Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 12:34

BBG rəhbəri Xədicədən yazır


John F. Lansing
John F. Lansing

-

«Xədicənin buraxılması daha böyük bir savaşda kiçik bir qələbədir»; Trump-in adamı Azərbaycan üçün lobbiçilik edib? – 9 iyun Qərb mediasının icmalı.

«2016-cı il mayın 25-də dünya azacıq da olsa, daha təhlükəsiz bir məkana çevrildi. Yerli vaxtla saat 2-də Azərbaycan Ali Məhkəməsi bütün dünyadan səslənən insan haqları fəalları və mətbuat azadlığı təbliğatçılarının tələblərini yerinə yetirdi, araşdırmaçı jurnalist, Azad Avropa/Azadlıq Radiolarının əməkdaşı Xədicə İsmayılovanı azadlığa buraxdı». «The Huffington Post» qəzeti ABŞ-ın Beynəlxalq Yayım Şurasının rəhbəri John F.Lansing-in «Qlobal mətbuat azadlığının sənə niyə dəxli var» adlı məqaləsini dərc edib.

«Bu hadisəni bayram etməyimizə baxmayaraq, bu, heç də hər şeyin xoşbəxt sonluqla bitməsi deyil. Xədicənin buraxılması, ən yaxşı halda, daha böyük bir savaşda kiçik bir qələbədir», - müəllif yazır.

Qorxurlar

«Faktiki olaraq, Xədicənin ədalətsiz həbsi daha böyük, narahatlıq yaradan qlobal trendin bir hissəsidir. Dünyada hökumətlər azad informasiya axınına getdikcə daha artıq basqı göstərir, dialoqun və narazıların səsini kəsir, müdafiəyə layiq olmayanları qorumaqdan ötrü reallığı təhrif edirlər: tiranlıq, kleptokratiya, cinayət, dini dözümsüzlük və insan haqları pozuntularına haqq qazandırmağa çalışırlar», - yazan müəllif vurğulayır ki, Xədicə kimi jurnalistlərin susdurulması cəmiyyətin bütün səviyyələrinə təsirini göstərir.

«Bunu hər gün gördüyümdən bilirəm. BBG rəhbəri olaraq, «Amerikanın Səsi», Azad Avropa/Azadlıq Radioları, Azad Asiya Radiosu, Marti Radio və Televiziyası və Yaxın Şərq Yayım şəbəkələrinin işinə nəzarətə və koordinasiyasına məsulam. Bütün dünyada Xədicə kimi yüzlərlə kişi və qadın işçimiz var. Onlar azad və dəqiq xəbər, informasiyaya töhfələrini verir, planetin ən qapalı guşələrində informasiyalı müzakirələri həvəsləndirirlər...

Azad Avropa/Azadlıq Radioları
Azad Avropa/Azadlıq Radioları

İndi bu nəcib xidmətə həmişəkindən daha böyük ehtiyac var. Rusiyanın periferiyasında Kremlin nəzarətində olan media at oynadır, Çində və Kubada dövlət mediası informasiya axınına nəzarət edir, İran icazəsiz informasiyanı bloklayır və «İslam Dövləti» silahlı qruplaşması tutduğu yeni ərazilərdə ilk addım kimi kənar medianı məhdudlaşdırır. Bu səbəbdən jurnalistlərimiz və digərləri getdikcə daha çox hədəfə alınırlar. Rejimlər onların etdiklərindən – faktları və həqiqəti söyləməyindən hər şeydən çox qorxur», - yazan müəllif Xədicənin korrupsiyadan yazdığına görə həbsdə 537 gün keçirdiyini vurğulayır.

Məşəldaşıyan

«Barəsindəki hökmə yenidən baxılsa da, azadlığa şərtlə buraxılıb. 3 il yarımlıq şərti cəzaya 5 illik sınaq müddəti də əlavə olunub, yəni ölkədən çıxa bilməz. Onun AzadlıqRadiosundakı həmkarlarına qarşı təhqiqat davam edir, Bakı ofisi 2014-cü ilin dekabrından bağlıdır».

