Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 22:24

Bayram yarmarkaları devalvasiyadan sonra


Yarmarka
Yarmarka

-

- Kartofu Gədəbəydən gətirmişəm, öz malımdır deyə, əvvəlki qiymətdir. Soğanı burdan aldığım üçün qiyməti dəyişib. Əvvəlki qiymətdən 10-12 qəpik fərqi var. Nə qədər çox alsanız, yaxşıdır. Bir də görəcəksiz ki, 1 manat 50 qəpik olub.

- Yox, bundan sonra qalxmaz artıq. Deyirlər, bir az səbirli olun, qiymətlər düşəcək.

Satıcı ilə alıcının bu söhbətini bu həftə bayram münasibətilə təşkil olunan kənd təsərrüfatı məhsullarının satış yarmarkasında eşitmək olar.

«Yarmarkada vəziyyət çox pisdir. Hər şey çox bahadır».

Bunu isə alış-veriş edən Afaq xanım deyir:

«Yumurta 32 qəpiyədir. Keçən həftə kənd yumurtasını 20 qəpiyə almışdım».

«YAZIQ KASIB-KUSUBUN CANI ÇIXIR»

Dekabrın 21-də manat ikinci devalvasiyaya uğrayandan sonra ərzaq mağazalarında yaranmış qələbəliyi burada da görmək olur.

Yarmarka
Yarmarka

Satıcı Əli Məmmədov deyir ki, yerli məhsulların qiymətində artım yoxdur:

«Ola bilər ki, xaricdən gətirilən məhsulların qiymətində müəyyən qədər fərqlilik olsun. Bundan da çıxış yolu var. Alıcılar öz məhsulumuzu alsalar, bu artım onlara təsir etməz».

Digər bir satıcı İlham Qulamlı fərqli düşünür. O hesab edir ki, qiymətlərdə artım var:

«Qiymət artımı, istər-istəməz, kənd təsərrüfatı məhsullarında da özünü büruzə verir. Yazıq kasıb-kusubun canı çıxır. 5 qəpik pul qazanırdıq, bu da boğazımızdan kəsilir».

İrandan mal gətirib satan Əhliman Kazımov da qiymətlərin dəyişmədiyini deyir:

«Amma bundan sonra gedib oradan nəsə gətirməyə dəyməz. Elə əlimdə nə var, onu satıb qurtarsam, şükür edərəm».

«BU QİYMƏTLƏ DOLANMAQ OLAR»

Alıcı Aslan dayı isə deyir ki, manatın devalvasiyasından sonra yarmarkadakı vəziyyəti öyrənməyə gəlib:

Yarmarka
Yarmarka

«Hay-küyə baxanda, şükür, yaxşıdır. Bu qiymətlə dolanmaq olar. Keçən həftəki qiymətlərlə indikini müqayisə edəndə, 10-20 qəpik fərq edir, elə məhsul da var 30 qəpik artıb. Mən qorxurdum ki, pis olar. Amma yaxşıdır, dözmək olar».

Qiymətlərə baxıb, «gör nə günə qaldıq» deyir Qızbəs xala:

«Meyvə-tərəvəzin eləsi var bahadır, eləsi də var ki, qiyməti yaxşıdır. Meyvələrdə qiymət artımı yoxdur. Bahalaşma daha çox yumurtada hiss olunur. Onsuz da ildə bir dəfə yumurta bahalaşır. Səhv etmirəmsə, keçən il bu vaxt da bahalaşdırılmışdı».

Yarmarkada alıcılar daha çox soğanın və yumurtanın qiymətindən gileylənirlər. Yumurtanın bahalanmasından narazı Elmira xanım da yada salır ki, hər il bu vaxt yumurta qıt olur:

«Amma ən çox başqa ölkədən gətirilən məhsulların qiyməti qalxıb. O məhsulları baha satırlar. Özümüzünkülər yaxşıdır, yola verir».

Yeni il bayramı ilə əlaqədar Bakı və Sumqayıtda açılan kənd təsərrüfatı yarmarkaları dekabrın 26-dan 31-dək davam edəcək. Təşkilatçılar bildirir ki, məqsəd əhalinin kənd təsərrüfatı və ərzaq məhsulları ilə təminatının yaxşılaşdırılması, bazarlarda qiymətlərin süni artımının qarşısını almaqdır.

XS
SM
MD
LG