Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 20:46

Taleh Bağırov: “Kimdənsə 1 manat aldığımı sübut eləsələr...”


Taleh Bağırov
Taleh Bağırov

►"Mən beş il İranda, bir il İraqda oxumuşam, amma xaricdə təhsil aldığım dövrlə bağlı səhifələr o qədər ağappaqdır ki, istər DTX, istərsə də başqa qurum nə qədər araşdırma aparsa, heç nə tapa bilməz”

"Əli Həsənovun sifarişi ilə bütün həftə ərzində televiziya məkanında, Nardaran hadisələri vaxtı olduğu kimi, bizə qarşı şər-böhtan kampaniyası aparıldı. Heç bir məhkəmə hökmü olmadan bizi "terrorçu" elan edirlər. Cənab hakim, belədirsə, siz yerinizi verin Əli Həsənova, gəlib burada bizi mühakimə eləsin. Hamı bilir ki, televiziya məkanına sifarişi o verir. Hamı bilir ki, bu məhkəmə deyil, nə sifariş veriləcəksə, o da olacaq. Yuxarıdan yazıb göndərəcəklər ki, Taleh Bağırova ömürlük, filankəsə ömürlük, filankəsə 20 il..."

Bunu "Müsəlman Birliyi Hərəkatı" adlı təşkilatın sədri Taleh Bağırov avqustun 10-da özü, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı da daxil olmaqla, 18 nəfərin mühakimə olunduğu "Nardaran işi" üzrə məhkəmədə deyib.

Buna da bax: Nardaran qarşıdurması (4-cü hissə) - jurnalist araşdırmasının nəticələri

“İLLƏRDİR XALQA ZÜLM ELƏYİRLƏR”

İlahiyyatçı bildirib ki, əgər xarici qüvvələrdən bir manat pul aldığı təsdiqlənsə, bütün ittihamları üzərinə götürməyə hazırdı:

"Mən beş il İranda, bir il İraqda oxumuşam, amma xaricdə təhsil aldığım dövrlə bağlı səhifələr o qədər ağappaqdır ki, istər DTX, istərsə də başqa qurum nə qədər araşdırma aparsa, heç nə tapa bilməz. Əgər mənim kimdənsə, 1 manat aldığımı sübut eləsələr, hər şeyi boynuma götürməyə hazıram. And olsun o üç körpə balamın canına ki, nə İranla, nə Turanla heç bir əlaqəm yoxdur. Bu nə cəfəngiyyatdır? Artıq hamı görür ki, bizim günahımız yoxdur, ona görə də hakimiyyət başını itirib. Özləri illərdir xalqa zülm eləyirlər, xalqın səsini oğurlayıb, hakimiyyətdə oturublar, bizi 8-9 aydır terrorçu kimi qələmə verirlər. Xahiş edirəm, məhkəmə bizə qarşı bu cür qanunsuzluqların qarşısının alınması barədə göstəriş versin".

Bakı Ağır Cinayətlər Məhkəməsində bu prosesə sədrlik edən hakim Əlövsət Abbasov cavabında deyib ki, məhkəmənin KİV-ə göstəriş vermək səlahiyyəti yoxdur.

Daha sonra təqsirləndirilən şəxslərdən dörd nəfər ifadə verib.

Buna da bax: Nardaran qarşıdurması (3-cü hissə) - jurnalist araşdırmasının nəticələri

“DÖYÜLMƏK” YÜNGÜL SÖZDÜ”

Etibar İsmayılov ifadəsində bildirib ki, noyabrın 26-da hadisə baş verən evə İmam ehsanına getmişdi. Onun sözlərinə görə, günorta namaz vaxtı evə silahlı polislər hücum edib:

"O vaxt Kərbəla müsibəti olmuşdu, indi Nardaran müsibəti oldu. Yezidin davamçıları bizə hücum elədilər, Məhərrəm ayında qan tökdülər. Bizim heç birimizdə silah olmayıb. Bunu prokuror, müstəntiq yaxşı bilir. Silah səsləri eşitdim, evin qapısından çıxanda məni tutub mətbəxə atdılar, döyə-döyə əl-qolumu bağladılar, sonra da tulladılar mebel maşınının içinə, orada döyməyə başladılar. "Döyülmək" yüngül sözdü. Avtomatın qundağı ilə elə vururdular ki, elə bil düşmənik. Fərahim qardaşımızı maşında döyə-döyə öldürdülər. Bizi "bandotdel"ə apardılar, 30 nəfər də orada gözləyirdi. Çatan kimi, həyətdə döydülər. Əvvəl burnumu əzmişdilər, sonra gözümün altını, həyətdə də dişlərimi tökdülər. Şalvar-köynəyimiz, hətta ayaqqabımız da qan içində idi".

