Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 02:21

Bayram gəlir, bazar bahalaşır


Heydər Əliyev və İlham Əliyev
Heydər Əliyev və İlham Əliyev

Hakim siyasətin təbliği, ölkə səhiyyəsinin vəziyyəti və bayram ərəfəsində bazardakı qiymətlər bu gün medianın aparıcı mövzusudur.

NADİR ÖLKƏ

«Azərbaycan» qəzetində «Azərbaycan dünya miqyasında nadir rolu olan ölkədir» sərlövhəli məqalə dərc edilib.

Məqalədə Azərbaycan hakimiyyətinin siyasi kursu təbliğ olunur.

«Prezident İlham Əliyev bəyan edib ki, bizim qarşımızda duran strateji vəzifə Azərbaycanın müstəqilliyini daha da möhkəmləndirmək və bütün sahələr üzrə onu dünyanın inkişaf etmiş, rəqabətədavamlı ölkələr sırasına çıxarmaqdır»,- müəllif yazır.

Yazıda vurğulanır ki, prezident dövlətçilik təcrübəsində siyasi varislik ənənələrini davam etdirir və mütərəqqi inkişafa üstünlük verir: «Prezident İlham Əliyev ulu öndərin zamanında böyük müdrikliklə irəli sürdüyü ideyaları XXI əsrin tələblərinə, dövrün, zamanın ruhuna uyğun olaraq təkmilləşdirən, inkişaf etdirən alternativsiz liderdir. Bütün bunların fonunda ölkə vətəndaşlarının böyük əksəriyyəti cənab İlham Əliyevə etimad göstərir. Onun rəhbərliyi altında respublikamızın qarşıdakı illərdə daha böyük uğurlar qazanacağına inanırlar».

Müəllifin fikrincə, reallığı operativ və obyektiv dəyərləndirməsi, milli maraqlar naminə cəsarətli addımlar atması, istənilən ekstremal şəraitdə düzgün qərar qəbul etməsi, taleyüklü problemlərə həssas yanaşması İlham Əliyevin praqmatik lider kimi üstün cəhətidir.

Yazıda qeyd edilir ki, Azərbaycan öz milli inkişaf modeli ilə tanınır. Bu modelin üstün cəhətləri beynəlxalq maliyyə qurumlarında müzakirə edilir. Müəllif vurğulayır ki, ölkədəki uğurların kökündə xalqın hakimiyyətə dəstək verməsi durur: «Prezident İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli siyasətin ən ali məqsədi Azərbaycanın hər bir vətəndaşı üçün layiqli və firavan həyat tərzinin təmin olunması, ölkədə azad, demokratik cəmiyyətin qurulmasıdır. Bütün bu proseslərdə dövlət başçısına ən böyük dəstək xalqdan gəlir».

Cəmil Həsənli
Cəmil Həsənli

SƏHİYYƏ BATIR...

Azadliq.info saytında isə Milli Şura sədri Cəmil Həsənlinin ölkədə səhiyyə sisteminin sərt tənqid olunduğu yazısını oxumaq olar. «Səhiyyəmiz batır-onu batıran rejimin özü kimi» sərlövhəli yazıda son vaxtlar bəzi həkimlərin məsuliyyətsizliyi üzündən baş verən ölüm hallarına diqqət çəkilir:

«Səhiyyə sisteminin böhranı göz qabağındadır. Bir sıra özəl xəstəxanalarda həkimlərin üzərinə həftəlik və aylıq cərrahiyə planları qoyurlar. Pul qoparmaq üçün insan cəlladları kiçik bir düyün və sızanağa görə yüzlərlə, minlərlə qadının döşünü kəsib ölkənin qız-gəlinlərini şikəst edirlər».

C.Həsənli yazır ki, dövlət məmurları müalicə və müayinəyə xaricə gedirlər. Azərbaycanın yoxsul insanları isə bu səhiyyənin öhdəsinə buraxılıb. O, sual edir: «150-200 manat əməkhaqqı, pensiya və müavinət alan insanlar harada müalicə almalıdır? Lazımı kadr potensialı və texniki imkanları olmayan, tibb müəssisələrindən daha çox biznes qurumlarına çevrilmiş belə klinikalar niyə insanların həyatı ilə oynamalıdır?».

C.Həsənli mövcud vəziyyətə görə tək-tək həkimləri yox, bütünlükdə sistemi günahlandırır: «Şübhəsiz ki, vicdanlı, öz peşəsinə hörmətlə yanaşan həkimlərimiz var. Amma səhiyyəmiz bir sistem olaraq batmaqdadır, onu batıran hakim rejimin özü kimi».

Yaşıl bazar
Yaşıl bazar

BAYRAM GƏLDİ, HEÇ BİLMİRƏM, NEYLƏYİM

ANSpress.com saytı Ramazan bayramı ərəfəsində bazardakı qiymətlərdən söz açır. Sayt bayram süfrəsinin neçəyə başa gəldiyini araşdırıb.

Yazıda əvvəlcə xurmanın qiymətindən bəhs edilir. Xəbərdə qeyd edilir ki, qiymətlər 3 və 15 manat arasında dəyişir. İnsanlar ucuz olduğundan daha çox İrandan gətirilən xurmalara üstünlük verirlər.

Sayt bəzi məhsulların qiymətini ötən ilin eyni dövrü ilə müqayisə edir. Düyünün qiymətində 1-2 manat artım var. Üstəlik, qaysının, kişmişin və quru meyvələrin qiymətində də artım olduğu bildirilir. Sayta danışan satıcılar bunu həmin məhsulların xaricdən gətirilməsi ilə izah edirlər: «Bir sözlə, alıcılar Ramazan süfrəsi üçün nəzərdə tutulan taamlardan xurmanın bir kq-nı 3-15 manata, düyünün bir kq-nı isə 2.50-8 manata ala bilərlər. Qaysı 8-12, kişmiş 5-9 manat arasında dəyişir. Mal ətini 7 manata, qoyun ətini 10 manata, qoz-fındığı 5-11 manata almaq olar».

Yazıda qeyd edilir ki, bunların üzərinə meyvə-tərəvəz və işlədiləcək yağ məhsulları da əlavə edilməlidir: «O zaman 4-nəfərlik ailənin bayram süfrəsinin 100-120 manata başa gəldiyini söyləmək olar».

XS
SM
MD
LG