə işarədir. Yəni, dədə-baba qonşu.

Maraqlıdı, bizim gözlədiyimiz müddətdə kabinetdən heç kim çıxmadı. Bunu da sonralar başa düşdüm. Ki, sən demə, mahiyyətcə düşük məmurlar həmişə özlərini ciddi işlərlə məşğul olurmuş kimi göstərirlər. Əslində isə heç bir iş görmürlər. Mazan kimi qoca məmurlar isə ümumiyyətlə heç nəyin karı deyillər, nə qurşaqdan yuxarı, nə qurşaqdan aşağı.

Adətən qoca məmurlar özlərinə gənc və gözəl katibələr götürürlər ki, impotensiyalarını ört-bastır eləsinlər. Guya heç kimsə bilməyəcək bu maymaq qoca sidiyini saxlaya bilmir. Təsəvvür edirsiz? Sidiyin saxlaya bilməyən, yerinə işəyən bu maygülülər özləri haqqında necə ibnə, necə bambılı fikir formalaşdırmaq cəhdində bulunurlar. Məşəqqətli işdir, həqiqətən.

Sözüm onda yox. Ombası enli, yastıyanbız katibə bizi kabinetə ötürdü. Mazan müəllim kabinetə o qədər ətir vurmuşdu ki, adamın beyni çatlayırdı. İnanmazsız, yenə də sidik üfunətini gizlədə bilməmişdi. Fantastikdir! Asfaltı deşib çıxan ot kimi sidiyin üfunət qoxan iyi bahalı parfüm ətirlərinin arasından həddindən artıq incəliklə sezilib boy göstərirdi.

Nənəm şalının ləçəyilə yaşmanıb salamlaşdı. İsmətli qadınlar belə edirdi o vaxtlar. Mazan müəllim bir qurtum su içib boğazını arıtladı. Daha sonra – hə, Şükfə arvad, nə məsələdi? – deyə dilləndi. Nənəmin adı Şükufə idi, u-hərfi uzun tələffüz olunurdu – Şükuufə. Qonum-qonşu isə qısa olaraq Şükfə deyirdi.

Lovğalıq olmasın, nənəm həddindən artıq abır-həyalı, kifayət qədər ismətli qadın idi. Hətta, mənə hərdən elə gəlir ki, o, əriylə - mərhum babamla yatağa girməzdən öncə dəfələrlə üzr istəyib, bir neçə kərə “bağışla sən alla, taa məcbur eliyisən deyə şey eliyirəm, yoxsa, bilirsən ki, belə kadın deyiləm əslində” filan da deyib. Bir sözlə, abır-həya deyilən anlayış nənəmin varlığında bir məbəd kimi formalaşmışdı. Hələ də təəccüb edirəm, niyə adamlar bu məbədə sitayiş etmir, onu səcdəgah, türbə, hücrə kimi dəyərləndirmirdilər? Nadanlıq! Başqa heç nə...

Deyirəm ki, Mazan müəllimin intonasiyasından açıq-aşkar duyulurdu: heç nə alınmayacaq! Hətta divanın altında dik gəzən uşaq da bunu hiss edərdi.

Arvad bir az doluxsundu, dedi, sezonda birtəhər pambıq yığınına gedib başımızı girələyirdik, indi heç o da yoxdu, vəziyyət qəlizdi, böyük gedəmin meyiti gəldi (böyük əmimi deyir, Qarabağ döyüşlərində şəhid oldu), sonra kişini yola saldım o dünyaya (babamı deyir – öz əcəliylə öldü) bu biri gedə də (kiçik oğlunu – balaca əmimi nəzərdə tutur) müharibədə, hələ də qanınabulanmış ermənilərlə cəngidə. Heç bilmirəm başıma haranın daşın salım...

Mazan müəllim bu arada üzünə kifayət qədər həyasızlıq qatıb auranı dəyişmək istədi.

- Ay arvad, bəsdi görüm, ağlama – qalstukunu tarazlayıb, - yaxşı olacağ e – dedi. Oğlun da qayıdacaq, iş-güc də olacaq, pul-para da – baş barmağını şəhadət barmağına sürtüb qımışdı.

Deyim ki, bu səydəş təskinlik arvadı xeyli bərkitdi. Qəribədi, başqasının verdiyi təskinlik nə qədər səydəş olsa da adamın canına yağ kimi yayılır. Nənəm bir az kiriyəndən sonra Mazan müəllim növbəti cahilliyini elədi.

- De görüm, nəvən necədi? Səni incitmir ki? – məni işarə edib harıncasına hırıldadı – ay səni qırışmal, böyümüsən əməlli-başlı...

