Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 05:33

"Bizdəki korrupsiya idarəçilik sistemidir"


Azərbaycanda korrupsiya və insan haqları Avropa parlamentində dinləmədə gündəliyə gəldi. Azərbaycanda korrupsiya da çoxdur. insan haqları pozuntuları da. Bu, təsadüfdürmü? Bağlılıq nə qədərdir?

Hüquq müdafiəçisi Bəşir Süleymanlı deyir ki, Avropa Parlamentində Azərbaycanla bağlı məsələlərin gündəmə gəlməsi göstərir ki, beynəlxalq təşkilatlar bu ölkəni diqqətdən kənarda saxlamaq istəmir:
“Əslində bu təəccüblü hal deyil. Zaman-zaman olub ki, həm Avropa Parlamentində, həm digər beynəlxalq təşkilatlarda Azərbaycanla bağlı məsələlər gündəmə gəlib. Amma təəssüflər olsun ki, hər dəfə hökumət bunun aradan qaldırılması ilə bağlı vədlər verir və yaxud da gözdən pərdə asmaq üçün hansısa bir addımlar atır. Həbsdən azad olunmalar və yaxud da islahat xarakterli korrupsiyanın qarşısını almaq tipli. Amma bunların hamısı imitasiya xarakterli addımlar olur.

Bəşir Suleymanlı
Bəşir Suleymanlı

Biz görürük ki, bu sonradan davamlı olaraq baş vermir. İndi Avropa parlamentində bu məsələnin yenidən gündəmə gəlməsi həm insan haqqları, həm korrupsiyayla bağlı təbii ki, bir-birinə çox bağlı bir şeydir. Çünki korrupsiya olan yerlərdə insan haqqlarının pozulmağa məruz qalır.

Bu məsələnin yenidən gündəmə gəlməsi göstərir ki, beynəlxalq təşkilatlar Azərbaycanla bağlı məsələni heç də diqqətdən kənarda qoymurlar. Bunu mütəmadi olaraq öz gündəliklərinə salırlar. Biz daim bu məsələni qaldırırıq ki, bu məsələlər fundamental həll olunmalıdır. Təzyiqlər, təqiblər müvəqqəti dayana bilməz.Qanunlar dəyişməlidir, hüququn aliliyi təmin olunmalıdır, məhkəmə müstəqilləşməlidir. Məhkəmələr müstəqil olandan sonra həm korrupsiya, həm insan haqqları sahəsində irəliləyişlərə nail olmaq olar”.

Siyasi şərhçi Gültəkin Hacıbəylinin fikrincə ölkədə insan haqqlarının daha çox pozulmasının səbəbi korrupsiya və bu kimi digər neqativ məsələlərdir:
“Korrupsiya nə qədər çox olursa, insan haqqları bir o qədər çox pozulur. Və ya əksinə, insan haqqları nə qədər çox pozulursa, bunun əsas səbəbində korrupsiya və bu kimi hallar durur. Dünyada bütün diktatura rejimlərinin idarəetmə, işlək mexanizmlərindən biri repressiyadırsa, digər mexanizm korrupsiyadır. Və biz bunu öz ölkəmizin timsalında, Azərbaycanın timsalında da görürük.

Gültəkin Hacıbəyli
Gültəkin Hacıbəyli

Eyni zamanda bu halın universal xarakter daşıdığını deyə bilərik. Çünki dünyada nə qədər diktatik rejimlər varsa, nə qədər avtoritar rejimlər varsa, nə qədər demokratiya sahəsində ciddi problemləri olan ölkələr varsa bu ölkələrin hamısında korrupsiya tüğyan edir, rüşvətxorluq geniş yayılıb. İlk növbədə bu ölkələrin başında Rusiya gəlir. Digər postsovet ölkələri gəlir. Azərbaycanı da bu ölkələr sırasına aid etmək olar.

Bir nümunə göstərmək istəyirəm. Gürcüstan vaxtı ilə Sovetlər dağılandan sonra regionun və bölgənin ən korrupsioner ölkəsi idi. Bu baxımdan ən geridəqalmış ölkə idi. Ölkədə demokratik islahatlar həyata keçiriləndən sonra, demokratik rejim bərqərar olandan sonra qısa bir müddətdə Gürcüstan bu gün bütün dünyada şəffaflıq örnəyi kimi təqdim olunur. Demokratiyanın inkişafı ilə, insan haqqlarının inkişafı ilə korrupsiyaya zərbə deyir və əhəmiyyətli dərəcədə korrupsiyanın kökü kəsilib. Bu baxımdan bağlılıq göz önündədir, insan haqqları pozulan yerdə, demokratiya pozulan yerdə avtoritar rejim rəhbərlərinin iradəsinə uyğun olaraq cəmiyyəti təşkilatlandırmaq, cəmiyyəti idarəetməyin əsas mexanizmlərindən biri korrupsiya mexanizmidir. Bu mexanizm piramida şəklində cəmiyyətin ən aşağı səviyyəsindən, ən yuxarı səviyyəsinə qədər həmin cəmiyyəti dəmir əl içində saxlamağa imkan verir”.

İntiqam Əliyev
İntiqam Əliyev

Hüquq müdafiəçisi İntiqam Əliyev də düşünür ki, Avropa Parlamentinin insan haqqları və korrupsiya məsələsini eyni gündəliyə daxil etməsi təsadüfi deyil:
“Avropa Parlamentinin insan haqqları və korrupsiya məsələlərini eyni gündəlikdə müzakirəyə çıxarması məncə təsadüfi deyil. Çünki bunlar bir-biri ilə bağlı bir şeydir. O ölkədə, o toplumda ki, korrupsiya var, o ölkədə ki, korrupsiya idarəetmə sisteminə çevrilib, orda insan hüquqlarının durumu pis olmalıdır. Bu qanunauyğunluqdur.

Yeri gəlmişkən, bizimkilər “korrupsiya bütün dövlətlərdə var” arqumentini irəli sürürlər. Korrupsiya əlbəttə bütün dünyada var. Amma bizim korrupsiyanın Amerikadakı, Fransadakı, İngiltərədəki korrupsiyadan fərqi ondan ibarətdir ki, orda bu, idarəçilik sistemi deyil. Bizdə idarəçilik sistemidir. Korrupsiya vasitəsi ilə, monopoliya vasitəsi ilə, eyni zamanda işgəncələr vasitəsi ilə dövlət idarəçiliyi həyata keçirilir. Amma həmin ölkələrdə bu ola bilir, ancaq aşkar olunan kimi həmin şəxslər, korrupsiyaya bulaşmış şəxslər dərhal məsuliyyətə cəlb olunur. Bu anlamda Azərbaycan toplumundakı, eləcə də Rusiya, Ermənistan, buna oxşar ölkələrdə olan korrupsiya həm də insan hüquqlarının durumuna neqativ təsir edən amillərdən biridir.

Korrupsiya varsa, orda artıq media boğulmalıdır ki, o fəaliyyəti işıqlandırmasın, korrupsiya varsa, orda QHT-ləri boğmalıdırlar ki, tənqidi hesabatlar yazmasın, korrupsiya varsa, məhkəməni də o çirkaba cəlb etməlidirlər ki, bununla bağlı etirazlar olanda məhkəmə vasitəsi ilə sıradan çıxarsınlar”.

XS
SM
MD
LG