Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 00:23

Gürcüstanı sarsıdan intihar


Tbilisidə marixuananın leqallaşdırılmasına dəstək aksiyası
Tbilisidə marixuananın leqallaşdırılmasına dəstək aksiyası

Gürcüstanda baş verən bir intihar olayı ölkədə narkotiklərə qarşı mövcud sərt qanunların yumşaldılması cəhdlərini yenə gündəmə gətirib.

22 yaşlı Demura Sturua öz intihar məktubunda yazıb ki, yerli polis onu kənddə marixuana becərənlərdən məlumat verməyə məcbur edib. Bu təsirli məktub parlament seçkisi ərəfəsində gürcüləri narkotiklərə qarşı sərt qanunlara yenidən baxmağa sövq edib.

POLİSLƏRİN ONU ALÇALDIB-DÖYMƏSİNƏ DÖZMƏYİB

Ölkənin Qərbində yerləşən Dapnari kəndinin sakini Demura Sturua yazıb ki, anasından həmişəlik ayrılmaq onu çox üzür, ancaq daha polislərin onu alçaldıb-döyməsinə dözə bilmir. Yazıb və ardınca da yaşadığı evdəcə özünü asıb.

Avqustun 8-də baş verən intihar Gürcüstanı sarsıdıb. Son illərdə hökumətin hüquq-mühafizə qurumlarında apardığı təmizləmələr, əsasən, uğurlu alınıb. Ancaq görünür ki, polisin öz mövqeyindən sui-istifadəsi hələ də davam edir. Bəziləri Sturua-nın intiharında ölkənin sərt qanunlarını da günahlandırır. Onların fikrincə, polisi hətta zəif narkotik maddələrdən yararlananları izləməyə vadar edən məhz belə qanunlardır.

«MƏSULİYYƏT… HÖKUMƏTİN ÜZƏRİNDƏDİR»

Oktyabrın 8-də parlament seçkilərinə gedəcək ölkədə intiharın doğurduğu qəzəb ortamı tezliklə siyasi məcraya da keçib. Gürcüstanın başlıca müxalif Azad Demokratlar Partiyası ölkədə narkotiklərdən istifadəni dekriminallaşdıracağını - artıq cinayət saymayacağını vəd edib. Keçmiş müdafiə naziri Irakli Alasania-nın rəhbəri olduğu partiya avqustun 16-da bəyanat verərək bildirib ki, Sturua-nın ölümündə məsuliyyət «hüquq mühafizə qurumlarının, eləcə də son onillərboyu yanlış narkotik siyasəti yürüdən hökumətin üzərindədir».

Ölkədə «insan hüquqları və sosial sağlamlıq prinsiplərinə» əsaslanan narkotik siyasətinin yürüdülməsinə çağıran partiya narkotik maddə istifadəçilərinin təqibinə son qoyulmasını, onlara müalicə təklif edilməsini, narkotik maddə ticarətinə görə isə daha sərt cəzaların tətbiqini istəyir. Partiya həmin cəzaların nədən ibarət olmasından söz açmayıb.

Buna da bax - Narkotik maddə və siyasəti birləşdirən nədir? (2012)

Narkotik maddə və siyasəti birləşdirən nədir?
Gözlə

No media source currently available

0:00 0:04:47 0:00

BELƏCƏ, TBİLİSİNİN DAHA QƏRBYÖNÜMLÜ DƏYƏRLƏRİ…

Gürcüstandakı seçki kampaniyaları, bir ənənə kimi, siyasi korrupsiya və iqtisadi problemlər üzərində qurulur. Ancaq müxalifət partiyasının sözügedən bəyanatı sayəsində indi Gürcüstanın narkotik qanunları seçki kampaniyasının mərkəzində durur. Beləcə, Tbilisinin daha qərbyönümlü dəyərləri qəbul etməyə nə qədər hazır olduğu barədə müzakirələr də yenilənəcək. Ölkənin AB-yə yaxınlaşmaq istəyi və 2014-cü ilin iyununda Assosiasiya Sazişini imzalaması heç kimə sirr deyil.

İctimai fəalların fikrincə, postsovet məkanında, əsasən, açıq siyasət adası kimi görülən Gürcüstanda narkotik qanunları son dərəcə sərtdir. Yerli qanunlara görə, cüzi miqdarı azacıq aşan narkotik maddə saxlayan həbsə atılır. O maddənin zəif və ya ağır olması da diqqətə alınmır. Üstəlik, elə maddələri satanla istifadəçi arasında da ciddi fərq qoyulmur. Bu isə Gürcüstanda narkotik problemlərini daha da ağırlaşdırır. Narkotik maddə istifadəçiləri yasaq maddələrin siyahısından yan ötmək üçün siyahıya düşməyən yeni sintetik narkotiklərdən istifadəyə çalışırlar ki, bu, daha təhlükəlidir. Axı belə hallarda narkotik maddə aludələrini müalicəyə inandırmaq çox çətinləşir.

