Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 11:55

"Məmur arvadı Türkiyədə 20 milyon dollara 16 villa alıb"


Əmlak sənədi
Əmlak sənədi

-

Virtualaz saytı yazır ki, 20 milyon dollara 16 villa alan qadının - Könül Mehdiyevanın həyat yoldaşı SOCAR-da vəzifəli şəxs Qiymət Mehdiyevdir.

Sayt yazır ki, bununla bağlı redaksiyaya çoxlu sənədlər və fotolar daxil olub.

«Q.Mehdiyev SOCAR-ın əsaslı kapital qoyuluşları İdarəsinin rəis müavinidir. SOCAR sistemində tikintilər üzrə bütün podrat işlərinə Qiymət Mehdiyev məsuldur. Əlbəttə, bu məmurun rəsmi maaşı Türkiyədə daşınmaz əmlaka yatırılan pullarla müqayisədə cüzidir, ayda cəmi bir neçə min manatdır. Razılaşın ki, xaricdə on milyonlarla dolları daşınmaz əmlaka birdən yatırmağa ancaq amerikalı milyarder Warren Buffett kimilərinin gücü çatardı. Olduqca ciddi korrupsiya əməlinə dəlalət edən faktlar ortadadır. Və prezident İlham Əliyevin Nazirlər Kabinetinin iclasında israrlı çağırışlarını nəzərə alaraq hüquq-mühafizə orqanları, ilk növbədə Baş Prokurorluq SOCAR-ın vəzifəli şəxslərindən birinin arvadının Türkiyədə 20 milyon dollara daşınmaz əmlak almasını təcili araşdırmalıdır. Bu fakt ölkədən kapitalın necə çıxarıldığına bir daha dəlalət edir».

NAZİR ŞİKAYƏTÇİNİ QƏBUL OTAĞINDAN QOVDURDU

«Azadlıq» qəzeti yazır ki, iqtisadiyyat naziri Şahin Mustafayevin yanvarın 22-də Saatlıda vətəndaşlarla görüşündə qalmaqal yaşanıb. Nazir şikayətçilərdən birini – Ramil Hüseynovu qəbul otağından qovdurub. Bu haqda «Azadlıq»a Ramil Hüseynovun atası, Ağdamdan məcburi köçkün Əli Hüseynov məlumat verib:

«Üzümü Şahin Mustafayevə tutub soruşuram: 22 yanvar tarixində televiziyada elan verirsiniz ki, bir nazir kimi Saatlı rayonunda vətəndaşları qəbul edəcəyəm. Biz də sizi vicdanlı məmur bilib Bakıdan Saatlıya qəbulunuza gəlmişdik. Oğlum da, mən də hamı kimi qəbula yazılaraq qəbul otağında növbəmizi gözləyirdik. Oğlumun növbəsi yaxınlaşanda, özünü polis kimi təqdim edən iki nəfər mülkigeyimli şəxs oğlumun qolundan tutaraq bayıra çıxmasını tələb etdi. Oğlum bildirdi ki, mən şikayətçiyəm və heç bir qanunu pozmamışam, ona görə də məni qəbul otağından çıxarmağa ixtiyarınız yoxdur. Onların cavabı isə belə oldu: «Biz kimik ki?! Bizə rəhbərlik tapşırıb ki, qəbul otağında Hüseynov Ramil adlı şəxs var, onu oradan uzaqlaşdırın».

Mərc
Mərc

BAKIDA SÜRƏTLƏ YAYILAN QUMARXANA ŞƏBƏKƏSİ

«Yeni Müsavat» qəzeti yazır ki, son günlər həm Bakıda, həm də bölgələrdə sürətlə loto-qumar məkanları açılır:

«Bakının Xətai, Binəqədi, Səbail, Abşeron, Yasamal rayonlarının hər birində bu cür məkanlara rast gəlmək mümkündür. Adlarını sadaladığımız rayonlar hələ ki, bizə məlum olan məkanların yerləşdiyi rayonlardır. Bu məkanlarda loto-qumar qaydaları eynidir, eyni işçiləri isə fərqli-fərqli məkanlarda görmək mümkündür, obyektlərdə dizayn və iş qaydalar eynidir. Bu sadaladıqlarımız onu deməyə əsas verir ki, bütün bu məkanlar bir şəbəkə şəklində fəaliyyət göstərir. Ölkəmizdə bir çox sahələr monopoliyada olduğu kimi, görünən budur ki, bu loto-qumar şəbəkəsi də monopoliyadadır. Bu cür məkanların müştəriləri isə heç vaxt əskik olmur. Asan yolla pul qazanmaq istəyənlərlə yanaşı, işsizlikdən əziyyət çəkən insanların da tapdıqları bir neçə manatla bu cür məkanlara üz tutduğu açıq-aşkar görünür».

İSLAHATLAR DÖVLƏT İDARƏÇİLİYİ SİSTEMİNİN ÇEVİKLİYİNİ ARTIRACAQ

«Azərbaycan» qəzeti yazır ki, ölkə iqtisadiyyatında yeni dönəm başlayır. İstehsalatın artırılması, neft gəlirlərindən asılılığın azaldılması üçün yeni məqsədyönlü proqramlar həyata keçirilir:

«Mövcud durumdan az itki ilə çıxmaq üçün əsas vəzifə qeyri-neft sektorunun inkişafıdır. Bunun üçün zəruri amillər - regionların inkişafı, müasir iqtisadi və sosial infrastrukturun yaradılması və s. təmin edilmişdir. Əgər vaxtilə qeyri-neft sektoru inkişaf etdirilməsəydi, bu gün ölkə daxilində olan tələbatı ödəmək mümkün olmazdı. Ekspertlərin fikrincə, ötən dövr ərzində qeyri-neft sektorunun inkişaf etdirilməsi, paytaxtda və regionlarda sosial və iqtisadi infrastrukturun ən müasir standartlara uyğun yenidən qurulması qarşıya qoyulan vəzifələrin uğurla yerinə yetirilməsi üçün tam şərait yaradır. Bu da öz növbəsində Azərbaycan prezidentinin praqmatik və uzaqgörən siyasət yürütdüyünü təsdiq edir».

XS
SM
MD
LG