Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 01:32

Hökumət xaricdə təhsildən qorxur?


İlham Əliyev Naxçıvan sement zavodunun açılışında.
İlham Əliyev Naxçıvan sement zavodunun açılışında.

-

İqtisadi islahatlar, hökumətin xaricdə təhsilə münasibəti və valyutadəyişmə sahəsində vəziyyət medianın aparıcı mövzusudur.

İQTİSADİ VƏ STRUKTUR İSLAHATLARININ NƏTİCƏLƏRİ...

«Azərbaycan» qəzetində «iqtisadi və struktur islahatları ilkin uğurlu nəticələr verir» başlıqlı məqalə dərc edilib.

Məqalədə qeyd edilir ki, son illər dünya iqtisadiyyatında baş verən qeyri-müəyyənliklər, qlobal maliyyə bazarlarındakı təlatümlər nəticəsində heç bir ölkədə iqtisadi artım müşahidə edilmir. Dünyanı bürüyən mürəkkəb siyasi və iqtisadi proseslər, fond birjalarındakı vəziyyət iqtisadi artıma mənfi təsir göstərən əsas amillərdəndir. Müəllifin yazdığına görə, ancaq Azərbaycan dünya iqtisadi böhranından ən az itkilərlə çıxan ölkələrdən biridir. «Bunun səbəblərindən biri odur ki, həyata keçirilən sosial-iqtisadi siyasət zəngin enerji resurslarının dünya bazarlarına nəqlinə imkan verən layihələrin reallaşdırılmasına və ölkəmizin gəlirlərinin artmasına gətirib çıxarmışdır. Son dövrlərin mürəkkəb qlobal iqtisadi prosesləri, neftin qiymətinin düşməsi Azərbaycanın iqtisadi inkişafına təsirsiz ötüşməsə də, 2016-cı ilin birinci rübündə qeyri-neft sənayesinin beş faiz artması müsbət haldır», - deyə müəllif Rəşad Cəfərli yazır.

Məqalədə qeyd edilir ki, prezident İlham Əliyevin rəhbərliyi ilə iqtisadi və struktur islahatlar artıq müsbət nəticələr verməkdədir. Müəllifin düşüncəsinə görə, biznes mühitinin yaxşılaşdırılması, investisiyaların təşviqi və qeyri-neft məhsullarının ixracının stimullaşdırılması sahəsində əhəmiyyətli qərarlar bunu qaçılmaz edib.

Tələbələr.
Tələbələr.

HÖKUMƏT XARİCDƏ TƏHSİLDƏN QORXUR?

«Azadlıq» qəzeti «Hakimiyyət xaricdə təhsildən niyə qorxur?» sərlövhəli məqalədə dövlət hesabına xaricdə təhsil proqramının dayandırmasının səbəbləri təhlil edilib.

Müəllif ali məktəblərə qəbul imtahanlarında göstərilən aşağı nəticələri, bəzi müəllimlərin vakant yerlərə müsabiqələrdə suallara cavab verə bilməmələrini ölkədə təhsilin çökməsi kimi xarakterizə edir.

Məqalədə qeyd edilir ki, təhsil haqlarını ödəyə bilmədiklərinə görə 17 min tələbə ali məktəbi atmaq məcburiyyətində qalıb: «Göründüyü kimi, mənasız layihələrə milyardlar xərcləyən hökumət ən mühüm sahəyə məqsədli şəkildə ögey münasibət göstərir. Gücləri ancaq təhsilə çatır, təhsilə qənim kəsiliblər. Bu qədər mənasız strukturlar, səmərəsiz xərclər kənarda qalıb, təhsilin üzərinə hücuma keçiblər».

Müəllifin düşüncəsinə görə, gənclərin Avropada təhsil almasında hökumət maraqlı deyil: «Çünki Avropa təhsili görmüş gəncin düşüncəsi, dünyagörüşü, baş verənlərə münasibəti dəyişir. Ölkədə hansı eybəcərliklərin baş verdiyini, hökumətin talançılığını aydın şəkildə dərk edir. Hökumət ayıq, öz haqlarını bilən, haqqını tələb edən gənclərin yetişməsini istəmir. Ancaq bir qrup məmurun övladı oxumalıdır, ölkənin sərvətini talan edənlərin ətrafı savadlanmalıdır. Əlacları olsa, Avropada təhsil alan gənclərin ölkədə işlə təmin olunmaması ilə bağlı qərar verərlər».

Məqalədə bu vəziyyət hakimiyyətdəkilərin qorxu hissi ilə izah edilir: «Hökumət xaricdə təhsil alanlardan qorxur. Savadlı gəncliyi hakimiyyətləri üçün təhlükə hesab edirlər».

Valyutadəyişmə məntəqəsi.
Valyutadəyişmə məntəqəsi.

VALYUTADƏYİŞMƏ MƏNTƏQƏLƏRİ BƏRPA EDİLMƏLİDİRMİ?

«Yeni Müsavat» qəzeti isə ölkədə valyutadəyişmə sahəsindəki vəziyyəti təhlil edib. «Valyutadəyişmə məntəqələri bərpa ediləcək?» başlıqlı yazıda oxuyuruq: «Keçən il dekabrın 21-də baş verən devalvasiyasından sonra valyutadəyişmə sahəsində möhtəkirlik arta bilər adı ilə məntəqələr bağlandı. Bununla da şənbə - bazar günləri əhali valyutadəyişmə ilə bağlı problemlər yaşamağa başladı. İndi isə bu məntəqələrin yenidən fəaliyyətə başlaması məsələsi müzakirə edilir».

Məqalədə deputat Vahid Əhmədovun da məsələyə münasibəti təqdim edilib. «Mənim təklifim budur ki. valyutadəyişmə imkanı verən bankomatlar yaradılsın. Xaricə olduğu kimi, insanlar həmin bankomatlar vasitəsilə istənilən valyutanı dəyişə bilsinlər»,- deyə deputat təklif edib. V.Əhmədov Milli Məclisdə bank rəhbərləri ilə keçirilməsi gözlənilən görüşdə bu məsələ haqqında danışılacağını istisna etməyib.

Başqa bir iqtisadçı Vüqar Bayramlı isə deyib ki, valyutadəyişmə məntəqələrinin ləğvi «qara bazar» yaradır. Valyuta ilə bağlı ajiotaj dövrünün başa çatdığını düşünən ekspert də bu məntəqələrin bərpasını lazım bilir: «Mənim düşüncəmə görə, Bakının hər rayonunda 4 məntəqənin fəaliyyətinə icazə verilməlidir, Mərkəzi Bank və Maliyyə Bazarların Nəzarət Palatası hər rayonda 4 valyutadəyişmə məntəqəsinin fəaliyyətinə lisenziya verməlidir».

XS
SM
MD
LG