MİKROSKOPİK MİQDAR VƏ 5 İLDƏN 8 İLƏDƏK HƏBS

Gürcüstanda narkotik maddələr dair qanunlarının dəyişdirilməsinə çalışan «Ağ Səs» fəallar qrupunun rəhbəri Paata Sabelashvili deyir ki: «Nəzarətdə olan 207 maddədən 147-ni şəxsi istifadə üçün saxlamaq qadağandır. Yəni bu maddələrdən hətta mikroskopik miqdarda saxlasanız, 5 ildən 8 ilədək həbsə girə bilərsiniz».

Həm də ictimai səhiyyə eksperti olan Sabelashvili-nin sözlərinə görə, mövcud qanunlar 5-cə qram marixuananı həbsə atılmanıza yetərli sayır. Bu sərt qanunlar polisə imkan verir ki, şübhələndiyi adamı elə küçənin ortasındaca tutsun və sidik analizi üçün polis idarəsinə aparsın:

İLDƏ 60 MİN SİDİK ANALİZİ?

«Siz istənilən an, istənilən yerdən - kafedən, küçədən sidik analizinə aparıla bilərsiniz. 3.7 milyonluq əhalinin ildə 60 mini sidik analizinə aparılıb».
İctimai fəallar onu da bildirirlər ki, bu dərəcədə sərt qanunlar polisin insanlara basqı yapmasına, onları çuğulçuya çevirməsinə yol açır. Sturua-nın məktubunda da məhz belə bir haldan söhbət gedir. Alınan məlumatın polisə çox köməyi dəyir. Beləcə, polisin reydlər keçirməsi və uğurlu əməliyyat statistikasını artırması asanlaşır.

Gürcüstanın bu sərt qanunları eks-prezident Mikheil Saakashvili-nin hələ 10 il öncə başlatdığı tədbirlərdən yadigar qalıb. Daha çox polisdə korrupsiya və rüşvət hallarına son qoymaqla yadda qalan Saakashvili narkotik maddələrə də dözümsüzlük göstərib. Onun dönəmində narkotik maddə saxlamağa görə 7 ildən 14 ilədək həbs cəzası müəyyənləşdirilib.

CƏRİMƏ DƏ ÖDƏYƏ BİLƏRSƏN – 8-12 MİN DOLLARIN VARSA…

Saakashvili və onun Birləşmiş Milli Hərəkat Partiyası 2012-ci ildə seçkini uduzdu. Hakimiyyətə gələn «Gürcüstan Arzusu» Partiyası cəzaları bir qədər yüngülləşdirsə də, dözümsüzlük siyasətindən əl çəkmədi.

İndi nəzərdə tutulan həbs cəzası 5 ildən 8 ilədəkdir, ancaq suçlanan şəxslər bütövlükdə 20 min – 30 min lari (8 min 500 – 12 min 800 dollar) civarında cərimə də ödəyə bilərlər.

Gürcüstan bu sahədə AB ölkələrinə deyil, digər postsovet respublikalarına bənzəyir. Avropanın bütün ölkələrində narkotik saxlamaq qanun pozuntusu sayılsa da, kiçik miqdarlara görə bir neçə yüz dollar cəza nəzərdə tutulur.

Rusiyada, eləcə də digər postsovet ölkələrində isə həmin pozuntu həbs cəzasıyla nəticələnir.

«OT ÇƏKMƏYƏ GÖRƏ İNSANLARI TUTMAYIN!»

Gürcüstanın ictimai fəalları vaxtaşırı aksiya keçirir və narkotikdən istifadənin dekriminalizasiyasını tələb edirlər. İyunda yüzlərlə insan köhnə parlament binasının önünə toplaşmışdı.

Hökuməti «Ot çəkməyə görə insanları tutmamağa» çağıran etirazçılar marixuananı reklam etmədiklərini, amma onu çəkənlərin şəxsi azadlıqlarını müdafiə etdiklərini bildirmişdilər.

Bu məsələ Gürcüstandakı ictimai rəyi də parçalayıb. Bu yaxınlarda AzadlıqRadiosu Tbilisi küçələrindəki insanlardan müsahibə alıb. Radionun «insanlar yüngül narkotiklərin istifadəsinə görə cəzalandırılmalıdırmı» sualına bir qadın belə cavab verib: «Mütləq, çünki o, başqalarını da cəlb edəcək».

Digərləri həbs yox, başqa cəza növlərinə tərəfdar çıxıblar.

Rəyi soruşulanlar arasında narkotik istifadəçilərinin həbsə girməkdənsə müalicə olunmasını istəyənlər də var.

XS
SM
MD
LG