Nənəm:

- Nəvədi dənə, necə olacağ, ac-yalavac...

Arvad cümləsinin sonunu o qədər ahəstə dedi ki, qoca məmur eşitmədi.

- Nədi-nədi?! – uca səslə soruşdu.

- Deerəm ki, ajdı, ac...

Mazan heç bircə saniyə də duruxmadan:

- Niyə acdı ki? Uşağa yemək bişirə bilmirsən? Ha-ha-ha, deyəsən əldən düşübsən axı, ay Şükfə qarı – deyə təkrar harın ədayla kresloya yayxanıb gərnəşdi. Elə bu an nənəm yaşmağını açıb ayağa qalxdı. Düz məmurun üzünə baxıb xeyli arsız tərzlə nə desə yaxşıdı?

- Ağzuva sıçım!

Dəhşət! Qeyri-ixtiyari bir gülmək çıxdı məndən, gəl görəsən. Pıkkıldaya-pıkkıldaya qaldım yerimdə. Cümlənin qəfilliyinə baxın ha, “ağzuva sıçım”!

Nənəm heç mənə də məhəl qoymadan qapıya sarı şütüdü. İnanmazsız, sanki on minlik elektrik cərəyanıyla toqquşdu Mazan müəllim. Saçları biz-biz oldu, rəngi ağardı, alt dodağı titrədi, gözləri səyridi. Bir az keçdi kabinetə turş o.turaq qoxusu yayıldı. Necə deyərlər, Mazan müəllim konkret o.turdu.

O.turmasın neyləsin, axı kabinet fırlanır!? İnanın, dəqiq fırlanırdı kabinet. Yaşının bu çağında durar-tutmaz, üzbəsurat “ağzuva sıçım”! - eşitmək elə-belə şey deyil. Özü də bir qadından, üstəlik o qadın qarımışsa.

İndi bunları yazarkən prosesi təsəvvürümə gətirirəm. İlahi, necə müthiş səhnədir: “aç, tez elə oğğğraş, ağzını aç qoca kaftar, cəld ol!”. Həm də, oğraş yox ha, oğğğraş! Qəribə sözdü. İntonasiyadan aslı olaraq, mənadan-mənaya keçir. “Ğ”-nı nə qədər şiddətləndirsən ünvanının mahiyyətini bir o qədər açır. Oğğğğğğğ... Vay-vay-vay.

Mazan müəllim donub qalmışdı. Qırışığı açılmamış sivişib çıxdım kabinetdən. Pilləkanları atıla-atıla düşüb nənəmə çatdım. Açığı, sinəmi qabağa verib qürrələndim də. Zarafat deyil, o boyda məmurun cındırın çıxartmışdı nənəşim.

Əlaydı. İlk dəfəydi nənəmdən belə söz eşidirdim. Hətta, o vaxtacan elə bilirdim nənəm heç vaxt sıçmır. Üzr istəyirəm, elə bilirdim nənəm heç vaxt böyük bayıra getmir.

Düzü, heç belə də bilmirdim. Heç bu barədə düşünməmişdim də. Öz aramızdı, kim düşünür ki? Hansı axmaq oturub ciddi-ciddi fikir edir, İlahi, görəsən atam necə sıçır”? , “anam necə işəyir”? , “babam qəbz olurmu”? və s.

Elə şeylər var ki, onlar düşünməkçün deyil. Bunları düşünərək istənilən adamı gözdən salmaq olar. Düz sözümdü. Mənə elə gəlir, Allah insanı bu qədər qəliz mexanizmdə yaratmaqla, bəşəriyyəti qəsdən biabır eləyib. Ən gözəl qadınlar da hər gün o axmaq prosesi keçir. Üə! İyrəncdi!

Evə gələ-gələ kabinetdə olanları yada salıb gülümsəyirdim. Mazan müəllimin o.turması isə bir başqa ləzzət eləmişdi. Qəfil şübhəyə də düşmüşdüm. Ki, görəsən otaqdan çıxanda nənəmmi o.turub çıxmışdı, ya Mazan müəllim şoka düşüb buraxmışdı özünü?

İnanın, bir neçə gün narahat etdi məni bu şübhələr. Bütün suallara cavab tapmaq üçün neçə gecə oyaq da qaldım. Ki, arvad bircə yol yel buraxsın, iyindən dəqiq biləcəm.

