Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 08:53

Tərtər və Ağdamda onlarla ev dağılıb, 2 sakin ölüb


Qarabağda artilleriya
Qarabağda artilleriya

Aprelin 28-nə keçən gecə Ermənistan silahlı bölmələri Tərtər və Ağdam rayonları ərazisində yerləşən yaşayış məntəqələrini atəşə tutub. Təmas xəttindən bütün xəbərlər burada.

Bu məlumat xəbərlər gəldikcə yenilənir. Ən son xəbərlər məlumatın əvvəlinə qoyulur.

Yaralılardan biri ölüb...

Ermənistan hərbi birləşmələrinin Ağdam rayonunun yaşayış məntəqələrini atəşə tutması zamanı yaralanan mülki şəxslərdən biri vəfat edib.

APA-nın xəbərinə görə, aldığı qəlpə yaraları ilə Ağdam Mərkəzi rayon Xəstəxanasına yerləşdirilmiş Çəmənli kənd sakini, 67 yaşlı Əli Hüseynov günorta saatlarında vəfat edib.

Dünən gecə atılan mərmilər nəticəsində bu rayonun Çəmənli kənd sakini Famil Mustafayev də həlak olmuşdu. Qalan yeddi yaralıdan isə dördünün vəziyyəti yaxşılaşdığından evə buraxılıb. Bir nəfərin - Zahid Rəhimovun vəziyyətinin ağır olduğu deyilir.

...dördü evə buraxılıb

Ermənistan ordusunun ağır artilleriya atəşi nəticəsində Ağdam rayonunda yaralanan 8 nəfərdən 4-ü artıq evə buraxılıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova APA-ya bildirib ki, həmin xəstələr lazımi tibbi yardım göstərildikdən sonra evə yazılıblar.

Yaralılardan biri əməliyyat olunub və hazırda reanimasiyadadır. Vəziyyəti orta-ağırdır. Digər xəstələrin isə müalicəsi davam etdirilir. «Bu günə kimi gətirilən yaralılara bütün lazımı tibbi xidmət göstərilib və bundan sonra da göstəriləcək. Bütün tibbi heyət, tibbi avadanlıqlar, qan bankı tam hazır vəziyyətdədir», - deyə S.Əhmədova söyləyib.

Aprelin 27-i axşam saatlarında yenidən cəbhə bölgəsində hərbi əməliyyatlar başlayıb. Təqribən 5-6 saat çəkən döyüşlərdə Azərbaycan tərəfdən 8 mülki şəxsin yaralandığı, bir nəfərin öldüyü bildirilir.

XİN mülki əhalinin bombalanmasını pisləyir

«ABŞ Dövlət Departamenti və Rusiya Xarici İşlər Nazirliyinin qoşunların təmas xəttində vəziyyətin gərginləşməsi ilə əlaqədar ifadə etdikləri narahatlıqlarını bölüşürük».

Azərbaycan Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin açıqlamasında belə deyilir.

Açıqlamada qeyd edilir ki, Ermənistan silahlı bölmələri aprelin 27-si axşam saatlarından Ağdam və Tərtər rayonlarında əhalinin sıx yaşadığı məntəqələri intensiv atəşə tutub: «Ağdam rayonunda bir nəfər mülki şəxs həlak olub, 7 nəfər isə yaralanıb. Bunun nəticəsində yalnız 27 apreldən 28-nə keçən gecə Tər-Tər və Ağdam rayonlarında 20-dən artıq mülkə ciddi zərər dəyib».

Hikmət Hacıyev bildirir ki, Ermənistanın nəzarətində olan əksər ərazilərdə mülki insanlar yoxdur. O, beynəlxalq ictimaiyyəti baş verənlərə biganə olmamağa çağırıb.

Cəbhədə sakitlikdir

«Hal-hazırkı saatlarda cəbhədə sakitlikdir, atəş dayanıb. Şəxsi heyət arasında hər hansı itki yoxdur».

Bunu AzadlıqRadiosuna Müdafiə Nazirliyi mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı bildirib.

Onun deməsinə görə, Ermənistan silahlı bölmələri əsasən mülki əhalinin yaşadığı məntəqələri top atəşinə tutub.

Mülki əhali arasında son bir gündə bir nəfərin öldüyü, səkkiz nəfərin yaralandığı deyilir.

Ağdamda 50-yə yaxın evə ziyan dəyib

Ötən gecə Ermənistan hərbi birləşmələrinin artilleriya zərbələri nəticəsində Ağdam rayonunda 50-yə yaxın fərdi yaşayış evinə və obyektə ziyan dəyib.

«Trend»in xəbərinə görə, bunu Ağdam rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov deyib.

İcra başçısı bildirib ki, Ermənistan hərbi birləşmələri rayonu ağır artilleriya atəşinə tutublar: «İlkin məlumata görə, rayonun Çəmənli kəndində 3 ev ciddi zədələnib, 1 ev tamam dağılıb, 1 avtomobil yararsız vəziyyətə düşüb, 1 at və bir inək ölüb. Bundan başqa, Qaradağlı kəndində 27 ev ciddi zədələnib, 5 ev tam dağılıb. Zəngişalı kəndində 8 ev zədələnib, 1 ev yanıb, 2 ev və 1 mağaza tamam dağılıb. Zəngişalı kəndindəki «Qara İnək» fermer təsərrüfatında 11 inək tələf olub, 19 inək xəsarət alıb. Hazırda rayon ərazisində mərmi zərbələrindən dağıdılan və zərər çəkən digər ev və obyektlərin sayı dəqiqləşdirilir».

