Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 13:36

Markes: "Allaha inanmırsansa, heç olmasa, gərək əlamətlərə inanasan"


Gabriel Garcia Marquez
Gabriel Garcia Marquez

►"13 nəhs rəqəm deyil, əksinə..."

"Güldanda sarı qızılgül olmasa, yaza bilmirəm"

"Qızıl məndə yalnız bir assosiasiya doğurur: pox"

Nobel mükafatlı yazıçı Qabriel Qarsia Markeslə yaxın dostu, həmvətəni, yazıçı Plinio Apuleyo Mendozanın söhbətlərindən (ixtisarla)

- Bir dəfə demişdin ki, "əgər sən allaha inanmırsansa, heç olmasa gərək əlamətlərə inanasan". Bu, səndən ötrü ciddi mövzudur...

- Çox ciddi.

- Niyə?

- Mən əminəm ki, əlamətlərə inanmağın, yaxud əksəriyyətin "əlamətlərə inanmaq" adlandıırdığı nəsnənin təbiət qüvvələri ilə bağlılığı var. Amma rasional düşüncə (məsələn, Qərbdəki) bunu rədd edir.

- Gəl, bunun ən geniş yayılmış nümunələrindən başlayaq. 13 rəqəmi. Onun nəhsliyinə inanırsan?

- Məncə, əslində, əksinədi. Bilənlər bilir və bunu nəhs əlamət kimi ona görə təqdim edirlər ki, (amerikanlar onu ümumiyyətlə çıxdaş ediblər, orda otellərdə onikinci mərtəbədən sonra ondördüncü gəlir) başqa heç kəs ondan istifadə etməsin və xeyrini yalnız özləri görsünlər. 13 doğrudan da xoşbəxtlik gətirir. Qara pişik, nərdivan altından keçmək də onun kimi.

- Sənin evində həmişə sarı güllər olur. Nədir onların əhəmiyyəti?

- Yan-yörəmdə sarı güllər olarsa, mənə heç vaxt heç bir bədbəxtlik üz verməz. Tam təhlükəsizlik üçün mənə bir sarı gül lazımdı (sarı qızılgül lap yaxşı olardı), bir də qadınlarla əhatə olunmaq.

- Mersedes (yazıçının həyat yoldaşı - tərc.) həmişə sənin masana qızılgül qoyur.

- Həmişə. Bir neçə dəfə olub ki, yazmağa çalışımışam, amma alınmayıb, ilişiib qalmışam, vərəqi vərəq dalınca atmışam, səbəbini güldana baxanda anlamışam... qızılgül olmayıb. Qışqırıb gül istəmişəm, gətiriblər və iş ondan sonra axarına düşüb.

- Sarı rəng sənə düşür?

- Sarı rəng hə, amma qızıl yox. Qızılı rəng yox. Məndə qızıl yalnız bir assosiasiya doğurur: pox. Mən o poxu uşaq vaxtından özümdən uzaq tutmağa çalışmışam. Bunu mənə psixoanalitik də deyib.

- "Yüz ilin tənhalığı"ndakı surətlərdən biri qızılı it poxuna oxşadır.

- Hə, Xose Arkadio Buendia başqa metalları qızıla çevirməyin formulunu tapanda və təcrübənin nəticəsini oğluna göstərəndə deyir: "Lap it poxuna oxşayır".

- Deməli, sən heç vaxt qızıl taxmırsan.

- Heç vaxt. Nə saat. nə zəncir, nə qızıl üzük, nə də qolbağ. Mənim evimdə heç bir qızıl əşya görməzsən.

- Venesuelada həyatda bizə böyük kömək olacaq bir şeyi də öyrəndik, o da pis zövqlə uğursuzluğun əlaqəsidir. Venesuelalıların leksikonunda uğursuzluq gətirmək və yerə-göyə sığmayan adamlar, dəbdəbəli əşyalar, iddialı davranışlar barəsində işlədilən bir söz var: "pava".

- Hə, bu, adi adamların özlərini nouveaux riches (qəfil varlananlar - tərc.) zümrəsində “fontan vuran” pis zövqdən qorumaq üçün yaratdıqları qeyri-adi müdafiə mexanizmidir.

- Sən o cür “pava”lı şeylərin tam siyahısını da tutmuşdun, elə deyilmi? O siyahıdan yadına nələr düşür?

