Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:48

Tam sığortalama: Banklarda əmanətlə dolsa, sədaqət də olacaq?


►Ekspertlər bank sektoruna inamı artırmaqdan ötrü köklü islahatları qaçılmaz sayırlar

Hökumət əmanətlərin banklardan kütləvi çıxarılmasını önləmək üçün tam sığortalama yolunu seçdi. Martın 1-dən Əmanətlərin Sığortalanması Fondunun müəyyənləşdirdiyi illik faiz dərəcəsi həddində olan əmanətlər 3 il müddətinə tam sığortalanır. Fond xarici valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini 3%, milli valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini 12% müəyyənləşdirib.

İndiyədək yazlnız 30 min manatadək əmanətlər qorunurdu. Ekspertlər qorunan əmanət məbləğini, heç olmasa, 100 min manata qaldırmaq təklifində təkid etsələr də, hökumət bu təklifə qulaq verməyib. İndi təbii sual doğur: Tam sığortalama qərarına gələn hökumət əhalinin banklara inamını necə qaytaracaq?

“İstək düzgündür, lakin...”

Əkrəm Həsənov
Əkrəm Həsənov

Bank məsələləri eksperti Əkrəm Həsənov bu addımın bankların əmanət bazasını artırmaq məqsədini güddüyünü deyir:

“Bankların vəziyyəti pisdir. Odur ki, onlara kömək etmək istəyirlər. İstək düzgündür, lakin bankların bir qismi xeyli müddətdir əmanətləri qaytarmır. Onları nə bağlayırlar, nə də kredit verirlər ki, əmanətləri qaytara bilsinlər. Əmanətlərin sığortalanması sistemi də bu halda işə düşmür, çünki bunun üçün bank bağlanmalıdır”.

“Belə vəziyyətdə əmanətlərin sığortalanması...”

Ekspertin fikrincə, belə vəziyyətdə əmanətlərin sığortalanması sisteminə etibar artmayacaq:

“Axı sistemin işə düşməsinə subyektiv maneələr varsa, həmin sistem 100 deyil, lap 1000 faiz də sığortalansa, xeyri yoxdur. Buna görə, paralel olaraq, bank nəzarəti də gücləndirilməlidir. Ümid edirəm ki, yaxında fəaliyyətə başlayacaq Maliyyə Bazarlarına Nəzarət Palatası bu problemləri çözə biləcək”.

“3 illik olsa da...”

Samir Əliyev
Samir Əliyev

İqtisadçı Samir Əliyev əmanətlərin tam sığortalanmasını doğru addım sayır:

“Əhalinin bank və milli valyutaya etibarının azalması ona gətirib çıxardı ki, əmanətlər ya kütləvi şəkildə dollarlaşdı, ya da banklardan çıxarıldı. Vəziyyətin belə davam etməsi, üstəgəl Maliyyə Nazirliyinin dövlətin adından çıxış edərək yüksək, az qala. bank faizləri ilə rəqabət aparacaq faizlə istiqraz buraxması həm əmanət bazarının cəlbediciliyini azaltdı, həm də bank sektorunu çətin duruma saldı. Ona görə də indiki məqamda əmanətlərin, 3 illik olsa da, tam sığortalanması düzgün addımdır”.

Ekspertin fikrincə, sözügedən addım yalnız indiki problemi çözə bilər: “Amma gələcəkdə əmanət bazarının inkişafı və bankların dayanıqlığına dəstək məqsədilə bir sıra paralel addımların atılması vacibdir”.

XS
SM
MD
LG