Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 11:00

Mübahisə mədəniyyəti yoxdur. Keçirlər bədən əzalarına görə təhqir etməyə


Orxan Adıgözəl
Orxan Adıgözəl

-

"Bir müddət əvvəl əlil arabasından istifadə edən bir neçə nəfər bölgələrdən birindən səfərə çıxıb, Bakıda Fəxri xiyabanda Heydər Əliyevin qəbrini ziyarət etməyə gəlmişdi... "


Orxan Adıgözəl

Mübahisə mədəniyyəti

Əsəb - qaraciyəri, Kədər - ağciyərləri, Qorxu - böyrəkləri, Həddindən artıq düşüncə və narahatlıq - dalağı, Nifrət və inciklik - ürəyi yorar... "Maşallah", bu ünsürlərin hamısı boldur cəmiyyətimizdə.

Faktiki bu gedişlə mənfi aqibətlə rastlaşa bilərik. Bunu "ağsaqqallıq" və ya hərşeyşünasların məsləhəti kimi anlamayın, amma "insanlarımız hökümətin bizə bəxş etdiyi “bir-birini didmək” azadlığından" maksimum yararlanırlar.

İkinci devalvasiyadan sonra ölkəmiz Birinci Dünya Müharibəsindən çıxmış depressiv və ümidsiz Avropanı xatırladır. Bu vəziyyətə gətirib çıxaran səbəbləri yazmaq fikrim yoxdur. Cəmiyyəti içəridən çürüdən bir komponent haqqında yazmaq istəyirəm.

Bir çox hallarda ozünüz də yaxşı müşahidə etmisiniz ki, əksər insanlar özünü bütün məsələlərdə haqlı hesab edir. Onlara görə kənardakılar hamısı səhvdir. Həmişə bütün söhbət və mübahisələrdə ən haqlı özləridilər.

Bruce Lee demişdi ki, bütün böyük müəllimləri bir otağa toplayın və onlar hər şeydə bir-biri ilə razılaşacaqlar. Onların şagirdlərini bir yerə toplayın və onlar hər şeydə bir-biri ilə mübahisə edəcəklər.

Məsələni bir az da genişləndirim. Şəxsən elə hesab edirəm ki, mübahisə etmək insana verilən ən yaxşı qabiliyyətlərdən biridir. Ümumiyyətlə, mübahisə və polemikanı sevirəm. Mübahisə insanın həyatdakı qətiyyətliliyinə də müsbət təsir edir.

Təbii ki, söhbət sağlam mübahisədən gedir. Xəstə mübahisə odur ki, hər hansı bir mövzu barədə mübahisə edirsənsə arqument qıtlığı yaşadığın və ya elə yaşamadığın təqdirdə avtomatik keçirsən şəxsi hücuma.

Həqiqəti axtaran adam heç vaxt öz dediklərini yeganə həqiqət saymaz

Məsələn, kiminləsə çox çörək yeməyin ziyanı haqqında mübahisə yürüdürsən və öz fikrini qarşı tərəfə çatdıra bilməyəndə keçirsən onu bədən əzalarına görə təhqir etməyə.

Bu da mübahisəni şəxsi müstəviyə gətirib çıxarır. Həmin proses də məhz qərəzdən və mübahisə mədəniyyətinin olmamasından xəbər verir.

Bir müddət əvvəl əlil arabasından istifadə edən bir neçə nəfər bölgələrdən birindən səfərə çıxıb, Bakıda Fəxri xiyabanda Heydər Əliyevin qəbrini ziyarət etməyə gəlmişdi. Onlardan biri bunu sosial mediada paylaşaraq, altında bunun əlilliyi olan idmançıların ümumi inkişafına aid nəsə xeyirli bir şey olduğunu vurğulayırdı.

Bu əməllərinə görə onları tənqid etmişdim və iddialarının əsassız olduğunu demişdim. Onlar isə polemikanı şəxsi müstəviyə gətirib çıxarmışdılar. Mənə qarşı yazdıqları isə isə şəxsi geyimimdə istifadə etdiyim aksessuardan tutmuş, Facebook-da zarafata yazdığım statuslara qədər, məsələyə dəxli olmayan şeylər idi. Guya onlar öz təbirlərincə nəsə ciddi arqument gətirmək istəyiblərmiş. Onlara verdiyim cavab barədə də yazmaq fikrim yoxdur.

Bir çox hallarda Avropadan olan yoldaşlarla mübahisəm və polemikam düşüb. Uzun-uzadı çəkən mübahisələrin sonunda heç kim bir-birindən inciməyib. Mübahisə elə oturduğumuz stulda qalıb. Çünki heç birimiz mübahisə anında şəxsi hücuma keçməmişik.

Bu, Avropada çoxdan formalaşmış bir mədəniyyətdir. Bunu azyaşlıların içində də görmüşəm. Onlar uşaqlıqdan normal mübahisə edir, sağlam şəkildə öz fikirlərini çatdırmağa çalışırlar. Uşaqlar da məhz öz valideynlərindən görüb öz həyatlarında onu tətbiq edirlər.

Bizdə isə yetkin insanlar normal mübahisə aparmaq qabiliyyətinə malik deyillər. Mübahisənin beşinci-onuncu dəqiqəsindən sonra artıq təhqirə keçirlər. Uşaqlar belə böyüklərdən nə görüb götürəcəklər axı? Hər şey göz qabağındadır. Biz bunu televiziyadakı verilişlərdə də, sosial şəbəkələrdə də və real həyatda da görürük.

Mübahisə fikirlərin, mövqelərin kəsişməsidir. O zaman tərəflər öz mövqeyini müdafiə edərək rəqibin dəlillərini təkzib etməyə çalışırlar.

Mübahisələr çəkişmədə qalib gəlmək, söz ustalığı, şəxsi ambissiyaları təmin etmək üçün deyil, ehkamlardan ayrılıb obyektiv həqiqətin tapılması üçün aparılmalıdır.

Həqiqəti axtaran adam heç vaxt öz dediklərini yeganə həqiqət saymaz, rəqibinə qəzəblənməz və təkəbbürlü göstərməz. Həqiqət rəqibində varsa onu qəbul etmək lazımdır.

Düzdür, hamı həqiqətin araşdırılmasını istəmir. Çox vaxt buna insanların bilikləri, səviyyəsi və tərbiyəsi imkan vermir. Ona görə belə nadan insanlarla mübahisədən qaçmaq lazımdır.

Xatırladım ki, mübahisənin dörd çeşidi var.

  1. Polemika - hansısa konkret sahədə (siyasətdə, incəsənətdə, dində, fəlsəfədə və s.) aparılan söz və fikir çəkisməsidir.
  2. Diskussiya - çəkişməyə səbəb olan hansısa məsələnin müzakirəsidir.
  3. Disput - elmi mövzular üzrə tamaşaçılar önündə açıq çəkişmələrdir.
  4. Debatlar - tərəflərin üçüncü tərəfi (hakimləri, tamaşaçıları) inandırmaq üçün apardıqları çəkişmələrdir.

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

XS
SM
MD
LG