Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 11:01

Hökumət böhran büdcəsinə keçə bilər


Büdcə
Büdcə

-

«Yeni Müsavat» qəzeti yazır ki, neftin qiymətinin 35 dollardan aşağı düşməsi hökuməti böhran büdcəsi haqqında düşünməyə vadar edə bilər. 2016-cı il üçün proqnozlaşdırılan dövlət büdcəsində neftin qiyməti 50 dollardan götürülsə də, hazırda dünya bazarında «qara qızıl»ın dəyəri 35 dollar civarındadır. Bəs neftdən daxilolmaların azalması büdcədə nəzərdə tutulan xərcləmələrin tam şəkildə həyata keçirilməsinə imkan verəcəkmi?

Qəzet yazır ki, büdcə proqnozlaşdırılarkən dollarla daxil olan neft gəlirləri 1.05 manat kursu ilə hesablanırdı. Manatın devalvasiyası isə bu gəlirləri avtomatik olaraq 50 faiz artırdı və beləcə büdcə gəlirləri manatla ifadəsində 50 faiz artmış oldu.

«Lakin bu faktın özü də büdcənin tam reallaşması üçün əsas sayılmır. Hökumət böhran büdcəsi ilə bağlı qeyri-rəsmi göstərişlər verməkdədir», -qəzet yazır.

İqtisadçı-ekspert Azər Mehdiyev «Yeni Müsavat»a bildirib ki, hökumət şişirdilmiş idarəetmə strukturlarında ciddi şəkildə ixtisarlar aparmaqla bu xərcləri minimuma endirməlidir: «Hökumətin hazırda atmalı olduğu iki vacib addım var. Bunlardan birincisi, son zamanlar manatla və iqtisadi böhranla bağlı baş verən sosial gərginliyin artmasının qarşısını almaq, əhalinin az gəlirli təbəqələrinə kompensasiyaların verilməsidir. Çünki hazırkı proseslər ölkədə yoxsulluq səviyyəsini də artıracaq ki, bu da həmin sosial sahəyə əlavə vəsaitlərin yönəldilməsini tələb edir. Bu halda büdcəyə yenidən baxılması və sosial məqsədlər üçün əlavə vəsaitlərin verilməsinə ehtiyac var. Büdcədə investisiya xərclərini ixtisar etmək də hökumət üçün çətin addımdır. Çünki bu sahədə baş verən dəyişikliklər dolayısı ilə iş yerlərinin ixtisarına, vergilərin azalmasına aparıb çıxarır. Bu da dolayısıilə büdcə gəlirlərini azaldan amildir. Bu baxımdan investisiya xərclərinin azaldılması yenidən büdcəyə zərbə vurur».

Depressiya
Depressiya

AZƏRBAYCANDA DEPRESSİYA «GƏNCLƏŞİR»

Azərbaycanda əhali arasında depressiya halları artır, «gəncləşir». Bunu Trend-ə Azərbaycan Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzinin direktoru, Azərbaycan Tibb Universitetinin Psixiatriya kafedrasının professoru Fuad İsmayılov deyib.

Depressiya hallarının «gəncləşmə»sinin bütün dünyada müşahidə olunduğunu deyən F.İsmayılov əlavə edib ki, əvvəllər depressiya yaşı 30-dan çox olan insanlar arasında yaranırdı. Ancaq indi depressiya hallarına gənclər arasında çox rast gəlinir.

F.İsmayılov deyir ki, Azərbaycanda hər il əhalinin 10-15 faizi depressiyadan əziyyət çəkir: «Bütün dünyada olduğu kimi, Azərbaycanda da yeniyetməlik dövrünə qədər olan uşaqlar arasında depressiya üzrə göstərici 2-4 faiz, yeniyetməlik dövründən yaşı 18-dək olan uşaqlar arasında depressiya halları isə 8 faizdir. Yəni hər 100 yeniyetmədən 8 nəfəri depressiyadan əziyyət çəkir».