BBG rəhbəri Vyetnamda, Türkmənistanda da jurnalistlərə həbs cəzaları kəsildiyini yada salır. «Bu səbəbdən Xədicənin buraxılması özü və tərəfdarlarından ötrü illərlə qeyd edəcəyimiz böyük qələbə olsa da, Azərbaycanda və dünyanın qalan hissəsində mətbuat azadlığı yönündə kiçik bir addımdır. Təməl insan hüququ olan mətbuat azadlığı bütün demokratik və azad cəmiyyətlərin kökündə durur, hamımız bu hüququ boğan hökumətlərdən hesab sormalıyıq. Ağır mübarizə davam etməkdədir».

«Sadəcə, mətbuat azadlığına bəşəri hüquq və universal prioritet kimi yanaşmalıyıq. Doğrudan da, jurnalistlərin bu təqib erasını bitirməyi hədəfləyən qlobal hərəkat başlayıb. BBG və şəbəkələri bu savaşda məşəldaşıyan olacaq, biz əzilən cəmiyyətlərdə və dünyanın qalan hissəsində kişilərlə qadınlar arasında körpü salmağa çalışacağıq. Və biz öz azadlığını bizə görə qurban verən naməlum qəhrəmanları diqqət mərkəzində saxlayacağıq».

«Müstəqil səsləri itirəndə, informasiya məkanını düşmən rejimlərə, ekstremistlərə buraxmaq riskiylə üzləşirik. Bunun baş verməməsi üçün bütün səylərimizi səfərbər edəcəyik», - BBG rəhbəri yazır.

Jim Murphy
Jim Murphy

TRUMP-IN ADAMI AZƏRBAYCAN ÜÇÜN LOBBİÇİLİK EDİB?

«The Daily Beast» saytı ABŞ-da prezidentliyə respublikaçı namizəd Donald Trump-ın seçki kampaniyasına qoşulmağın bir sıra məziyyətlərini sadalayır.

Müəllif ironiyayla yazır ki, kampaniyaya qoşulmağın ilkin şərtləri sırasında DC-də hərbi xuntaları təmsil etmək, sosial təhlükəsizlik sahəsində özəlləşdirmənin təbliğində saxta könüllülərdən istifadə, iqlim dəyişikliyinin təsirini danmaqdan ötrü «ExxonMobil» şirkətindən pul almaq da var.

Yazıda Trump-ın kampaniyasına yenicə qoşulmuş Jim Murphy-dən söz açılır. O, «DCI Group» lobbi şirkətinin keçmiş prezidentidir. Bazar ertəsi Trump-ın kampaniyasının yeni milli siyasi direktoru elan olunub. Bu barədə «The New York Times» qəzeti yazıb. Murphy 2007-ci ilin avqustundan 2012-ci ilin iyununadək şirkətin prezidenti olub. Müəllif yazır ki, məhz bu dönəmdə DCI-nin bəzi qaranlıq müştəriləri olub. Məsələn, Myanma hərbi rejimi ilə əməkdaşlıq edib və səkkiz aylıq xidmətə görə 340 min dollar alıb. Daha sonra ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) Birma bölümünün keçmiş rəhbəri Barry Broman ayda 5 min dollar maaşa DCI-yə işləməyə başlayıb və s.

«DCI-nin repressiv rejimlərlə işbirliyi bununla bitmir. 2012-ci ildə Azərbaycan bu şirkətlə aya 20 min dollara müqavilə bağlayır ki, Birləşmiş Ştatlarda ictimai əlaqələrini yaxşılaşdırsın. Dövlət Departamenti bu ölkədə insan haqlarının pis durumda olduğunu qeyd edir, özəlliklə də toplaşma, ifadə azadlıqları, məhkəmələrin rolu və mülkiyyət hüquqlarına sayqı baxımından. DCI-Azərbaycan tərəfdaşlığının məqsədi ölkənin enerji resurslarını Birləşmiş Ştatlara bir fayda kimi təqdim etmək idi».

Murphy özü Trump-ın kampaniyasında yeni rolu barədə şərh verməyib. Seçki qərargahından da açıqlama verən olmayıb. Kampaniyanın sözçüsü Hope Hicks isə «The Associated Press» agentliyinə deyib ki, onun barəsində heç eşitməyib.

XS
SM
MD
LG