- Ən çox gözə girən, ən aydın olanı qapıların arxasındakı iri balıqqulaqlarıdır.

- Evlərdəki akvariumlar…

- Plastik güllər, tovuzquşular, o bəzəkli Manila şalları… Siyahı çox uzundu.

- İspaniyadakı restoranlarda müştəriləri əyləndirən, uzun qara plaş geyən gəncləri də demişdin.

- Tələbələrin musiqi qrupları. Bundan betər “pava” yəqin çətin tapılar.

- Rəsmi libaslar da?

- Hə, amma bunun da dərəcəsi var. Məsələn, frakın “pava”sı smokinqdən çoxdu, amma redinqotdan azdı.

- Nə vaxtsa frak geyinmisən?

- Heç vaxt.

- Heç vaxt geyinməyəcəksən? Bəs Nobel alsan, neyləyərdin?

- Mən indiyəcən mərasimlərdə iştirak etməyim üçün frak geyinməyəcəyimi şərt kimi qoymuşam. Əlimdən ayrı nə gələ bilər ki. Frak - uğursuzluq gətirir. (Ardı aşağıda)

Markesə Nobel mükafatı təqdim edilir

- Biz “pava”nın bir qədər zəif formalarını da tapmışdıq. Məsələn, sən əminsən ki, lüt siqaret çəkmək uğursuzluq gətirmir, amma lüt gəz-gəzə siqaret çəkmək gətirir.

- Ayağında ayaqqabı lüt gəzişmək də.

- Şübhəsiz.

- Yaxud da ayağında corab sevişmək. Ən təhlükəli şeydi. Heç vaxt alınmayacaq.

- … Bir yazıçı var, hara getsə, “pava”sını da özüylə aparır. Adını çəkməyəcəm… Belə adamlarla qarşılaşanda neyləyirsən?

- Çalışıram onlardan uzaq olum. Ən əsas da mən onlarla eyni məkanda yatmıram. Bir neçə il əvvəl Mersedeslə Costa Bravadakı bir şəhərdə ev kirələmişdik. Çox keçmədi ki, qonşuluqdakı qadının – yaxınlaşıb bizə salam verərdi – “pava”sı olduğunu yəqin etdik.Mən orada yatmaqdan imtina etdim. Gündüzü orda keçirirdim, gecəysə evdən çıxırdım. Dostumun evində yatırdım. Mersedesi boğaza yığmışdım, amma neyləmək olardı…

- Gəl xoşladığın şeylərdən də danışaq. Qadın jurnalları üslubunda. Adətən Kolumbiyada gözəllik kraliçalarına verilən suallara səndən də cavab istəmək əyləndiricidir. Ən çox sevdiyin kitab hansıdır?

- "Kral Edip"

- Sevimli bəstəkarın...

- Bela Bartok.

- Sevimli rəssamın...

- Qoyya.

- Heyran olduğun rejissor...

- Orson Uels. Xüsusən də "Ölümsüz hekayət"ə görə. Bir də Kurosava. "Qırmızı saqqal"ına görə.

- Sənə ən çox ləzzət edən film...

- Rosselininin "General della Rovere"si.

- Bir ayrısı.

- Trüffonun "Jül və Cim"i.

- Ən çox hansı film qəhrəmanını yaratmaq istərdin?

- General della Rovereni.

- Hansı tarixi şəxsiyyət səni daha çox maraqlandırır?

- Yulius Sezar. Amma yalnız ədəbiyyat nöqteyi-nəzərindən.

- Bəs hansından zəhlən gedir?

- Xristofor Kolumbdan. Əsl "pava"lı. bax odur. "Patriarxın payızı"ndakı surətlərdən birinin təbirincə desək.

- Sənin sevimli ədəbi qəhrəmanların...

- Qarqantua, Edmond Dantes və qraf Drakula.

- Sevmədiyin gün...

- Bazar günü.

- Bilirik ki, sevdiyin rəng sarıdır. Sarının hansı çaları?

- Mən bunu bir dəfə belə təsvir etmişdim - Günorta saat üçdə Yamaykadan görünən Karib dənizinin sarısı.

- Və ən çox sevdiyin quş...

- Bunu da demişəm: Canard à l'Orange (ördək ətindən fransız yeməyi... - tərc.).

Canard à l'Orange.
Canard à l'Orange.

İngiliscədən tərcümə: Oxuzalı

XS
SM
MD
LG