Ata Holdinq
Ata Holdinq

«ATASIZ» HOLDİNQLƏR NECƏ MƏNFƏƏT ƏLDƏ EDƏ BİLƏR?

«Hökumət özünütəkziblə məşğuldur. Bir tərəfdən sürətli inkişafdan danışırlar, o biri tərəfdən iflas açıqlamaları verirlər. Hətta belə məlum olur ki, neftin qiymətdən düşməsindən əvvəl də iri holdinqlər zərərlə işləyirmiş». - «Azadlıq» qəzeti yazır.

Məqalədə 2014-cü ili «AtaHoldinq» ASC-nin 2 milyon 229.8 min manat, «Synergy Group» ASC-nin isə 66 milyon 563.1 min manat zərərlə başa vurması təhlil olunur: «Hər iki holdinq ayrı-ayrılıqda 25-dək şirkətdə pay sahibidir. Bu şirkətlərin bir çoxu təmsil olunduğu sektorda lider mövqeyə yiyələnib. Maraqlı burasıdır ki, hər iki şirkət hakim ailəyə yaxınlığı ilə seçilir və ölkənin ən böyük holdinqləridir. Belə məqamda sual meydana çıxır ki, niyə ölkənin ən böyük holdinqləri zərərlə işləyir? Hakim ailənin nəzarətində olan şirkətlər zərərlə işləyirsə, xırda sahibkardan hansı əsasla ödənişlər tələb edilir?

Necə olub ki, zərərlə işləyən holdinqlər 25 şirkətdə pay sahibi olub? Axı bu holdinqlərdə 100-lərlə insan çalışıb, külli miqdarda xərclər olub və s. Belə çıxır ki, bu şirkətlərin yaradılması pul silmək, oğurlanan pulları bölüşdürmək, görüntü yaratmaq üçün imiş?».

İlham Əliyev və Barack Obama
İlham Əliyev və Barack Obama

OBAMA-DAN MƏKTUB VAR...

«Azərbaycan bölgədə sabitliyin və təhlükəsizliyin qorunmasında əsas mövqe sahibidir».

«Azərbaycan» qəzeti eyniadlı məqalədə ABŞ prezidenti Barack Obama-nın azərbaycanlı həmkarı İlham Əliyevi Amerikaya dəvət etməsindən yazır.

Yazı müəllifi qeyd edir ki, İlham Əliyevin bu il ABŞ-da keçiriləcək IV Nüvə Təhlükəsizliyi Sammitinə dəvət olunması Azərbaycanın dövlətçiliyinə verilən qiymətdir: «Bu sammit dünyanın nüfuzlu dövlətlərinin rəhbərlərinin təhlükəsizliklə bağlı mövqelərini öyrənən xüsusi əhəmiyyətli bir tədbirə çevrilib. ABŞ prezidenti Barack Obama tərəfindən Azərbaycan prezidentinə dəvətin göndərilməsi ölkəmizin beynəlxalq aləmdə qazandığı yüksək nüfuzdan xəbər verir. Bu, Azərbaycanın beynəlxalq aləmdə təhlükəsizliyə verdiyi töhfənin qiymətləndirilməsidir».

«Azərbaycan» yazır ki, dünya miqyasında əsas enerji mənbələrinə nəzarət uğrunda rəqabətin gücləndiyi indiki şəraitdə Azərbaycanın bu sahədə öncül mövqelərə çıxması faktı danılmaz reallıq kimi diqqəti çəkir: «Son 12 ildə iqtisadi yüksəliş və demokratikləşmə xəttini milli inkişafın dəyişməz formulu kimi önə çəkən dövlət başçısı İlham Əliyev respublikamızın qlobal siyasi arenada müsbət imiclə tanınmasını, regional və beynəlxalq iqtisadi əməkdaşlıq mərkəzinə çevrilməsini təmin edib».

XS
SM
MD
LG