Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 10:57

N.Nərimanov. Filankәs mәnim bibim nәvәsini öldürüb, mən də gərək...


Nəriman Nərimanov
Nəriman Nərimanov

-

"Bәli, filankәs mәnim bibim nәvәsini öldürübdür, mәn onun qardaşını gәrәkdir "mәlәdәm" deyib dә, başına "cürlәr", kömәkçilәr toplayır..."

Nəriman Nərimanov

Həftənin fəryadı

(ixtisarla)

"Fikrinizdәki doğru dilinizdә olursa, dәrinizә saman tәpәrlәr". Bu sözlәri dә biz atalar sözü vә mәsәllәrin cәrgәsindә qoymaq istәyiriz.

Siz deyәcәksiniz: belә "atalar sözü" yoxdur, biz eşitmәmişik. Bizim eşitdiyimiz "doğru söylәyәni doqquz kәnddәn qovarlar"dı ki, osmanlılarda zәrb-mәsәldir. Biz deyәcәyiz, nә olur әfәndim, bir mәsәl dә biz uydursaq, böyükmü xәta olur?..

İndi ermәni-müsәlman davası qurtarır!.. Boş durmaqdan fayda yoxdur... İndi bizә "adam gәrәk deyil"... ölünüz! Öldürünüz! Sonra belә fürsәt әlә düşmәz, yenә başımız qarışar...

Bu әhvalat bir qeyri mәsәl dә törәdir: "Nә tökәrsәn aşına, o çıxar qaşığına".

Rusiyada tәlәbәlәrimiz elm tәhsil edirlәr, axırda ana dilinin lazım olmamağınımı anlayırlar?

Bәli, filankәs mәnim bibim nәvәsini öldürübdür, mәn onun qardaşını gәrәkdir "mәlәdәm" - deyib dә, başına "cürlәr", kömәkçilәr toplayır....

Camaatımız isә bağda, kontorlarda, mağazalarda, otaqlarda papiros, ya qәlyan damaqlarında oturub söhbәt edirlәr. Qatillәrin "igidliklәrindәn" dәm vurub, axırda "nә tökәrsәn aşına, o çıxar qaşığına" mәsәli ilә kәndilәrini rahat edirlәr....

"Nә etmәk? Vurma, vurulma!" Bәli, bu sözlәr ilә camaat rahat olur, fәqәt keçәn hәftә bir yetim qızın sözlәrini bu camaat düşünsә idi, yәqin ki, bәdbәxt qətllərə bir "sәrәncam çәkәrdilәr".

Bu balaca yetimçә "atamı istәyirәm" deyib kişilәrin gözlәrinә baxırdı. Deyәsәn, istәyirdi desin: "atamı "sizdәn", "siz camaatdan istәyirәm", nahaq yerә canlar puç olur. Camaat isә bu yetimlәrә cavab vermәyib, başlarını aşağı salır, "ağlayır".

Nә olardı bu yetimçәlәr әl-әlә verib camaatdan kәndi atalarını istәyә idilәr! Bәlkә әsil günah kimdә olmağı dәxi dә aşkar ola idi...

O vaxt ürәklәri yanıb boş söhbәt etmәkdәnsә, "iyidlәrin" qoçaqlığından, qoçuluğundan dәm vurmaqdansa, bәlkә qeyrәtә gәlib bu böyük bәladan millәti xilas edәlәr, bәlkә qeyri millәtlәri bizim üstümüzә güldürmәyәlәr, "ağlatmayalar".

Yoxsa ümidinizi hökumәtә tutubsunuz? Ay bәdbәxtlәr! Yenәdәmi sizә quyu qazanları tanımırsınız? Gözünüzün qabağında olan әhvalatları görmürsünüzmü? Ya qәzetlәri oxumursunuz? Ya oxuyub da anlamıyırsınız?

Yәqin ki, anlamırsınız. Anlamayanda oxumağınızdan nә hasil? "Oxuduğunu söylәmә, anladığını söylә" mәsәlini eşidibsiniz ki? Bu çox gözәl mәsәllәrdәndir.

Hәqiqәt hal, tәlәbәlәrimiz dә iyirmi il "dizlәrini yağır" edirlәr. Anladıqları nә olur? "Şikayәtmi?" Tәharәtmi? Rusiyadakı tәlәbәlәrimiz elm tәhsil edirlәr, axırda ana dilinin lazım olmamağınımı anlayırlar? "Yarımçılıqlar" müәllimlәrinin özlərinin "yarımçılıq" olmaqlarını anlamırlar?

İsa peyğәmbәrin tәvәllüdünә 424 il qalmış filosof Sokrat fikrindәki sözlәri dilinә aldığı üçün zәhәrlәndi, fikri yolunda qurban oldu getdi... Eyni səbəbә görә vәtәndaşlarımız mәşhur vә fazil qraf Tolstoyu kilsәdәn qovdular, tәrd etdilәr.

Zәmanә filosofu xristianlara nә yamanlıq etmişdi, ya edir? Lev Nikolayeviç 1861-ci ildәn bu günәdәk xristianları daha düz yola dәvәt edir, "Siz әsl xristianlığı puç edirsiniz, İsanın sözlәrini anlamırsınız" sözlәrini yazır isә dә, "xristian hamilәri" ona "kafәr" deyirlәr....

Hörmәtli qraf axırda "Mәnim mәzhәbim nәdәn ibarәtdir" ünvanlı bir gözәl kitab yazıbdır. Qrafın әqidә cәhәticә hamı әfkarı bu kitabdadır, din vә mәzhәb barәsindә, xüsusәn xristianlıq barәsindә gözәl mәtlәblәr hәll edir.

"İslam öz ehkamına tabe olanlara müәyyәn bir yol göstәrdi, lakin "xristian hamilәri" nә qoydular? İsanın dininә tәğyir verib, özlәrindәn tәzә din düzәltdilәr...."

Görәsәn, cәnab qraf belә mәtlәblәri yazıb islamın bir müәyyәn yol qoymağını biz islamın әmәllәrinә baxıb yazır, yainki Quran, mәscidi nәzәrindәn keçiribdir, elә dә gәrәk olsun, yoxsa hal-hazırda bizim әmәllәrimizdә nә bir islam nişanәsi var ki, onu görüb belә islama qüvvәt verәn bir mәtlәb yazsın?..

Biz biçarә "üç cüt, bir tәk" oxumuşların da canları hәlә yaxşı qurtarır. Biz fikrimizdәkini dilimizә alanda üzümüzә lәnәtlәr yağır, canımız belә qurtarır. Nә etmәk? "Bu lәnәt" Tripovların patronlarından, durnovoların qazamatlarından yaman deyil ki, bu "vәtәn hamilәri" hürriyyәti boğdularsa, siz "islam hamilәri" dә fikrimizdәkini dilimizә alanda boğursunuz!

XS
SM
MD
LG