Oyaq gecələrimin dördüncü, ya da beşinci günü olardı, dəqiq deyə bilməyəcəm, üzrlü sayın. Belə məsələlərdə çalışıram son dərəcə dəqiq, qərəzsiz və vicdanlı olum. Özümdən aslı deyil, şüarım belədir. Hə, deyəsən dördüncü günüydü. Bəli, dəqiq dördüncü günü yəqinə çatdım ki, o o.turaq dəqiq Mazan müəllimə məxsus imiş. Eşq olsun nənəmə!

Hadisədən bir neçə gün ötmüşdü. Di gəl, Sükfə arvad özünə gəlmirdi ki, gəlmirdi. Əsəbiydi. Adətən qadınlar aybaşı dönəmində böylə gərgin olurlar.

Lakin nənəm üçün bu surpriz qəti gözlənilmirdi. Allah qadınlarla müəyyən yaşdan sonra belə zarafatlar eləmir. Bu hikkənin, bu hirsin nəsə mənəvi qatları vardı.

Qarğışı da dəyişmişdi arvadın. Qəfil istedad verilmişdi sanki. Belə deyirdi hər yadına düşəndə: yox e, ay bala, demirəm ki, Mazan ölsün. Ölməsin, allah eləməsin, ölsün. Mazan sağ qalsın, ölə bilməsin, nəticələri, kötüycələri Mazanın bədəninnən qurd dənnəsinnər deerəm. Nəşə ölsün ki? Yoo, ölməsin, qurd bassın Mazanı, bala, görüm onu qurd bassın öz canının üssündə...

Elə bu qarğış da həmin mənəvi qatlardan gəlirdi. Yenə də deyirəm, bunu böyüyəndən sonra başa düşdüm. Hərcaye-mərcaye tənqidçilər əllərinə təzəkli yaba götürüb düşməsinlər üstümə. Ki, dıqqılı uşaq bunları necə bilə bilərdi axı-zad. Guya məndən ağıllı çıxıblar.

Deyirdim ki, ol qəzəbin mənəvi qatları vardı mütləq. Hirsi soyuyandan sonra özü nəql etdi. Sən demə, bu Mazangilin çətin vaxtlarında, acından yuxudan günorta durduqları zamanlarda rəhmətlik babam bunların ailəsinə əl tutub, yardım edib, çörək veribmiş.

Çörək də nə çörək. Mazanın gorbagor dədəsi (nənəm belə deyir - gorbagor, hər halda allah ona da rəhmət eləsin) evində nöyüt (neft) satırmış. Qabaqlar e, neftin itə tök - üzə yax - götə sürt vaxtlarında. Onda çox adam bu xırda alverlə məşğul olurdu. (Xırda dediyim neftin borulardan kənar alverinə aiddir.)

Mazanın da dədəsi (atası) əl bulayıbmış bu işə. Günlərin bir günü babam rayon bazarında görüb ki, Mazanın dədəsi qəssabxana qənşərindən keçərkən ayağından asılmış qoyun şaqqasına baxır-baxır, baxır-baxır, baxır-baxır... (ifritə arvad hadisənin şiddətini artırmaqçün belə boşboğazlıqlar edirdi həmişə, “de hı”! – deməsəydin, xeyli çərənləyərdi) baxıb-baxıb, əlini mal qarnına uzadıb. Qarın alıb.

Bizim kişi də evə gəlibən arvada deyib:

- Şükfə, ged Gilasgildən (Mazanın anası) 15-20 litr ağ nöyüt al!

Daha soruşmadım nənəmdən ki, niyə Mazanın atasının yox, məhz anasının adını deyib babam. İndiki ağlım olsaydı soruşardım. Səd-əfsus!

Nənəm deyir, mən də qayıtdım ki, a kişi, o boyda nöyütü nə qayırırsan? Dedi, sən mənə qulaq as ay arvad, al bu pulu ged Gilasgildən nöyüt al.

Guya kişi bu jestiylə Mazangilin ailəsinə əl tuturmuş. Ümumiyyətlə, belə miflər rayon yerlərində boldu. Hələ atam danışır ki, qabaqlar elə Hacılar olub, girib univermaqlara, dükanlara, bazarlara, nisyə dəftərlərini alıb, pulu ödəyib bütün borcları sildirirmişlər. Satıcılara da dilbədil tapşırırmışlar ki, adamlara deyin bir Allah bəndəsi elədi, Allaha xatir.

Ciddi söhbətlərdi. Nədənsə bunu qonşum Valodiyə danışanda reaksiyası belə olmuşdu:

- Zırt!

Düz sözümdü, Valodi “zırt”! eləmişdi. Mən isə bu qudsal hekayətlərə inanmışam həmişə.