Həbs edilənlərin heç birində silah olmadığını deyən E.İsmayılov qeyd edib ki, həbs qərarı üçün məhkəməyə aparanda onlara təzə pal-paltar geyindiriblər: "Bizi məhkəməyə aparanda bəy kimi bəzədilər".

Nardaran qarşıdurması (2-ci hissə) - jurnalist araşdırmasının nəticələri

“GÜLLƏNİ SƏPƏLƏMƏYİN, ÖZÜMÜZÜNKÜLƏRƏ DƏYİR”

Digər təqsirləndirilən Bəhruz Əsgərov hadisə zamanı ayağından güllə yarası alıb:

"Bir hissə darvazadan hücum elədi, bir hissəsi də hasarlardan. Ata-ata gəlirdilər. Əsasən də hasardakılar atırdı. Qabaqdakılar qışqırdı ki, "gülləni səpələməyin, özümüzünkülərə dəyir". Mənə də güllə dəydi. Amma məni də tutub yerə uzatmışdılar, həmin vaxt Hacı Əbülfəzi (evin sahibi) gördüm, bir də Sarvanı (hadisə nəticəsində ölənlərdən biri). Qadınlar da əllərində Quran, ağlaya-ağlaya çıxdılar bunların qabağına. Qadınları itələyəndə Sarvan qışqırdı ki, “bu nə qeyrətsizlikdi siz eləyirsiz?” Sarvan qabağa gedəndə onu vurdular. And olsun Allaha, Sarvanın əlində heç nə yox idi..."

Polislər əməliyyatdan sonra gedəndə B.Əsgərovu aparmayıblar. Onu, eləcə də həmin vaxt yaralı olan Sarvan Səfərovu sonradan qəsəbədəki tibb məntəqəsinə, oradan da Sabunçudakı 3 saylı xəstəxanaya çatdırıblar: "Məni əməliyyata saldılar, bir də ayıldım ki, əllərim qandallıdır, çarpayıya bağlayıblar. 9 gün reanimasiyada qaldım, başımızın üstündəki polislər insan mənəviyyatına sığmayan söyüşlər söyürdülər. Sonra çıxarıb "bandotdel"ə apardılar. Əgər mən cinayətkar olsaydım, heç xəstəxanaya getməzdim, qaçardım. Məni sanksiya üçün məhkəməyə aparanda vəkil mənimlə "voronok"da gedirdi, o, mənə izah elədi ki, üzərimə nə ittihamlar qoyublar. Allaha and olsun, hamısı şər-böhtandı. Orada heç kimin əlində qumbara-filan olmayıb".

Buna da bax: Nardaran qarşıdurması (1-ci hissə) - jurnalist araşdırmasının nəticələri

“HARA GƏLDİ ATIRDILAR”

Təqsirləndirilən Fərhad Balayev də deyir ki, xəstəxanada tutulub. Özü yaralanmasa da, yaralıları xəstəxanaya o aparıb:

"Gözlərini yumub hara gəldi atırdılar. Əkbəri vuranda gördüm. Ev sahibi Əbülfəz Bünyadovu güllə ilə vurub yıxdılar, sonra başladılar təpikləməyə. Biz tərəfdən heç kimin əlində silah, qumbara olmayıb. Sarvan qohumumdu, yolda qan itirmədən öldü, xəstəxanada onu meyitxanaya təhvil verdim, Bəhruzu da cərrahiyyə otağına saldılar. Elə meyitxananın yanında gəlib əlimi qandalladılar, kənardakı dəmirə bağladılar".

F.Balayev də Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində işgəncələrə məruz qaldığını bildirib: "Məni uzadıb, əl barmaqlarımın üstünə stulun ayağını qoyurdular, üstündə də otururdular. Elə hərəkətlər, təhqiredici əməllər eləmişdilər ki, dilimə gətirmək istəmirəm. Elə işgəncə vermişdilər ki, kamerada durub stola yaxınlaşa bilmirdim, iməkləyə-iməkləyə gedirdim".

