Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 18:24

Prezident: «2016-ci il islahatlar ili olacaq»


İlham Əliyev
İlham Əliyev

-

«2016-cı il Azərbaycanda dərin iqtisadi islahatlar ili olacaq».

Prezident İlham Əliyev yanvarın 26-da regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının yekunlarına həsr olunmuş konfransda belə deyib.

Xəbəri APA yayıb.

İqtisadi böhrandan danışan prezidentbildirib ki, sosial siyasət, dərin iqtisadi islahatlar ölkəyə bu vəziyyətdən də uğurla çıxmağa imkan verəcək.

«2016-cı il dərin iqtisadi islahatlar ili olmalıdır və olacaq. Əlavə sərəncam və fərmanlar da imzalanacaq ki, iqtisadiyyatımız güclənsin», - dövlət başçısı deyib.

İlham Əliyev həmçinin bildirib ki, Azərbaycanda ictimai-siyasi sabitlik bərqərar olub: «Gördüyümüz işlərin mahiyyəti odur ki, daha güclü dövlət yaradaq ki, xalqımız rifah içində, təhlükəsiz şəraitdə yaşasın».

«XALQIMIZI ƏMİN ETMƏK İSTƏYİRƏM Kİ…»

Dövlət başçısı Azərbaycanın «demokratiya yolu ilə sürətlə irəlilədiyini» də söyləyib.

«Bu bizim şüurlu seçimimizdir. İqtisadi inkişaf demokratik prosesdən kənar təmin oluna bilməz. Ona görə də Azərbaycanda iqtisadi və demokratik islahatlar paralel aparılır. Parlament seçkiləri də bunu sübut etdi, seçkilər şəffaf keçdi, Azərbaycan xalqının arzuları tam təmin edildi. Seçkinin nəticələri apardığımız siyasətə xalqımızın böyük dəstəyini ortaya qoydu».

Xalqa buna görə minnətdarlıq edən dövlət başçısı daha sonra deyib: «Xalqımızı əmin etmək istəyirəm ki, dünyadakı böhrana baxmayaraq, Azərbaycan uğurla inkişaf edəcək».

Prezident bildirib ki, böhranlı şəraitdə də iqtisadiyyatın inkişafına, 2016-cı ildə yeni iş yerləri, müəssisələrin yaradılmasına çalışmaq lazımdır.

İlham Əliyev son 12 ildə ölkədə 25 elektrik stansiyası tikildiyini, Azərbaycan üzrə qazlaşmanın 90 faizə çatdığını, 12 min km yol çəkildiyini, 3 min məktəb inşa edildiyini söyləyib.

O, eyni zamanda son 12 ildə maaşların 5 dəfə, pensiyaların 7 dəfə artırıldığını, sahibkarlara 1.7 milyard manat güzəştli kredit verildiyini, ölkəyə 200 milyard dollar xarici sərmayə qoyulduğunu qeyd edib.

«İXTİSARLAR APARILMAMALIDIR»

Ölkə əhalisinin artıq 9 milyon 700 min nəfərə çatdığını deyən İlham Əliyev bu vəziyyətin yeni iş yerlərinin yaradılmasını tələb etdiyini diqqətə çatdırıb: «Şirkətlərdə ixtisar hallarının olmamasına çalışılmalıdır. İş yerlərinin açılmasında dövlət şirkətləri nümunə göstərməlidirlər. İşlərini itirən insanlar dövlət şirkətlərinə müraciət etsinlər, əminəm ki, iş yerləri olacaq. Sahibkarlar da bu prosesdə iştirak etməlidirlər. Çünki iş adamlarına dövlət hərtərəfli dəstək verir və iş adamları da sosial məsuliyyətlərini dərk etməlidirlər».

Kənd təsərrüfatının inkişafından danışan prezident deyib: «Biz pambıqçılıqla daha geniş məşğul olmalıyıq. Pambıqçılıq həm çoxlu sayda iş yeri, bu, həm də valyuta gətirən məhsul deməkdir. Pambığı yığan insanlara verilən pul artırılmalıdır. Mənə verilən məlumata görə, 1 kq pambığı yığanlara 42 qəpik verilir. Bu, azdır, qiymət əhəmiyyətli dərəcədə qaldırılmalıdır. Biz tütünçülük və çayçılığı da inkişaf etdirməli, canlandırmalıyıq».

Ötən il manatın iki dəfə devalvasiyasından və neftin qiymətinin düşməsindən sonra Azərbaycanda qiymətlər bir neçə dəfə qalxıb. Ölkədə bəzi şirkət və müəssisələr ixtisarlara başlayıb, bəzi xarici şirkətlərsə Azərbaycanı tərk edir. Bütün bunların fonunda yanvarın 12-dən başlayaraq bir neçə bölgədə etiraz aksiyaları keçirilib. Aksiyaçılar bahalaşmaya və işsizliyə etirazlarını bildiriblər.

Azərbaycan hökuməti də iqtisadi böhranı etiraf edir və bunu dünyada gedən proseslərlə izah edir. Müstəqil ekspertlərsə hesab edirlər ki, hökumət bir neçə il öncə, böyük neft pulları gələrkən qeyri-neft sektorunun inkişaf etdirməli, siyasi və iqtisadi islahatlara start verməli idi. Xüsusən də müstəqil məhkəmə sistemi yaratmalı, mülkiyyət toxunulmazlığını təmin etməli, inhisarçılığa, rüşvətə, korrupsiyaya son qoymalı idi.

XS
SM
MD
LG