Doqquzuncu sinifdə oxuyurdum. Valodi universiteti bitirib rayona qayıtmışdı. Söhbətimiz tuturdu bu rus əsilli qonşumla. Həmişə də belə deyirdi: mən rus deyiləm, Rusiya türküyəm!

İşsiz-gücsüz dolaşırdı. Bütün günü də küçədə oturub siqaret çəkir, gah çəpərə söykənib göyə baxır, gah da xırda uşaqları başına yığıb nəsə gopa basırdı. Mən bu ibrətamiz Həci əhvalatlarını Valodiyə danışanda belə elədi:

- Zırt!

Dedim, əə, rusbaş, sən nə qanırsan din-iman nədi?! Atam deyir ki, ulu babamız şeyx olub. Bir neçə zəngin dindarı, Kərbəlayi-filan yığıb başına, at-arabasıyla düşüblər kənd-kənd, küçə-küçə, hansı evdən uşaq ağlaşması, arvad deyinməsi gəlirmişsə, o həyətə kisə-kisə un, buğda, qənd, çay, gündəlik ərzaqlar ehsan edirlərmiş.

Valodinin reaksiyası dəyişməz olaraq qalırdı:

- Zırt!

Sadəcə, bu “zırtlamalar”ın intonasiyası, bir də Valodinin üzündəki istehza dəyişirdi hər dəfə.

Sözümün qənbərqulusu bu ki, sən demə, qabaqlar hər şey başqa cür imiş, sonradan zayı çıxıb. Əl-qərəz, nənəm də babamın bu pafoslu neft alış-verişini dərin yerlərə bağlayıb içindəki cılız insanlıq hisslərini doyururdu. Və burdan çıxış edərək Mazan müəllimə olan hirsini qaynadırdı günaşırı. Çətin məsələdir.

Babam da maraqlı adam olub. Qonşular danışırlar ki, yaman mərd kişiymiş. Ölümdən qorxmazmış. Deyirəm ki, o, ölümdən qorxmazmış. Qəti qorxmazmış. Amma qəflətən qasığına dəyə biləcək təpikdən çox qorxarmış. Dəhşət qorxarmış. Qonşular belə deyirlər.

Adətən ölümdən qorxmayan adamlar olduqca cüzi şeylərdən bərk ehtiyat edirlər. Onu da bilirəm ki, babamın görünüşü sizin üçün maraqsızdı. Qəti maraqsızdı. Nəyinizə lazım? Ol səbəb görünüşü haqqında heç nə demirəm.

Düzü, özüm üçün də maraqsız olub həmişə. Bir-iki şəkli var. Hər dəfə ailə albomumuza baxanda o şəkillərin üstündən keçirəm. Bir dəfə nənəmə xoş getsin deyə diqqətlə baxıb “nırç-nırç-nırç, kişilər olub e”... – dedim. Nənəm qayıtdı ki

- Ayə, ossurağa basma, şəkli tərs tutubsan, baarı düz tut...

Nə bilim. Nəsə mənə qəti maraqlı gəlməyib o kişi. Bu yaşa çatmışam, indiyə kimi onun barəsində bircə dənə damazlıq xatirə eşitmişəm, onu da xalam danışıb, vəssəlam. Deyir, bir gün eşitdik kişi bərk xəstələnib. Baş çəkməyə getdik. Bir kilo qırmızı alma, iki dənə limon almışdıq. Bir paket də "Seylon" çayı.

Deyirəm, köhnə adamlar da təhlükəli olurlar. Gör nəyi yadında saxlayıb – bir kilo alma, iki limon, bir paket çay. Cəmi-cümlətanı iki məmməd yarım pul xərcləyib, əlli iki dəfə danışıb.

Ömrü keşməkeşli keçib - xalam deyir. Söz olaraq deyil, həyat olaraq keşməkeşli... (xalam belə danışır. əslində bütün qocaların ömrü keşməkeşli keçir nədənsə) 42-də atasını itirib. İkinci dünya müharibəsində. On bir yaşındaymış atasız qalanda.

92-də də oğlunu itirib. Altmış iki yaşındaymış oğulsuz qalanda. Deyirdi, ikinci dəfə yetim qaldım Qarabağ savaşında. Adamlar təkcə ata-anadan yox, oğul-uşaqdan da yetim qalırlar. (bu yerdə xalam poetik əlavəsini etməyi də unutmur)

Soruşdum ki, dayı, ay dayı, geriyə baxanda nə görünür uzaqlarda? Cavab verdi ki, bu ilin iyulunda həyətdə oturmuşdum, çay içirdim. Balalar tut çırpırdı, qız-gəlin də palatka tutmuşdu. Dayanıb baxırdım. Qəfil hönkürtü tutdu məni. Baxdım... baxdım... baxdım... elə bildim həmin dəqiqə uşaqlığım töküləcək tut ağacından...