“MÜSTƏNTİQLƏ GÖRÜŞƏ XƏRƏKDƏ GEDİRDİM”

Yalnız əl ağaclarının köməyilə hərəkət edən Şamil Abduləliyev də ifadə verib. O bildirib ki, hadisə zamanı biri qarnından, ikisi də ayağından olmaqla, üç güllə yarası alıb. Güllələrin ikisi hələ də bədənindədir:

"Sabunçu xəstəxanasında həkimlərdən eşitdim ki, polislər bədənimdən güllələri çıxarmağa imkan verməyiblər. Məni həbs sanksiyası üçün məhkəməyə xərəkdə aparıb-gətirirdilər. Müstəntiqlə görüşə də xərəkdə gedirdim".

Dövlət Gömrük Komitəsinin əməkdaşı olmuş Ş.Abduləliyev Nardaran əməliyyatından az əvvəl işdən çıxarılıb. Dediyinə görə, səbəb də Nardaranda ehsan məclisində iştirakı olub:

"Komitənin ayırdığı avtomobillə iş vaxtı bu qurumun işlərini görürdüm, işdən sonra da özüm istifadə edirdim. Məhərrəm ayı ilə əlaqədar Nardaranda Hacı Talehin iştirakı ilə əzadarlıq məclisi keçirildiyini eşidib ora getmişdim. Ertəsi gün işə gedəndə azad edilməyim barədə sənədi imzalamağımı istədilər. Səbəbi soruşanda Nardaranda olmağımı göstərdilər. Dedilər ki, hüquq-mühafizə orqanlarından məlumat daxil olub. İmzanı atdım, maşınlarını da özlərinə verib çıxıb gəldim. İnsanı hansısa məclisdə iştirakına, o məclisdə kiminsə nədəsə günahlandırılmasına qulaq asdığına görə işdən çıxarmaq nəyə sığar?"

Ş.Abduləliyev necə yaralandığını da danışıb:

"Günorta namazı qılırdıq ki, çöldən atəş səsləri gəldi, ardınca evi atəşə tutdular. Zombi, manqurtlaşmış, proqramlaşdırılmış canilər heç nəyə baxmadan atəş açırdı. Mən indi elə bir durumdayam ki, əslində zərərçəkmiş olmalıyam. Hamımız bu durumdayıq, çünki günahımız yoxdur, üstəlik, bizə qarşı cinayət törədilib. Amma təəssüf ki, burada təqsirləndirilən qismində dayanmışıq. Əgər sivil şəkildə hərəkət etməyə gəlmişdilərsə, mebel maşınında niyə gəlirdil. Qapıdan çıxmaq istəyəndə üzbəüz gələn zombilərdən biri üç güllə vurdu və heç nə olmamış kimi üzünü çevirib getdi. Yerə yıxıldım, ondan sonra da o vəziyyətdə yerdə dəyənəklə döyürdülər".

“2 AY KARSERDƏ SAXLADILAR”

Ş.Abduləliyev də sonradan xəstəxanada tutulub:

"Məni kənd camaatı maşınla xəstəxanaya çatdırdı, əməliyyat olundum, iki-üç gün sonra DİN, prokurorluq və "bandotdel"dən hərəsindən bir nəfər olmaqla, üç adam gəlib məni o ağır vəziyyətdə reanimasiyadan çıxarıb bir otağa apardılar. Məni aparanda heç düz-əməlli narkozdan ayılmamışdım. Bu da vəhşiliyin göstəricisidi. Məni sanksiya alıb məhkəmədən Kürdəxanıya, bir gün sonra Penitensiar Xidmətin Müalicə Müəssisəsinə apardılar. Görün nə qədər zalımdılar ki, bu vəziyyətdə məni orada iki ay "karser"də saxladılar".

Məhkəmə prosesi avqustun 11-də davam edəcək.

Daxili İşlər Nazirliyi 2015-ci il noyabrın 26-da Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirib. Əməliyyat zamanı 15-dən çox insan, o cümlədən, “Müsəlman Birliyi” Hərəkatının lideri Taleh Bağırov saxlanıb. Bu zaman ikisi polis olmaqla, 6 nəfər həlak olub.

Qeydə alınmayan “Müsəlman Birliyi” Hərəkatı ilə bağlı ümumilikdə 70-dən çox şəxsin həbs edildiyi bildirilir. Onların bir neçə qruplar şəklində məhkəməsi keçirilir.

Daha yüngül maddələrlə ittiham edilənlərdən bir neçəsinin məhkəməsi başa çatıb. Onlara 1 il 6 aydan, 2 il 6 aya qədər həbs cəzası verilib.

Taleh Bağırov və onunla saxlananlar qətldə, daha bir çox ağır cinayətlərdə ittiham edilir. Özləri bu ittihamları rədd edib.

XS
SM
MD
LG