Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 20:42

Neft 2 faiz də ucuzlaşıb, 32.66 dollar oldu


Netf buruqları, Cisco, Texas
Netf buruqları, Cisco, Texas

Bazar ertəsi – yanvarın 11-də xam neftin qiyməti 2 faiz düşüb. Bu arada Çində iqtisadi artımın yavaşıması tələbin yüksəliş perspektivini azaldır. Treyderlər bazarın dirçələcəyinə ümidləri itirir, qiymətin daha da düşəcəyəni proqnozlaşdırırlar.

Reuters informasiya agentliyi yazır ki, yanvarın 11-də GMT vaxtıyla 03:19-da Brent neftinin barreli 89 sent, 2.6 faiz düşərək 32.66 dollar olub. Qərbi Texas nefti isə (WTI) 2.3 faiz ucuzlaşıb, 32.39 dollar olub.

Ötən həftə müvafiq qiymətlər 10 faizdən çox düşmüşdü. Goldman Sachs barrelin 20 dollaradək düşəcəyini proqnozlaşdırır. Təhlilçilər ötən cümə günü bildiriblər ki, birinci rüb üçün davamlı aşağı qiymətlərin saxlanmasına ehtiyac var ki, «istehsalçılar 2016-cı il üçün büdcədə barreli 40 dollara uyğunlaşdıra bilsinlər».

Dünyada neft qiymətlərinə aid karikatura
Dünyada neft qiymətlərinə aid karikatura

2014-cü ilin ortalarından qiymətlər 70 faizdən çox düşüb. Bazara aşırı təklifdən əlavə tələb də azalıb. Özəlliklə, Çində artım ən aşağı həddə düşüb və ekspertlər gələn bir neçə il üçün irəliləyiş əlamətləri görmürlər.

Çinə görə Asiyada səhmlərin qiyməti düşür

Bazar ertəsi Çində və Asiyanın digər səhm bazarlarında indekslər düşüb. Səbəb Wall Street-də kəskin eniş və Çinin iqtisadi idarəçiliyi sarıdan şübhələrdir.

Associated Press agentliyi yazır ki, Şanxay İndeksi 2.4 faiz düşərək 3,109.65, Honq Konqun Hang Seng indeksi 2.5 faiz düşərək 19,945.45-yə bərabərləşib. Sidneydə S&P/ASX 200 vahid - 1.2 faiz itirib. Seulda Kospi isə 1 faiz düşərək 1,901.17 olub.

Çində iqtisadiyyatın yavaşıması sarıdan narahatlıq ABŞ indekslərini də ucuzlaşdırıb. Boeing, Apple kimi Çində böyük işlər görən şirkətlərin səhmləri də düşüb. Cümə günü ABŞ-da nisbətən sağlam işsizlik hesabatının yayılmasına baxmayaraq, belə bir düşüş qeydə alınıb.

Əksər təhlilçilərin fikrincə, qiymətlərin özünə gəlməsinə çox var...

QİYMƏTLƏR ÇƏTİN ÖZÜNƏ GƏLƏ

«Bir müddət qlobal aşırı təklif məsələsi qiymətə təsirini göstərdi. Hazırda isə bazarda Çində iqtisadi artım sarıdan qorxu dolaşır», bunu «Wall Street Journal»a OCBC-nin təhlilçini Barnabas Gan deyib. «Satış daha çox emosiya və panikaya əsaslanır».

Qəzet yazır ki, əksər təhlilçilərin fikrincə, qiymətlərin özünə gəlməsinə çox var. Daha nikbinlər isə sabitləşməyə inanırlar.

«Ötən həftə ABŞ-da yayılmış, iş yerləri ilə bağlı güclü hesabat qiymətlərin saxlanmasına kömək etməlidir», Phillip Futures şirkətindən təhlilçi Daniel Ang deyir. Ancaq o, eyni zamanda dolların güclənməsinin xam neftin bahalanması yolunda əngəl olacağını da sözlərinə əlavə edir.

OPEC-in (Organization of the Petroleum Exporting Countries) loqosu
OPEC-in (Organization of the Petroleum Exporting Countries) loqosu

NEFT BİR DAHA 100 DOLLAR OLMAYA BİLƏR

Niyə? Bu suala «fool.com» saytı cavab tapmağa çalışır.

Müəllif yazır ki, OPEC, böyük neft şirkətləri və Amerikada şist nefti çıxaranlar neftin barelinin 100 dollara qalxmasını gözləyirlər ki, mümkün qədər çox qazansınlar. Ancaq neft heç vaxt 100 dollara qalxmaya bilər.

«OPEC bir daha 100 dolların yaratdığı fəsadları istəmir. Bunun mənfi nəticələri çoxdur: ABŞ istehlakçısı daha az neft işlədir, ABŞ şirkətləri daha çox neft istehsal edir və ABŞ OPEC-dən daha az neft idxal edir».

«OPEC 2010-2014-cü illərdə barreli 100 dollarda saxlamağa imkan verdi, bazara yeni rəqiblər daxil oldu, məhsula tələb azaldı və özünü küncə sıxışdırılmış gördü. OPEC bir daha həmin səhvi təkrarlamaz».

Neft ona görə 35 dollara düşdü ki, bazara gündə tələbdən əlavə 1-2 milyon barrel neft çıxarılmağa başladı...

Yazıda vurğulanır ki, OPEC texnologiya şirkətlərinin və avtomobil istehsalçılarının neftdən vaz keçən yeni məhsullar hazırlamaq niyyətindən də narahat olmalıdır, bu, tələbi daha da azalmış olur. Neft ona görə 100 dollardan 35 dollara düşdü ki, bazara gündə tələbdən əlavə 1-2 milyon barrel neft çıxarılmağa başladı. Neftin qiymətləri tələb dəyişiklikləinə çox həssasdır və OPEC müştərilərinin elektrik və hidrogenlə işləyən maşınlara üz tutmasına yol verə bilməz, yoxsa qiymətlər ötən ildəkində də çox düşə bilər. Tesla, Ford, Toyota, Google əsas enerji mənbəyi kimi neftə ehtiyac duymayan maşınlar hazırlayırlar.

«Məncə, gələn iki il ərzində OPEC neftin 60-80 dollara qalxmasına icazə verəcək, ancaq yeni istehsalı həvəsləndirməməyə çalışacaq. Uzaq perspektivdə isə, daha təmiz texnologiyalar neftə ehtiyacımı azaldacaq. Bütün bunlara nəzərə alsaq, barrelin 100 dollar olduğu günlər geri qaldı. Bu da kiminçünsə pis, kiminçünsə yaxşı xəbərdir», müəllif yazır.

XS
SM
MD
LG