Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:31

Səhər Əhməd. Bunun da öz fəlsəfəsi vardı, başqaları anlamazdı


Səhər Əhməd
Səhər Əhməd

-

"Bax ha, ona “lobolu” deməyəsən."

Səhər Əhməd

ONA SEVIRƏM DEMƏYİN

Qırmızı şərab ağımsov xalçanın üstünə dağıldı, masanın şüşə üzlüyü çilik-çilik olub sınmış bokallara, qab-qacağa qarışdı, salatlar, məzələr ətrafa səpələndi.

Hər şey gözlənilmədən baş verdi. İra həmişəki kimi qışqırıb bağırmadı, söyüş söymədi, boğazının damarları gömgöy göyərib şişənə qədər qışqırmadı. O, bir müddət sakitcə oturub, gözünü məchul bir nöqtəyə dikdi, eləcə boş-boş baxdı. Və eləcə sakitcə oturub boş-boş baxdığı yerdə qəfildən əlini atıb, ani bir hərəkətlə masanı çevirdi.

Üçü də diksindi, Lena qınaqla Nizamiyə baxdı, Nizami qorxa-qorxa Azərə. Azər cəld qalxıb İranı qucaqladı:

- İrka, İroçka, əzizim...

İra pişik balası kimi Azərin sığalına yatdı, dağınıq saçlı başını onun sinəsinə qoyub hönkürdü. Ağzı Azərin köksünə dirəndiyindən hönkürtüləri çiliklənib otağa yayıldı:

- Azik, de ona, de, de!

Azər demişdi, əslində, demək nədi, tanış olduğu bütün rus qızlarına yarımca saat sonra “lyublyu” deyən Nizamini əməlli-başlı xəbərdar eləmişdi:

- Bax ha, ona “lobolu” deməyəsən.

İllüstrasiya
İllüstrasiya

İra Lenanın neçə illik rəfiqəsiydi, Lena Azərin neçə illik sevgilisi. Masadakı təqdim olunmayan yeganə adam - Nizami isə Azərin yerlisiydi. Hərdənbir Moskvaya - Azərin yanına gəlib-gedirdi, amma onların məclisində ilk dəfəydi.

Dünən telefonla danışanda Lena Azərdən xahiş eləmişdi ki, gələndə özüylə dostunu da gətirsin. “Yenə darıxır qız”,- İranı nəzərdə tutub beləcə kədərlə əlavə eləmişdi.

Azər sevgilisinin rəfiqəsini yaxşı tanıyırdı. İra sevdiyi oğlanı - Ruslanı on doqquz yaşında itirmişdi. Çeçenlərlə döyüşdə. Ruslanın cəmi iyirmi yaşı olanda. Onda sevgilisiylə birgə döyüşdə olan on doqquz yaşlı çarəsiz qız özünü vurmaq istəmişdi, amma ölüm ayağında olan Ruslan mane olmuşdu:

- Sən ölməyəcəksən, sənin ölməyə haqqın yoxdu, bizim cəsədimiz çeçənlərin əlində qalmayacaq. Bizim sevgimiz yaşayacaq. Sən məni burdan çıxaracaqsan, dəfn edəcəksən. Özün isə həyatını yaşacaqsan. Tez-tez qəbrimin üstünə gələcəksən. Ən gözəl mahnıları oxuyacaqsan, ən gözəl anları yaşayacaqsan. Mənim də əvəzimə...

Hər şey Ruslanın istədiyi kimi olmuşdu. İra yaşayırdı. Sevgilisinin qəbrini ziyarət edirdi. Tez-tez dost məclislərində dava salır, söyüş söyürdü, dəfələrlə damarlarını kəsmişdi, amma heç birində ölməmişdi. O, kişilərlə tanış olur, içki içir, ağlayır, ən gözəl mahnıları oxuyurdu. Eynən Ruslanın istədiyi kimi həyatını yaşayırdı. Ancaq bir şərti vardı, “mənə sevirəm deməyin”.

Bir az bundan qabaq təzəcə tanış olduğu Nizami qızın bu şərtini kobudcasına pozmuşdu. Həyatında allah bilir neçənci dəfəydi, İra bu şərti pozan kişini də, elə özünü də cəzalandırırdı.

Qırmızı şərab yavaş-yavaş ağımsov xalçaya hopurdu. Lena kresloya quylanıb siqaret çəkirdi. Nizami başını aşağı salıb divanda peşman-peşman oturmuşdu. Onun fısıltısı otağın sükutunu qəribə bir yeknəsəqliklə pozurdu.

Dağıdılmış çeçen şəhəri
Dağıdılmış çeçen şəhəri

Azər İranın qadınlıqdan çıxmış, damarları kəsik-kəsik qollarına baxırdı. O da müharibədə olmuşdu. Öz ölkəsində, öz torpaqlarını azad etmək üçün. Amma nə fərqi, müharibə bütün hallarda dəhşətlidi. Bunu döyüş görməyən adamlar anlamaz.

O da dəfələrlə qollarını doğramışdı, bunun da öz fəlsəfəsi vardı, bunu da başqaları anlamazdı. Odur ki, Azər indi bu yazıq qızı otaqdakılardan daha yaxşı başa düşürdü.

İranın hıçqırtısı tez-tez qırılır, səsi get -gedə öləziyirdi:

- Azik, de ona, Azik...

...Qırmızı şərab ağımsov xalçaya hopub qurtarmışdı. Lena siqaretini söndürmüşdü. Nizami daha fısıldamırdı. Azər İranın saçlarını sığallaya-sığallaya dodağının altında zümzümə edirdi:

“Siz benim neler çektiyimi

Nerden bileceksiniz.

Siz benim kime küsdüyümü

nerden bileceksiniz”.

İra sözlərini anlamadığı bu mahnıya qeyri-ixtiyari tabe olur, laylayla uyuyan körpə sayaq yavaş-yavaş sakitləşirdi.

XS
SM
MD
LG