Valodiyə danışmamışam bu xatirəni. Dəqiq bilirəm ki, reaksiyası “Zırt”! olacaq. Valodini çox istəyirəm. Yaxşı adamdı. O başqa məsələ ki, zırtıltılarıyla hər dəfə razılaşmıram.

O da elə tipdi. Ümumiyyətlə, bizim küçəmiz tiplər yığnağıdı. Küçəmizin o başında İdlar adlı bir mühasib də var. Adına bax – İdlar. Bu adı kim qoyub, bilmirəm.

Səfeh adamdı. İdları deyirəm. Bir də gördün başladı Valodiylə mübahisəyə. Sizə demişdim axı, doqquzuncu sinifdə oxuyandan bu yana onların mübahisələrini balet edirəm.

Bir dəfə mühasib qonşu durar-tutmaz qayıdasan ki, Borxes dahidir. Diqqətinizə çatdırım ki, biz həmin vaxtı balıq ovuna getmək üçün qurdu (qurd* -soxulcan, qarmağın ucundakı tiyəyə ilişdirib balıqları şirnikləndirmək üçün xüsusi vasitə) hardan çıxardacağımızı götür-qoy edirdik. Qəfil nə oldusa, bu səfeh mühasib Borxesə keçdi. Valodi bunu süzüb: ba yox ə - dedi. Mühasib ələ salındığının fərqinə varmadan mühazirəyə başladı:

- O deyir ki, iri kitablar yazmaq boşboğazlıq və başağrısından başqa bir şey deyil. Məsələn, bir neçə dəqiqə ərzində şifahi şəkildə və bütünlüklə şərh oluna biləcək bir mövzudan 500 səhifə yazırlar. Bu qalın kitablarda çox mətləblər var, sadəcə, mükəmməl deyillər. Borxes əlavə edir ki, mən xəyali kitablar yazmaq üçün qeydlər edirəm.

Valodinin mövzuya münasibəti:

- Zırt!

Mən söhbətin kimlərdən getdiyini başa düşdüm, amma nədən danışıldığını qəti anlamadım. Xəyali kitab nədi, a kişi? Nə zəvzəkləyir bu?

Valodi isə bir zırtıltıdan sonra üzünə yüngülvari ciddi ifadə qatıb – Borxesin düşündüyünü Benyamin “Paris passajları”nın tezislərində eləyib – deyə, bu sərsəm dioloqa bir ağız zəvzədi.

Walter Benjamin
Walter Benjamin

Bu arada özümü intellektual göstərməkçün "Benyamin? Valter Benyamin?" – deyə mən də düşüklüyümdən qalmadım.

Məndə olur belə şeylər. Adətən yazıçıların, şairlərin adlarını yadımda saxlayıb, ordan-burdan populyar olan əsərlərdən sitatlar əzbərləyib, filmlərin dalına-qabağına baxıb ümumi məlumatları mənimsəyib, yeri gəldikcə özümü soxuşdururam mübahisələrə.

Bizdə çoxlu zadlar kimi intellektulların da saxtasıyla orjinalını heç kəs ayırd eləyə bilmir. Sadəcə hörmət edirlər belələrinə.

Sizə deyim ki, bekara ciddi poza alıb, qalstukdan-eynəkdən taxıb əməlli-başlı fiqur düzəldən çoxlu sayda ədəbi-elmi maşennik tanıyıram.

Maraqlıdır, hamısında da alınır. İmanım allah amanatı, bizim bu gijdıllağ qonşumuz da belə alındıranlardandı. Bunun cır səsilə polemikaya girişməsinə baxın.

- Bəli, ədəbi montaj. Benyaminin qənaəti belə idi. Heç nə deməyə ehtiyac yoxdur, sadəcə göstər. Bodlerin şeirlərindən sitatlar gətirməklə böyük mətləblərin bir misrayla və bir neçə foto, ekizlərlə şərhi, bacardıqca özündən az şey istifadə etməklə mətləbi çatdırmaq.

Düzü, bu zəvzəyin səsi başıma düşür, danışığı mənə arxasıyca daş atılmış, quyruğunu ayaqlarının arasına soxub qaçan islanmış küçük zingiltisini xatırladır. Valodi isə buna nəyisə izah etmək istəyir.

