Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 22:22

Amerika bankı manatla bağlı proqnozunu açıqladı


Manat
Manat

-

«Azərbaycan Mərkəzi Bankının manatın kursunu istənilən yolla sabit saxlamaq istəyi ona baha başa gəlib».

Amerikanın ən nüfuzlu banklarından biri «Bank of Amerika Merrill Lynch» Azərbaycan Mərkəzi Bankını manatın kursunu süni şəkildə stabil saxlamaq siyasətindən imtina etməyə çağırır.

Bu haqda Forex ProFinance Service məlumat yayıb.

Məlumatda deyilir ki, neftin qiymətinin kəskin düşməsi bir sıra milli valyutaların da dəyərdən düşməsinə səbəb olub. Kanada dollarından Norveç kronuna, Qazaxıstan tengəsindən Rusiya rubluna qədər bir çox valyutalar ABŞ dollarına nisbətdə dəyər itirib.

Belə vəziyyətdə mərkəzi banklar fərqli taktikalar tətbiq edirlər. Rusiya Mərkəzi Bankı rublun kursunu sərbəst buraxaraq strateji valyuta ehtiyatlarına dəyən zərbəni yumşalda bilib. Bu, həmçinin Rusiyanın neft şirkətlərinin maliyyə göstəricilərinə də müsbət təsir edib.

Avqust ayında neftin qiyməti 2009-cu ildən bəri ən aşağı həddə düşəndə, Qazaxıstan da Rusiyanın nümunəsi ilə gedib. Tengənin kursunu sərbəst buraxıb. Nəticədə qazax milli valyutası bir gündə 30 faizə yaxın dəyər itirib. Sonrakı aylarda da tengənin kursu zəifləməkdə davam edib.

EHTİYATININ 25 FAİZİNİ SƏRF EDİB

Lakin bütün bu baş verənlərin fonunda Azərbaycan manatının kursu dəyişməz qalıb. Azərbaycan Mərkəzi Bankı (AMB) fevral ayında qəfil devalvasiya həyata keçirdi. Bu, ixracın əsas hissəsini neftin təşkil etdiyi ölkəyə baha başa gəldi. Ancaq sonrakı müddətdə Mərkəzi Bank manatın kursunu strateji valyuta ehtiyatlarından bazara intervensiya etməklə sabit saxlayıb.

«Bank of America» qeyd edir ki, Azərbaycan manatın məzənnəsini qorumaq üçün öz ehtiyatının 25 faizini sərf edib. Lakin ABŞ bankı hazırkı vəziyyətdə bu siyasətin davam etdirilməsinin real olmadığını bildirib. Bank manata yenidən 30-35 faiz devalvasiya lazım olduğunu qeyd edib.

Belə bir proqnoz verərkən «Bank of America» iki amili - neftin qiymətinin düşməsini və qonşu ölkələrin milli valyuta məzənnəsinin enməsini nəzərə aldığını bildirib.

«İndiki situasiyada, neftin qiymətinin düşmə tendensiyasını davam etdirdiyi bir vaxtda bu monetar siyasətin davam etdirilməsi qeyri-real görünür. «Bank of America» hesab edir ki, Azərbaycan manatın kursunu dollara nisbətdə sabit saxlamaq siyasətini yaxın müddət ərzində dəyişməlidir: ya manatı yenidən 30-35 faiz devalvasiyasını həyata keçirməlidir, ya da Rusiya və Qazaxıstan kimi, sərbəst üzən məzənnə siyasətini tətbiq etməlidir»- məlumatda deyilir.

XS
SM
MD
LG