Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 08:46

Aygün Aslanlı. Hər gün öz peşəmə daha çox vuruluram


Aygün Aslanlı
Aygün Aslanlı

-

"Niyə, məsələn, serial sənayesində uğurun zirvəsində olan müasir Türkiyənin təcrübəsindən istifadə eləmirlər, 90-cı illər Latın Amerika seriallarını yamsılayırlar."

"Tarkovskini Tarkovski eləyən sadəcə kameranı 3 dəqiqə eyni nöqtəyə tuşlamağı deyil... Nazirlikdən mərhəmət uma-uma yaşayan rejissorun Tarkovski olması qeyri-mümkündür."

Kinoşünas Aygün Aslanlı ilə OxuZalında söhbət

- Rejissorlar arasında belə bir deyim varmı: "Çox filmə baxma, quruyarsan", çox filmə baxmaq təxəyyülü qurudur. Məsələn, yazıçılar arasında "Çox oxuma, quruyarsan" (Səməd Vurğun) fikrinə inam var.

- Doğrusu, heç eşitməmişəm. Ümid eləyirəm, eşitmərəm də. Çünki absurd fikirdir. Oxumadan, filmlərə baxmadan dünya kinosunda gedən proseslərdən, köhnə, yeni tendensiyalardan, rejissorlardan necə xəbər tutmaq olar?

Qodardan tutmuş Tarantinoya, Dəmirkubuza qədər bütün rejissorlar filmlərə baxa-baxa rejissor olublar, özü də sıradan yox, kino tarixinə öz imzasını qoyan rejissorlar.

Qara şir. Niko Pirosmani
Qara şir. Niko Pirosmani

Oxuyub-yazmağı bacarmayan bircə dahi tanıyıram: gürcü rəssamı Niko Pirosmani. Onu da dahi eləyən rəsmlərinin ibtidai təbiiliyidir. Zatən özü də primitivizm cərəyanının nümayəndəsi sayılır.

Məncə, bizim rejissorların təxəyyülünü qurudan konformizm, güclü özünüsenzura, bir də şəxsiyyətə pərəstişdir. Şəxsiyyətə pərəstiş – yəni bir, ya da bir neçə rejissoru, yazıçını və sair seçirlər, bayıla-bayıla filmlərinə baxırlar, əsərlərini oxuyurlar, bioqrafiyalarını əzbərləyirlər, amma sorğu-sual, analiz eləmirlər, ən əsası həyat təcrübəsinə çevirməyi bacarmırlar. Sadəcə pərəstiş.

Halbuki Tarkovskini Tarkovski eləyən sadəcə kameranı 3 dəqiqə eyni nöqtəyə tuşlamağı deyil, o məqama gətirib çatdıran intellekti, üstəgəl həyat təcrübəsi, casarəti, narahatlığıydı.

Məsələn, sizə Tarkovskidən nə qədər istəsəz, sitat gətirərlər - ideyalarından, fəlsəfəsindən, bütün filmlərini əzbər danışırlar, Nazirlik film çəkməyə icazə verəndə filmlərində Tarkovskiyə göndərmələr eləyirlər.

Ancaq Tarkovski o filmləri çəkmək üçün hansı məhrumiyyətlərlə üzləşib, ölkəsindən necə didərgin düşüb, necə xərçəngə tutulub, bunları unudurlar.

Andrey Tarkovski, "Güzgü" filminin çəkilişində, 1973
Andrey Tarkovski, "Güzgü" filminin çəkilişində, 1973

Halbuki Tarkovskini Tarkovski eləyən sadəcə kameranı 3 dəqiqə eyni nöqtəyə tuşlamağı deyil, o məqama gətirib çatdıran intellekti, üstəgəl həyat təcrübəsi, casarəti, narahatlığıydı.

Nazirlikdən mərhəmət uma-uma yaşayan rejissorun Tarkovski olması qeyri-mümkündür. Təxəyyülü də məmurların təxəyyülünün icazə verdiyi çərçivədə olacaq.

- Bu gün postmodern estetikanın tamamilə əksinə olaraq, narrasiya qələbə çalıb. Narrasiya, nəqletmə, təhkiyə, "başlanğıcı, ortası və sonu olan" hekayət qələbə çalıb həm ədəbiyyatda, həm filmdə. Narrasiyaya üsyan edənlər özündə-fakt olaraq qaldılar, nə ciddi sənətdə, nə də meynstrim populyar sənətdə hakim estetika ola bilmədilər. İnsan şüuruna hekayətçilik xasdır. Bu haqda nə deyə bilərsiz?

- Kinoda bu proses on ilə yaxındı gedir, əsası da 1999-cu ildə Kann festivalında baş mükafatı alan Dardenne qardaşlarının “Rosetta” filmi ilə qoyulmuş sayılır. Yəni bu, artıq adı-soyadı, doğum tarixi olan bir cərəyandır – Postdok - post dokumentalizm. Postmodernizmin dekonstruksiya - hər şeyin astarını üzünə çevirmək tendensiyasına alternativ kimi meydana çıxıb. (davamı aşağıda)

"Rosetta" filminin treyleri

Postdok həm də meynstrim kinonun nəhəng, dəbdəbəli xüsusi effektlərinə, xromokeyə qiyamdı. Postdokda sənədliliklə oyun, uydurma arasında sərhəd yoxdu, xətti nəqletmə hakimdir. Və təbii ki, əvvəlki kinocərəyanların - “Neorealizm”in, “yeni Dalğa”nın, “Doqma-95”in prinsipləri – təbii işıq, aktyor oyununda minimalizm, qeyri-peşəkar oyunçulardan istifadə - qısası, süni, oyun effekti verəcək heç bir priyom caiz deyil. Maksimum reallıq! Bundan ötrü hətta psevdokumentalizmdən də istifadə eləyə bilərsən. Çox geniş danışmaq olar bu barədə. O ki qaldı postmodern estetikanın qalib gəlməməsinə, bu, inkişaf anlayışının təbiətinə zidd olardı. Əsas odu ki, enerji itmir, sadəcə şəklini dəyişir.

