Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:21

Cavid Hüseynov: «Günahsız yerə həbsdəyəm» [Video]


Cavid Hüseynov ittihamları qəbul etmir
Gözlə

No media source currently available

0:00 0:01:52 0:00

Cavid Hüseynov ittihamları qəbul etmir

►“Normal danışdıq, məni başa düşdü, axırda da üzr istədi. Dedim, “mən də Allahın quluyam..."

“Xalqın qarşısında deyirəm, mən heç bir cinayət törətməmişəm. Altı aydır ki, günahsız yerə həbsdəyəm. Bunun haqqını kim verəcək? Şər-böhtanla da olsa, 3-5 il yatıb çıxacam, bəs mənim, ailəmin haqqını kim ödəyəcək”.

Bunu jurnalist Rasim Əliyevin döyülərək öldürülməsilə əlaqədar həbs olunmuş futbolçu Cavid Hüseynov məhkəmədə ifadə verərkən dedi.

XƏBƏR VERMƏMƏSİ ÜÇÜN VƏDLƏR VERİB

Fevralın 10-da Səbail Rayon Məhkəməsində bu iş üzrə məhkəmə istintaqı başladı. Bu dəfə də məhkəməyə jurnalistlər buraxılmamışdı. Məhkəmə iclasında futbolçunun vəkili Adəm Məmmədov jurnalistlərin iştirakına icazə verilməsi barədə vəsatət qaldırdı. Bundan sonra jurnalistlər zala buraxıldı.

Məhkəmə iclasında prokuror ittiham aktını elan etdi. İttihamda göstərilib ki, Cavid Hüseynov bibisi oğlu Elşən İsmayılov və digərlərinin Rasim Əliyevi döyməyə getməsindən xəbərdar olub, bu barədə hüquq-mühafizə orqanlarını məlumatlandırmayıb. Hadisədən sonra isə jurnalist xəstəxanada olarkən onun yanına gedib, dövlət orqanlarına xəbər verməməsi üçün vədlər verib.

Cavid Hüseynov özünü təqsirli bilmədi:

“İttihamı ümumiyyətlə, qəbul etmirəm. Mən havadan yox, faktlar, sübutlarla danışacağam, dövlət ittihamçısının səsləndirdiyi fikirlərin həqiqətə uyğun olmadığını sübut edəcəm”.

“MƏNİ BAŞA DÜŞDÜ, AXIRDA DA ÜZR İSTƏDİ”

Futbolçu bildirdi ki, Avroliqanın qrup mərhələsi çərçivəsində Yunanıstan klubu ilə görüşdən sonrakı hərəkəti düzgün anlaşılmayıb:

“Oyundan sonra arxadan bir jurnalist gəldi, yunan idi, ingilis dilində sual verdi ki, niyə meydanda Türkiyənin bayrağını çiynimə salmışdım? Mən əlimlə ona işarə elədim ki, biz Türkiyə ilə dost, qardaş dövlətik”.

Cavid Hüseynovun sözlərinə görə, bundan sonra mərhum Rasim Əliyevin “facebook” səhifəsində onun barəsində yazdıqlarını bibisi oğlu Elşən İsmayılovdan öyrənib:

“Mənim Allaha inamım var, gizli heç nəyim yoxdur. Cinayətkar deyiləm. Elşən həmin statusun şəklini çəkib “whatsapp”da mənə atmışdı. Yazmışdı ki, “əxlaqsız, mədəniyyətsiz, tərbiyəsiz futbolçu ilə Avropaya getmək istəmirəm”. Əxlaqsız deyiləm, bəllidir ki, kimin oğluyam, atam üç uşağını qoyub, döyüşə gedib. Əxlaqsızlıq bizə yaraşmaz. Elşənə də yazdım ki, “fikir vermə”. Elşən dedi ki, “yox, o, mənim özümü də söyüb, sən qarışma, bu artıq mənim məsələmdi”. Bunu belə görəndə Elşəndən Rasimin nömrəsini alıb, həyatımda ilk dəfə jurnalistə zəng elədim. Mədəni qaydada özümü təqdim elədim, o hərəkətimin mənasını izah elədim. Adamın üstündə Allah var, normal danışdıq, məni başa düşdü, axırda da üzr istədi. Dedim, “mən də Allahın quluyam, məndən üzr istəmə, sən elə “facebook”da da təkzib ver, kifayətdi”. Elşənə də yazdım ki, mən yoluna qoydum”.

“CİNAYƏTKARIN BÖYÜYÜ OLARDIM”

Cavid Hüseynov deyir ki, bundan sonra məşqə gedib. Bibisi oğlunun başqaları ilə birlikdə gedib Rasim Əliyevi döydüyünü isə məşqdən sonra öyrənib:

“Məşqdən sonra internetə baxanda gördüm yazıblar ki, “Cavid Hüseynovun qohumları jurnalisti döyüb”. Bu məqamda menecerim də zəng eləyib dedi ki, “məndən jurnalistlər bu barədə soruşurlar”. İttihamda yazıblar, amma yalandır, mən onu nədənsə çəkindirmək üçün getməmişəm xəstəxanaya, orada da heç bir vəd verməmişəm. Rasimin xalası oğlu da xəstəxanada yanında idi. Əgər mən ona orada nəsə təklif eləsəydim, cinayətkarın böyüyü olardım. Dedim ki, “bu nə iş idi başımıza gəldi?” Soruşdum ki, “vəziyyətin necədi?” Deyəndə ki, telefonunu, pulqabını aparıblar, elə bil başıma qaynar su tökdülər. Onunla danışanda bildim ki, Elşən tək olmayıb. Çıxıb Elşənə zəng elədim, soruşdum ki, o birilər kim olub? Dedi ki, “sən tanımırsan, “Razin” uşaqlarıdı”. Ertəsi gün Qəbələyə gedəndə bildim ki, Rasim rəhmətə gedib. Elşənə də yazdım ki, “get, təslim ol, hər şeyi də olduğu kimi danış”. Şamaxı postunda məni saxlayıb, Bakıya gətirdilər”.

Futbolçu ifadəsinin sonunda bir daha günahsız olduğunu vurğuladı.

Məhkəmə prosesi fevralın 24-də davam edəcək. Cavid Hüseynov prokuror və vəkilinin suallarını cavablandıracaq.

Jurnalist Rasim Əliyev avqustun 8-də bir qrup şəxs tərəfindən döyüldükdən sonra avqustun 9-da səhərə yaxın xəstəxanada dünyasını dəyişib. Bununla əlaqədar altı nəfər həbs olunub ki, onlardan biri də Cavid Hüseynovdur. Amma iş üzrə ibtidai istintaqın sonunda futbolçunun barəsində iş digər beş nəfərdən ayrılıb. Onlar CM-nin 126.3-cü (qəsdən sağlamlığa ağır xəsarət yetirmə ölümə səbəb olduqda) maddəsi ilə ittiham olunub. Cavid Hüseynov isə yalnız CM-nin 307.1 (ağır cinayətin hazırlanması və ya törədilməsini bilib xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilir.

Jurnalist Rasim Əliyevin döyülməsi

XS
SM
MD
LG