- Televizor effekti. Bulmer də sənin kimi düşünüb – bütün şeylər televizor olmaq istəyir.

Bu arada yenə təkrar düşükləyirəm:

- Bəli, Qreqori Bulmer!

Valodi mənə məhəl qoymadan davam edir:

- Səfeh söhbətlərdir. Mənə görə yazıçı öz mətninin rejissorudu. O, bütün detalları öz televizoruyla göstərməlidi. Daha postmodernizm dövrü deyil, son zamanlar bu elastik izm istedadsız adamların köməkçisinə, hətta quluna çevrildi. Hərə bir sicilləmə yazıb vurdu qoltuğuna, yaza bilmədiyi şeyin də adını qoydu postmodern mətn. Daha antipostmodern əsərlər yaranmalıdı!

İdların hap-goplarının izahını verməklə Valodi demək istəyirdi ki, get o.tur, düş dalıyca. Mən bunları özlüyümdə çoxdan həll etmişəm. İndi məni narahat edən "Qurdu hardan çıxarmalı? Və hardan rahat balıq ovlamalı?" suallarıdır.

Dediyim kimi də oldu. Mühasib növbəti dəfə gözünü qırpa-qırpa - əslində Kamunerin “qapalı dairə” əsərində “hər şey başqa bir şeyə bağlıdır” qanunauyğunluğu daha son... – demişdi ki, Valodi mövzunun dalına bir təpik ilişdirdi.

- Dostum, şeyi-meyi bilmirəm, amma dəqiq bilirəm ki, balıq tutmağımız qurda bağlı olan zaddı. De görüm, sizin həyətdə qurdçıxan yer varmı?

Mühasib qonşumuz duruxdu. Bir qədər sonra:

- Var-var, əlbəttə var, gəlin birlikdə gedib qazaq. Ancaq bir şərtlə, məni də özünüzlə aparın.

Yolda Valodi qulağıma pıçıldadı ki, arvadı İdları sevmir. Alçaq! Bunun gəldiyi həqiqətə bax. Dedim, necə oldu bunu düşündün? Nə desə yaxşıdı?

Həmişə belə danışır, sözləri təkrar edərək: Bəli-bəli, var-var, xeyr-xeyr, tam doğru-tam doğru və s.

“Tfu! Qabırğa pidr!” – ürəyimdə deyib tüpürdüm. Yəni, “qabırğa pidr” hissəsin ürəyimdə dedim, tüpürməyi isə görüntülü elədim. Hamı necə tüpürür, mən də elə.

Razılaşdıq. İdlargilin həyətindən qurd çıxardıb balıq ovuna yollandıq. Yolda Valodi qulağıma pıçıldadı ki, arvadı İdları sevmir.

Alçaq! Bunun gəldiyi həqiqətə bax. Dedim, necə oldu bunu düşündün? Nə desə yaxşıdı?

- Dəqiq bilirəm, hətta o qədər sevmir ki, ayda iki dəfə aybaşı olur.

Daha mövzunun dərinliyinə varmadan söhbəti dəyişdim. Bir də bu haqda balıqdan qayıtdığımız axşam danışdıq. Əziz qonşumuzun payını verib özümüz baş-başa verib yeyib-içirdik.

Hər dəfə belə olur. Birimizin evində yığışıb uğurlu balıq ovumuzu qeyd eləyirik. Valodi başladı söhbətə. Dedi, sənə dedimmi o gəlin o səfehi sevmir? Sonra da əlavə etdi: gördün kanalı keçəndə onun tursiyi nə gündəydi?

Maraqlıdı, buna mən də fikir vermişdim. Di gəl, fərqinə varmamışdım. Balıq tutacağımız hövzəyə getməkçün bir kanalı keçməliydik. Piyada yolu uzaq olduğundan üzüb keçmək qərarına gəldik.

Məlum oldu ki, bu gicbəsər üzməyi bacarmır. Birtəhər razı salıb Valodinin çiyninə mindirdik.

Üst paltarlarımızı balıq səbətinin içinə pərçimləyib kanalın o bri üzünə tolazlayandan sonra kanalı üzüb keçdik. Mühasib qonşumuzun bədənindən Mazan müəllimin osturağının iyi gəlirdi. Elə bil Mazanın illər boyu pərvazlanan kulli-osturaqları bu gicbəsərin bədənində cəm olmuşdu. Valodinin deyəcəklərinə ayaq verib, "hə, gördüm" – dedim.

