Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 02:39

Sadə vətəndaşın icra başçısından tələbi: Şəffaf olun


İstilik
İstilik

-

Nərimanov rayonu, Aşıq Molla Cümə küçəsi ev 7a, mənzil 18-də yaşayan Fərman Abdullayev AzadlıqRadiosunun «Qaynar xətt»inə danışır ki, icra hakimiyyəti təzə qazanxana tikməmiş, köhnəsini söküb. İndi Nərimanov rayonunun bu ərazisində yaşayan xeyli mənzillər istiliksiz qalıb:

«Bizim binaya istilik Aşıq Molla Cümə küçəsi ilə Heydər Əliyev prospektinin kəsişməsində yerləşən qazanxanadan verilirdi. Ötən yayda qazanxana Nərimanov rayon İcra Hakimiyyəti tərəfindən söküldü. Yeni qazanxana isə hələ də inşa edilməyib. Noyabrın 15-dən binalar istiliklə təmin olunmalıydı. Ay yarım ötüb, biz soyuqdan donuruq».

«ZƏNG ÇATMIR»

Fərman Abdullayevin narazılığı bununla bitmir. O,Nərimanov rayon İcra Hakimiyyətini daha ciddi məsələlərdə ittiham edir. Məsələn, qeyri-şəffaf fəaliyyət göstərməkdə... Deyir, ölkə başçısı dövlət qurumlarının şəffaf çalışmalarını tələb etsə də, onun tələbinə məhəl qoyan məmur yoxdur:

«Elə bil, dövlət başçısı bunları danladıqca, bunlar daha da qapalı fəaliyyətə keçirlər. Bir neçə il əvvəl Nərimanov rayon İcra Hakimiyyətinin saytında bütün əlaqə telefonları vardı. Zəng edib problemləri birbaşa deyə bilirdik. İndi isə saytda hər zaman faksa qoşulmuş bir telefon nömrəsi var. Faksa qoşulduğu üçün təbii ki, zənglər çatmır».

Sakin deyir, mətbuatdan oxuyub ki, Nərimanov rayon İcra Hakimiyyətinin başçısı son hesabatında rayon ərazisindəki abadlaşdırma və digər sahələrə 58 milyon manat sərf edildiyini deyib. Qurumun saytında bu qədər pulun konkret nəyə, necə xərcləndiyi barədə məlumat axtarsa da, tapa bilməyib.

TƏZƏ QAZANXANA TİKİLƏCƏK...

Sakin qurumu əhali ilə görüşlər keçirməməkdə, əhalinin problemlərini, istəklərini, təkliflərini öyrənməməkdə qınayır.

Nərimanov rayon İcra Hakimiyyətindən bildiriblər ki, köhnə qazanxana Sovet hakimiyyəti dövründən qalıbmış. İstismar müddətini başa vurduğuna görə söküblər. Yaxın vaxtlarda müasir standartlara cavab verən yenisinin tikintisinə başlanacaq və qısa müddətdə başa çatdırılacaq.

«Əhali ilə görüşlərə gəlincə, icra hakimiyyətinin başçısı tez-tez görüş, qəbul keçirir. Vətəndaşlar üçün heç bir məlumat gizli deyil, istədikləri məlumatı müraciət edib ala bilərlər. Saytımızda isə yenilənmə işləri başa çatdıqdan sonra istədikləri məlumatı tapa biləcəklər», - icra hakimiyyətindən bildirilib.

XS
SM
MD
LG