- Klassik kino ilə bugünkü ciddi kinonun prinsipial fərqləri nələrdir.

- Çətin sualdı. Belə baxanda prinsipial fərq yoxdu. Hətta müasir kino klassikanı təkrarlayır kimi görünür. Postdokdan danışanda dedim, əsas xüsusiyyətləri “Poetik realizm”dən başlamış “Doqmaya” qədər bütün əvvəlki cərəyanların əsas prinsiplərinin təkrarıdı.

Velosiped oğruları. Vittorio De Sica. Filmdən görüntü
Velosiped oğruları. Vittorio De Sica. Filmdən görüntü

Mövzular da bəşəri olduğundan hər zaman aktualdı - mərkəzdə insan dayanır. İnsanın mənəvi, sosial problemləri, özünüdərk prosesi, kütlə və fərd münasibətləri və s.

Amma digər tərəfdən, çox ciddi bir fərq var.

Rus dokumentalisti Marina Razbejkinanın sözləri ilə cavab verim: “Klassik kino - rejissorlar monoloq vəziyyətində, özlərinə qapalı halda mövcud idilər, dialoqa ehtiyac duymurdular, müasir kino isə əksinə, real məkan və real zamanla dialoqa can atır”.

Tamaşaçı onu başa düşür, ya yox - bu, klassikləri maraqlandırmırdı. Əksinə, sanki anlaşılmamaq üçün əllərindən gələni eləyirdilər, müasir kino isə bütün vasitələrlə tamaşaçıya təsir eləməyə, qavranmağa can atır.

Bu gün xətti narrativin önə çıxması, qeyri-peşəkar oyunçulardan istifadənin aktuallaşması - hamısı buna xidmət eləyir: Tamaşaçı ekranda özünü görsün. Klassik kinoda isə dominant - müəllif idi.

Yadıma Ayaz Salayevin müasir kinodan şikayəti düşdü. Hər dəfə təzə filmlər haqqında fikrini soruşanda deyir ki, indiki filmlərə baxa bilmir, çünki onlarda burnunu eşələyən, ayağını qaşıyan adamları göstərirlər. Amma köhnə filmlərin qəhrəmanları, hətta aşağı təbəqədən olanda da, ziyalı obrazındaydılar və ali şeylər haqqında düşünürdülər, onlar uğrunda mübarizə aparırdılar. Müsir kino ilə klassika arasındakı fərqin kobud izahı da budur.

- Türkiyə öz 19-20ci əsrlər klassik ədəbiyyatını seriallara çəkdi. Rəşad Nuri Güntəkin kimi yazıçıların əsərlərindən uğurlu seriallar çıxardılar. Azərbaycanda seriallar üçün belə klassik roman və hekayətlərə müraciət edilə bilərdi? "Rəşid bəy və Səadət xanım" hekayəsindən tutmuş "Dəli Kür"-ün özünə qədər, bunları seriallaşdırmaq olar, ya olmaz?

- Niyə olmur ki? Lap da gözəl olardı. Düzü, bu sualın cavabı məni də çox maraqlandırır. Hər dəfə yerli seriallardan danışanda mütləq bu mövzuya da toxunuruq.

Türkiyə serialları dünya serial bazarının liderləri arasındadır
Türkiyə serialları dünya serial bazarının liderləri arasındadır

Azərbaycan ədəbiyyatının böyük hissəsi - İlyas Əfəndiyevin, Salam Qədirzadənin, Bayram Bayramovun, Mirzə İbrahimovun əsərləri serial üçün ideal materialdı. İlyas Əfəndiyevin “Dağlar arxasında üç dost”, “Söyüdlü arx” romanlarını birləşdirib 100 seriyalıq serial çəkmək olar. Salam Qədirzadənin “46 bənövşə”si, “Qış gecəsi” də həmçinin. Tamaşaçıya da tanışdı, seviləndi. Sadəcə cüzi dəyişiklik, dövrə adaptə eləmək lazımdı ki, az maliyyə sərf olunsun.

Mənim üçün də müəmmadı, niyə serial istehsalçıları, bu qədər hazır material varkən özlərindən saxta, yad süjetlər uydururlar. Niyə, məsələn, serial sənayesində uğurun zirvəsində olan müasir Türkiyənin təcrübəsindən istifadə eləmirlər, 90-cı illər Latın Amerika seriallarını yamsılayırlar. Bu, nə biznes, nə adi - ümumiyyətlə, heç bir məntiqə sığmır.

- Heç özünüz film çəkmək istəmisinizmi?

- Həmişə çəkilişdə iştirak eləmək istəmişəm - o da bir filmin necə yarandığını görmək, öyrənmək üçün, sıradan bir işçi kimi. Ancaq bu qədər. Rejissorluq eləmək yox. İndi də heç istəmirəm. Mənə araşdırma, analiz prosesi daha maraqlıdı.

Hər gün öz peşəmə daha çox vuruluram, kinoşünas kimi özümü təkmilləşdirməyə çalışıram. Öyrənməli olduğum o qədər mətləb var ki. Filmləri də, qoy rejissorlar çəksinlər.

XS
SM
MD
LG