- Heç düşünmürsənmi o tursiylə, o iylə elə gözəl qadının yatağına girmək olmaz? Lap tutaq ki, bu donuz heyvərəliyinə salıb cəhd etsin, bəs qarşı tərəfin münasibəti? Yadında saxla, həyatında qadın olmayan kişilər həmişə kirli-paslı olur. Xüsusilə alt paltarları.

Dedim ki, Valik, haqlısan. Amma gəl belə söhbətlər eləməyək. Yaxşı deyil. O da cavab verdi ki:

- Düzdü, etməyək, di gəl o cür gəlinə yazığım gəlir. Necə ilahi gözəlliyi var onun. Hətta keçən dəfə Məşədi Qulaməli də (təxminən Qətran Təbriziylə həmyaşıd qonşumuz) o gəlini xəstəxanada ağ xələtdə görəndə dodaqaltı mızıldanmışdı: it qızı it! quymağdı e, quymağ...

İfadənin oğraşlığına baxın – quymaq! Ay səni Məşədi.

İdların xanımı həqiqətən gözəl idi. Rayondakı poliklinikaların birində tibb bacısı işləyirdi. Ağ xələtdə isə bir başqa olurdu. Əh, gözümüzün qabağında o qədər gözəl qadınlar turpa, yerköküyə, çuğundura, dəvədabanına, quşəppəyinə oxşayan gədə-güdələrə ərə getdilər ki, düşünəndə adam prinsipial domino oyununda əldə qalan şeş-qoşa taleyi yaşamaq istəyir – dəxlsiz divarlara çırpılmaq.

Quymaq bənzətməsi isə, xeyli oğraşanədir. Demişdi axı, bizim küçəmizdə N qədər axmaq kadr var. Heç bilmirəm bunca əxlaqsız qocalar arasında necə belə tərbiyəli böyüdüm. Əl-əlbət burda nənəmin rolu danılmazdır.

Ertəsi gün axşamçağı yenə küçədə topalaşmışdıq. İdlar işdən qayıdırdı. Bizi görcək yaxınlaşdı. Heç salamlaşmadan gözlərini tez-tez qırparaq şəhadət barmağını qaldırıb mühazirəsinə başladı:

- Marağalı Əhvədi deyir, “bər qol əz ənbərkəməndi bəstei, Gerdi-mah əz mişk bəndi bəstei”. Yəni ki, gözlə görünməyib, iy üzvlərilə duyulan ətir maddiləşir. Gülü, burda gözəlin obrazını deyir şair. Gülü bürüyən, əhatə edən ətirli mühit kəmənd şəklində cisimləşdirilir. Ayın çöhrəsinə, gözəlin camalına mişkdən bənd vurulur, mişk qoxusundan pərdə çəkilir. Molla Pənah Vaqif yarın camalına “qabaq” deyir: “bulud zülflü, ay qabaqlı gözəlin, duruban başına dolanmaq gərək”. Dahi Füzuli isə həmin mənzərəni belə verir: “ey hərir içrə tənin mütləq bulur içrə gülab”. Onun ustadı Həbibi isə açıq-açığına bu cür ifadə edir: “Kafur əliylə dəstələnmiş ənbərin kəmənd”... Hamısında da gözəl xanım Əhvədinin təqdim etdiyi sənəm kimi ətir saçır...

Son sözlərini – “ətir saçırı” deyib barmağını endirdi. Daha doğrusu, barmaqları qarışıq əlini aşağı saldı. Sonra həmin barmağıyla burnunu qurdalayıb nəsə fikirləşdi. Heç nə əlavə eləmədən elə həmin əliylə də götünü qaşıya-qaşıya bizdən uzaqlaşdı.

Bu olaya Valodinin kommentarisi amansız oldu.

- Gicbəsərə bax, gedib bir vedrə suyla çimib arvadını qayırmır, Əhvədidən vələzzali oxuyur. Çurban!

Şəhriyar del Gerani
Şəhriyar del Gerani

Nə qədər xoşagəlməz olsa da, Valikin analizi dəqiq idi.

Bir neçə ay sonra qıy çıxdı ki, həkim xanım mühasib bəyi evdən qovalayıb. Səbəb isə müdhiş: evdə kişiylə tutub!

