Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 22:31

Bakı şəhərmi, kəndmi?


►Ev qızdırmaq üçün odun yığanlar

Əhmədli qəsəbəsində sökülmüş köhnə binanın dağıntıları arasından taxta parçaları toplayan Gülayə Məmmədova deyir, odunları evi qızdırmaq üçün yığır.

Yanvarın 26-da havanın kəskin soyuması mənzilini bir az da soyudub:

“Bu yaxınlıqdakı həyət evində yaşayıram. Evdəkilər soyuqdan xəstələniblər. Bunları sobaya atacağam ki, bir az qızınaq. Hava soyudu, qaz azalır. O qədər azalır ki, zorla bir çaydan su qaynadıram. Evdə soyuqdan hamımız yatağımıza girmişdik. Durub gəldim odun yığım. Açıq hava bizim evdən istidir...”

Buna da bax: YAP-çı deputat Rəsulzadəyə görə məhkəmə qarşısında

Evi qızdırmaq üçün ağac, taxta parçaları toplanır

Bakıda havanın soyuması, qarın yağması klassik istilik problemini daha qabarıq üzə çıxarır. Bu problem təkcə şəhər kənarı sayılan Əhmədlidə yaşanmır. Vilayət Kərimov şəhərə daha yaxın Nərimanov rayonu ərazisində yaşayır. O da yaxınlıqdakı parklardan odun axtarır. Deyir, həyət evində yaşadığına görə ağac budaqlarından yanacaq kimi istifadə edir:

“Bu dəqiqə evdə hamımız soyuqdan qırılırq. Deyirlər qəza olub, nə olub. Soyuq olan kimi də qəzaları əksik olmur”...

Fikrini soruşduğumuz digər Bakı sakinləri də ötən gecə soyuqdan donduqlarını deyirlər:

- Mən Yeni Yasamalda yaşayıram. Oralar Bakının Sibiridir. İki gündür hava soyuyub, elədirmi? İki gündür biz evdə donuruq.

- Binəqədidə yaşayıram. Yaşayışımız yaşayış deyil ki. Qış gəldi, belədir. Düzdür işıq var, ancaq istilik yoxdur. İşığa da qızdırıcı qoşanda zəifləyir, xətlərə güc düşür, sönür.

- Vallah, mən iki il əvvələ qədər İsmayıllı rayonunda yaşayırdım. Orda da qaz problemi vardı, burda da.

- İşıqlar yaxşıdır, ancaq istilik sıfır.

Havalar soyuyub, şikayətlər çoxalıb

Eyyub Hüseynov
Eyyub Hüseynov

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirir ki, dünəndən (yanvarın 26-dan-red.) quruma şikayətlər artıb. Ən çox da Nərimanov rayonu ərazisindən. Həm də şikayətlər təkcə həyət evlərindən gəlmir:

“Binalara qaz verilmir, kombilər yanmır. Qazın təzyiqi çox aşağı olur. Soyuq şaxtalı havada qaza tələbat artdıqca zəifləyir. Gərək təchizatçı bunu nəzərə alsın”.

Buna da bax: Müfti çoxarvadlılığa çağırır

Azəriqaz: Qazla bağlı heç bir problem yoxdur

Təchizatçı - Azəriqaz İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev isə şəhərdə qazla bağlı heç bir problem yaşanmadığını söyləyir. Onun sözlərincə, problem ancaq qəza hallarında ortaya çıxır:

“Görülən tədbirlərin nəticəsidir ki, bu soyuq havalarda da daxil olan müraciətlərdə xeyli azalma müşahidə olunur. Yanvarın 25-də Nərimanov rayonu ərazisində iritonnajlı yük maşını Azəriqazın böyük diametrli qaz xəttini zədələmişdi. Nəticədə Nərimanov və Binəqədi rayonları ərazisinin bir hissəsində qaz təchizatında problem yaranmışdı. Həmin ərazilərə alternativ xətdən qaz verilib, tam qazsız qalmayıblar. O ki qaldı tamamilə qaz olmayan ərazilərə, bunlar qazlaşdırma həyata keçirilməyən yeni ərazilərdir. Oralarda odun-ocaqdan istifadə edə bilərlər. Ancaq qazlaşdırılan sahələr qazla bağlı hər hansı problem yaşamır”.

Buna da bax: Daha 2 bank bağlandı

Azəristilik: Qazanxanalarımız fasiləsiz işləyir

“Azəristiliktəchizat” Səhmdar Cəmiyyətinin abonent və müştəri xidmətləri idarəsinin rəisi Rafiq Əliyev də deyir, mərkəzləşdirilmiş istilik sisteminə qoşulan binalara istilik verilişində hər hansı problem yoxdur:

“Bütün qazanxanalarımız fasiləsiz işləyir. Havalar soyuyandan hələ bir qazanxanamızda belə, yarım saat da olsun, fasilə yaranmayıb. Kimdəsə binadaxili, mənzidaxili problem ola bilər. Amma bizim qazanxanaların heç birində fasilə yoxdur. Ara-sıra elektrikin kəsilməsi, ya da qazın təzyiqinin düşməsilə bağlı fasilə olur. O da yarım saat, bir saat çəkə bilər. Səhərdən çağrı mərkəzində oturmuşam, cəmi 5-10 zəng gəlib.”

Rafiq Əliyev deyir ki, Bakıda mərkəzləşdirilmiş istilik sisteminə 3 min 600-dən artıq bina qoşulub. Gələcək illərdə digər binaların da bu sistemə qoşulacağı gözlənilir.

Gülayə Məmmədova isə istiliksiz evi üçün xeyli taxta parçası toplamışdı: “Qonşum xəstədir, ona da verəcəyəm”, deyirdi.

Xaçmaz sakini: «Uşağı soyuq məktəbə qoymaqdansa «xolodilnik»ə qoyaram...»
Gözlə

No media source currently available

0:00 0:03:47 0:00

XS
SM
MD
LG