Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 23:49

«Hökumət özünü heç nə olmamış kimi aparır»


Məhəmməd Talıblı
Məhəmməd Talıblı

-

Prezident sərəncamı ilə təqaüdçülərin pensiyasının baza hissəsi, bəzi sosial müavinətlər artırılıb. Manatın dollara nisbətdə iki dəfə ucuzlaşması fonunda ərzaq və qeyri-ərzaq məhsullarında kəskin bahalaşma müşahidə olunur. Pensiyaçıların təqaüdünə və sosial müavinətlərə edilən bu artım onları bahalaşmanın cəngindən qurtara bilərmi?

İqtisadçı Məhəmməd Talıblı AzadlıqRadiosuna bildirir ki, bir neçə gündür rayonlarda baş verən aksiyalar camaatın sosial vəziyyətinin yaxşı olmadığını göstərir:

- İkinci devalvasiyanın təsirləri, onun doğurduğu fəsadlar adamların həyatına əhəmiyyətli dərəcədə təsir edib. Bəzi ərzaq və qeyri-ərzaq məhsullarında kəskin qiymət artımı var. Vətəndaşlar istehlak etdikləri məhsullara əvvəlkindən daha artıq pul xərcləməlidirlər. Pensiyaların baza hissəsinin isə 10 faiz artırılması bazardakı qiymət artımına adekvat deyil. Düşünmürəm ki, bazardakı qiymət təzyiqi fonunda artırılan bu vəsaiti pensiyaçılar öz ciblərində hiss edə bilsin, 10-20 manatlıq artım onların həyatına təsir etsin. Üstəlik, ölkədə aztəminatlı digər əhali qrupu var, müəllimlər, həkimlər, büdcə təşkilatlarının işçiləri var. Pensiyaya, maaşa azı 50 faizlik artım edilməsi bəlkə artan qiymətlərlə ayaqlaşardı.

- Bəs başqa hansı addım atılmalı idi?

- Düşünülmüş ünvanlı və səmərəli sosial siyasət həyata keçirilməli idi. Məqsəd vətəndaşları bazardakı artan qiymətlərin ağır təzyiqindən qorumaq olmalı idi. Bununla yanaşı, qiymət artımına əsas gətirən amillər aradan qaldırılmalı idi. Bu zaman insanların narazılıqları aradan qalxa bilərdi.

- Məhəmməd bəy, dünya bazarında neftin qiyməti düşür. İran neftinin də yaxın günlərdə bazara daxil olması və bunun qiyməti daha da ucuzlaşdıracağı gözlənilir. Neft gəlirlərinin kəskin azalması fonunda Azərbaycan hökumətinin böhran konsepsiyası görünürmü?

- Ötən il büdcə təsdiq olunanda, neftin büdcəyə təsiri qiymətləndirilməli idi. Yəni optimist, pessimist və realist istiqamətlərə uyğun 3 ssenari ortada olmalı idi. Neftin qiyməti düşəcəksə, ölkədə hansı addımlar atılacaq, bu, müəyyənləşməli idi. Azərbaycan büdcəsi iri gəlirlərə və xərclərə öyrəşib, indi mədəsini kiçildə bilmir. Ona görə də struktur islahatlarına gedilir, işçilər ixtisara gedir. Dünya bazarı neftin qiymətinin 20 dollar olacağını hesablayır, Azərbaycan hökuməti ölkəni neftin 20-25 dollar olacağı fonunda belə idarə etməyə hazır olmalı idi. Amma biz görürük ki, heç neftin qiymətinin 30 dollar olduğu bir vaxtda belə buna hazır deyillər. Üstəlik, çox ciddi problemlər yaranıb. Qeyri-neft sektorunun inkişafı antiböhran proqramının əsas istiqaməti olmalıdır. Ancaq çox təəssüf ki, bizim hökumət özünü heç nə olmamış kimi aparır.

XS
SM
MD
LG