Bəli, belə hadisələr bizim küçəmizdə o qədər də fövqəladə deyil. Xanım gəlir evə və həyat yoldaşı kimi tanıdığı bəyi başqa kişiylə yataqda tutur. Ta hansı pozada tutulduğunu bilmədik. Adamın başının üstə Allah var, gərək haqqı da deyəsən, belə məsələlərdə bizim küçənin adamları olduqca xarakterikdirlər. Hər şeyi açıb-ağartmazlar. Bu barədə Valodinin şərhiysə həmişəki kimi özünəməxsus oldu:

- Şaiyə-filan deyil, adım kimi əminəm, məhz kişiylə mazaqlaşanda tutub. Doxtur mərd qadındı, qadınla tutsaydı, səssiz-küysüz ötüşdürərdi, o əbləhi məhz kişiylə tutub ki, dözməyib, qulağından tutub vızqırt eləyib bayıra. Postmodern müşk-ənbər koppoyoğlu!

Bu olayda mən biryolluq susmağı seçdim. Nənəm tapşırdı ki, nə badə bir kəlmə danışasan orda-burda. Dedim, arvad, narahat olma, nəyimə lazım?!

Özü isə düz beş ay evimizə gələn adamlarla ol sarsaq mövzuda hüdüləyib tökdü. Çox keçmədi tək yaşayan xanımın adına olmazın sözlər çıxartdılar. Hətta dedilər ki, Mazan müəllim idarəsində tibbi şöbə açıb doktoru həmin şöbəyə müdirə təyin etmək xülyasındadır. Nə deyirik, allah xeyir versin – bizə gələn qonşuların bu mövzuda son cümlələri birmənalı olaraq belə olurdu.

Müharibə bitdi, gedənlərin yarısı qayıtdı, yarısı qayıtmadı. Qayıdanların da yarısı bütöv qayıtdı, yarısı alayarımçıq. İndi o illərdən 21 il ötüb. Zarafat deyil. 21 ilin hekayətlərini danışdım sizə. Daha o küçədə, o evdə, o adamlarla yaşamıram. Daha o adamlara, o küçəyə, o evə məni heç nə bağlamır. Hamısı da salamatdı, hamısı da yaxşıdı.

Bircə qaranquş balalarından, qaranquş yuvasından savayı, heç nə dəyişməyib. O yerlərdən, o evdən yalnız bir ağrılı xatirə uzun-uzadı zamanlardı işğal edib beynimi.

Bu xatirənin psixoloji sarsıntısı zaman-zaman məni izləməkdə. Bu xatirə mənim uşaqlığımın, zehnimin, yaddaşımın tərkib hissəsi kimi yanaşı ömür sürür mənimlə. Bu xatirəylə baş-başa verib yerdə qalan ömrümü susaraq da yaşaya bilərəm...

“Əmim müharibədən təkayaq qayıtmışdı. Əvvəllər şalvarının ayaqsız tayını qatlayıb geyinərdi. Elə bil hansısa qüvvənin diktəsi inam yaratmışdı onda. Ki, itkin düşmüş ayaq nə vaxtsa qayıdıb gələ də bilər, bica yerə şalvarları zay eləmə.

Daha sonralar nə oldusa inamı sarsıldı, yavaş-yavaş barışdı bu itkiylə. Hər yeni şalvar aldığında dərziliyi qohum-əqrəbaya çit parçadan gecə tuman-köynəyi tikməklə mənimsəmiş arvadına səliqəli kəsdirərək geyinər, “artıq” hissəni qatlamağa da əziyyət çəkməzdi.

Bir gün məktəbdən qayıdanda gördüm evdə möhkəm səs-küy var. Həyətin bu başından açıq-aydın eşidilirdi ki, nənəmi kimsə özündən çıxardıb. Özü də əməlli-başlı. İlk ağlıma gələn adam Mazan müəllim oldu. Qaça-qaça götürüldüm evə sarı.

Pilləkəni dayça kimi tullanıb cumdum otağa. Gördüm yox əşşi, Mazan işi deyil. Sevgili nənəşimi gəlinimiz əsəbiləşdirib. Sən demə əmimin arvadı kəsdiyi şalvar ayağıyla pəncərələrin tozunu alırmış. Arvad da bunu görcək dəli olub.

Hönkürtü çırpıb deyinir: ilahi, bunu necə edə bilərsən axı? Necə əlin gəlir buna? Necə etdin bunu?

Gəlinimizsə baxışlarını ayağına dikib xımır-xımır ağlayır”.

Bu səhnə mənim müharibəylə ilk, sevgisi öləzimiş qadınla ikinci tanışlığım oldu.

Nənəm bu məsələdə çox həssas idi. O, illərdir oğlunun şalvarının kəsilmiş ayaqlarını səliqəylə ütüləyib qədimi, naftalin qoxulu taxta sandığında saxlayırdı...

XS
SM
MD
LG