Ağdamda ölən və yaralananlar var

Qarabağ cəbhəsində yenidən hərbi əməliyyatların başlaması nəticəsində mülki şəxslər arasında ölən və yaralananların olduğu bildirilir.

APA-nın xəbərinə görə, Ağdam rayonu Çəmənli kənd sakini Famil Mustafayev aldığı qəlpə yarasından həlak olub.

Ağdam Mərkəzi rayon Xəstəxanasına çatdırılan 67 yaşlı Əli Hüseynov və Zahid Rəhmanovun vəziyyəti ağırdır.

Xəstəxanadan verilən xəbərə görə, digər yaralılar Anar Abdullayevin, Elnur Məmmədovun, Elgiz Tağıyevin, Zahid Fərəcovun, Anar Məmmədovun və Sirdaş Kərimovun həyatına təhlükə yoxdur.

Qəlpə yarası alan sakinlərin 7-si Ağdamın Çəmənli kənd sakinidir.

Bu gecə həmçinin, Ermənistan Silahlı Qüvvələrinin açdığı atəş nəticəsində Ağdam rayonunda bir yaşayış evi yanıb. Rayonun Mahrızlı kənd sakini Bakir Qarayevin evinə top mərmisi düşüb. Ev qısa müddətdə əşyaları ilə birlikdə tamam yanıb. Ev sahibi evdə olmadığından xəsarət alan olmayıb. Qonşular yanan evi söndürə bilməsələr də, alovun həyətdəki digər tikiliyə keçməsinə imkan verməyiblər.

İcra başçısı: «Tərtərdə 51 evə ziyan dəyib»

Son günlər Ermənistan silahlı birləşmələrinin ağır artilleriya zərbələri nəticəsində Tərtər rayonunda 51 evə ciddi ziyan dəyib.

«Trend»in xəbərinə görə, bunu Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov deyib.

M.Məmmədovun bildirdiyinə görə, Tərtər şəhəri və rayonun 11 kəndi atəşə tutulub: «Nəticədə Tərtər şəhərində 11 evə ciddi ziyan dəyib. Bundan başqa, rayonun Qapanlı kəndində 2 ev, Yuxarı Qapanlıda 7, Hacı Qərvənddə 15, Qarağacı kəndində 11, Bala Səngərlidə 1, Buruc kəndində 3, Yuxarı Qaradağlıda 1 evə ciddi ziyan dəyib. Hazırda rayonun Şıxarx, Çaylı və Həsənqaya kəndlərində dağılmış evlərin sayı dəqiqləşdirilir».

Azərbaycan cavab verməyə məcbur olduğunu deyir

Müdafiə Nazirliyi bildirir ki, aprelin 27-si axşamdan 28-i saat 04:00 radələrinədək Ermənistan silahlı bölmələri Tərtər və Ağdam rayonları ərazisində yerləşən yaşayış məntəqələrini atəşə tutub.

Bu zaman 60, 82, 120 millimetrlik minaatanlardan, həmçinin 122 millimetrlik D-30 haubitsalarından istifadə edildiyi bildirilir.

Nazirliyin bildirməsinə görə, Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitinə uyğun olaraq qarşı tərəfə adekvat cavab zərbələri endirib.

Tərtərdə yenə atəşkəs pozulub

Aprelin 27-i axşam saatlarından cəbhənin Tərtər istiqamətində yenidən atəş səsləri eşidilib.

Bu barədə AzadlıqRadiosuna Tərtər şəhər sakinləri məlumat veriblər.

Müdafiə Nazirliyin mətbuat xidmətindən APA-ya isə deyiblər ki, Ermənistan silahlı bölmələri saat 23:30-dan başlayaraq təmas xəttinə yaxın yaşayış məntəqələrini atəşə tutublar. Mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlının bildirməsinə görə, Ermənistan tərəfi Tərtər rayonunun Qapanlı, Qəzyan kəndlərini və Tərtər şəhərini 122 mm çaplı D-30 tipli haubitsalardan atəşə tutur.

V.Dərgahlı deyib ki, Azərbaycan Silahlı Qüvvələri də qarşı tərəfin atəş nöqtələrinə cavab zərbələri endirir.

Son iki gündə də cəbhənin Tərtər istiqamətində oxşar hadisələr baş vermişdi. Azərbaycan tərəfi bildirirdi ki, Tərtər rayonunda 30-a qədər evə mərmi düşüb.

Aprelin 2-dən 5-nə kimi cəbhədə hərbi əməliyyatlar keçirilmişdi. Hər iki tərəfdən çoxlu sayda itkilərin olduğu bildirilir. Aprelin 5-i Moskvada tərəflər hərbi əməliyyatların dayandırılması ilə bağlı razılıq əldə ediblər. Ancaq bu razılığın son 3 gündə yenidən sərt qaydada pozulduğu deyilir.

Ağdam və Ağcabədidə evlərə mərmi düşüb

Aprelin 27-i cəbhə bölgəsində yenidən atəşkəsin pozulması nəticəsində bir mülki şəxs yaralanıb.

APA-nın xəbərinə görə, evə mərmi düşməsi nəticəsində Ağdam rayon Əfətli kənd sakini, 38 yaşlı Elnur Məmmədov xəsarət alıb. O, Ağdam Mərkəzi rayon Xəstəxanasına çatdırılıb.

Həmçinin top mərmisinin Ağcabədi rayonunun Qaraxanlı kənd sakini Bərxudar Xəlilova məxsus evdə yanğına səbəb olduğu bildirilir.

Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub.

Son günlərdə Tərtər rayonunda isə 30-dək evə, qəbiristanlığa mərmi düşdüyü bildirilir.

XS
SM
MD
LG