Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 02:32

Azərbaycanda gizli hökumət də var?


►BVF-lə hökumətin proqnozları haçalanır

Ekspertlərin fikrincə, iqtisadiyyat BVF-in proqnozundan da çox kiçilə bilər

Neftin ucuzlaşması, manatın dəyərsizləşməsi və zəifləməsi nəticəsində ötən il iqtisadi artım 1,1 faizə enib.

Bu məlumat Beynəlxlaq Valyuta Fondunun (BVF-in) Azərbaycanda səfərdə olan nümayəndə heyətinin rəhbəri Mohammed Əl-Qorçi-nin bəyanatında yer alıb.

Bəyanatda deyilir ki, bu ilə proqnoz mənfi 2,4 faizdir:

“Gələn il iqtisadi islahatlara başlamaq və qaz hasilatını artırmaqla əlaqədar Azərbaycan ÜDM-nin artımı 2,5-2,75 faiz olacaq. Struktur islahatların tam icrası iqtisadi artım potensialını təxminən 4 faizdən 5 faizədək yüksəldə bilər".

Prezident: “2016-cü il sabitləşmə ili olmalıdır”

BVF proqnozlarının əksinə, hakimiyyət iqtisadiyyatda sabitləşmə gözləyir. Növbəti - 23-cü Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin açılışında Azərbaycan prezidenti İlham Əliyev bu ili neft ölkələri, o cümlədən Azərbaycan üçün sınaq ili sayır:

“Azərbaycan bu sınaqdan uğurla çıxır. 2016-cü il sabitləşmə ili olmalıdır, gələn ilsə artım olacağına inanıram. Hər il iqtisadi artım olub, indi yeni dövr başlayıb. Ancaq biz istənilən sınaqdan uğurla çıxa bilirik və çıxacağıq”.

“Hökumət sözünə əməl etsə...”

Qubad İbadoğlu
Qubad İbadoğlu

İqtisadçı alim Qubad İbadoğlu BVF nümayəndələrinin Azərbaycandan çox nikbin ayrıldıqlarını söyləyib:

“Çünki onlarla görüşəndə mən də gördüm ki, gözləntiləri çox böyükdür. Əlbəttə, verilən sözlər tutulsa, nikbinlik üçün əsas yarana bilər. Məncə, hər şey hökumətin struktur islahatlarını necə aparmasından və ölkə iqtisadiyyatının şaxələnməsindən, dövlətin rəqabətə dəstəyindən asılıdır”.

Ekspertin fikrincə, bu il milli iqtisadiyyat istənil halda kiçiləcək:

“Hazırda onun hansı səviyyəyədək baş verməsi müzakirə mövzusu ola bilər. Hökümət BVF rəsmilərinə verdiyi sözə əməl etsə, onda ilin sonunda 2-3 faiz arasında azalma gözləməli olacağıq. Əks təqdirdə, azalma 3 -5 faiz arasında olacaq”.

____________________________________________________________

Bunlara da bax:
Siqaretə məhdudiyyət qoyula bilər
Almaniya parlamenti "erməni soyqırımı"nı tanıdı

____________________________________________________________

“Belə çıxır ki, 2-ci Nazirlər Kabineti də var”

Gələn ilə gəlincə, Q. İbadoğlu həmin il artımın bankların indidən necə sağlamlaşdırılmasından və sərmayə mühitinin yaxşılaşdırılma səviyyəsindən asılı olacağını düşünür:

“Hökumət xaricdən borc sərmayə cəlb edəcəksə, o halda bu artıma gətirib çıxara bilər. Yeri gəlmişkən, BVF açıqlamasında qeyd edib ki, hökumətin qeyri- rəsmi kordinasiya mərkəzi var. Bunu deyərkən, onlar nəyi nəzərdə tuturlar? Belə çıxır ki, 2-ci Nazirlər Kabineti də var”.

“Tənəzzül əlamətləri ötən ilin əvvəlindən hiss edilirdi...”

İqtisadçı ekspert Rəşad Həsənov da Azərbaycan iqtisadiyyatında geriləməni gözlənilən sayır:

“Bunun əlamətləri hələ 2015-ci ilin əvvəlindən hiss edilməyə başlanmışdı. Tənəzzülün səbəblərini - yüksək resurs asılılığı, neftin ucuzlaşması, devalvasiya nəticəsində artan inflyasiya və azalan istehlak gücü, o cümlədən kreditləşmə səviyyəsinin minimuma düşməsi və azalan pul kütləsi kimi sıralaya bilərik. Ümumilikdə, Azərbaycan hökuməti də daxil, cox az qurum bu ilə optimist yanaşırdı. Məsələn, Dünya Bankı bu ilin yanvarında 2016-cı ildə Azərbaycan iqtisadiyyatında 0,8 faiz artım proqnozlaşdırırdı. “Bloomberg” agentliyinin ekspertləri nisbətən yüksək – 2,4 faizlik artım olacağını bildirmişdilər”.

“Budəfəki iqtisadi kiçilmə daha çox qeyri-neft mənşəli olacaq”

Ekspertin fikrincə, ölkə iqtisadiyyatının ilin ilk aylarından kiçilməsi bir sıra təşkilatların proqnozunu dəyişdirdi:

“İqtisadi kiçilmə aylar üzrə daha da dərinləşdi və yanvar-aprel aylarında 4,5 faizə yüksəldi. Bu zaman Dünya Bankı da daxil, beynəlxalq reytinq agentlikləri və maliyyə institutlarının çoxu Azərbaycan iqtisadiyyatının bu il üçün proqnozlarını neqativə çəkdilər. Maraqlısı odur ki, budəfəki iqtisadi kiçilmə daha çox qeyri-neft mənşəli olacaq. Çünki kiçilmə daha çox daxili istehlak məqsədli istehsal mühitindən, istehlakın ilboyu zəifləməsindən qaynaqlanacaq. Təsadüfi deyil ki, "Fitch Ratings" agentliyi ölkə iqtisadiyyatının neftdənkənar bölümündə bu il 4 faiz azalma proqnozlaşdırır. Bu günlərdə BVF-in əvvəlki proqnozunu nisbətən yumşaltması isə hazırda neft qiymətlərində müşahidə edilən artım və iqtisadi islahatlara inamdan qaynaqlanır”.

R.Həsənov bu il iqtisadi geriləmənin proqnozlardan daha yüksək səviyyədə qeydə alınacağını düşünür: “Ancaq illeqal iqtisadiyatın imkanlarından yararlanaraq, rəsmi göstəriciləri olduğundan daha müsbət meylli göstərmək mümkün olacaq”.

DİNLƏ: Günün əsas hadisələri Azadlıq Radiosunda (2 iyun)

Almaniya parlamentinin "soyqırım"ı tanıyan qətnaməsinə Bakıdan reaksiyalar
Günün hadisələri Azadlıq Radiosunda (2 iyun)
Gözlə

No media source currently available

0:00 0:30:00 0:00
Direct-ə keçid

BAX: Günün əsas hadisələri Azadlıq Radiosunun TV proqramında (2 iyun)

Mehriban Əliyevanın təklif etdiyi amnistiya aktı: "Kimin pulu var çıxacaq"...

XS
SM
MD
LG