Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 12:50

Uşağı “səni öldürərəm!”, “başını kəsərəm” hədələriylə böyütmək


Günel Mövlud.
Günel Mövlud.

-

"Diqqət verib, gördüm ki, qonaq ailənin xanımı öz uşaqları ilə danışanda, onları tənbeh edəndə “səni öldürərəm”, “başını kəsərəm”, “doğrayaram” kimi sözlər işlədir. Əvvəl dəhşətə gəldim. Sonra özümə dedim ki, niyə təəccüblənirsən?"

Günel Mövlud

“Səni öldürərəm!”

Uşaqlarımıza ötürdüyümüz zorakılıq və ya valideynləri kim tərbiyə etməlidir?

Bir müddət əvvəl Azərbaycandan bir qohum ailə bizə qonaq gəlmişdi. Azyaşlı uşaqları ilə. Təxminən iki-üç həftə qaldılar. Sözün açığı, özlərinə qulluq edən, özləri şəhəri gəzən, adama heç əziyyət verməyən ailə idi. Buna görə də, belə uzun qalmalarından heç əziyyət çəkmədim.

Amma bir şey vardı ki, məni bərk narahat edirdi. Onlar burda qaldıqları müddətdə, yeni dil açan, eşitdiyi hər sözü təkrarlayan oğlumun dilindən adamı dəhşətə gətirən sözlər eşidirdim: “Səni öldürərəm!”, “Səni doğrayaram!”, “Sənin başını kəsərəm!”.

Buna da bax: "Milyonluq evlər tikib, tualetə min manat xərcləməyənlər"

Oğlumla bərabər özümü də ana kimi tərbiyə edirəm. Onun yanında heç vaxt zorakılıq, şiddət, aqressiya dolu sözlər işlətmirəm. Personajların bir-birinə güc tədbiq elədiyi, alçaltdığı, ələ saldığı cizgi filmərə baxmağa qoymuram. “Qoymuram” deyəndə ki, belə telekanallara abunə yazılmamışıq deyə, yerli-dibli yoxdur. Efir siyasətini günlərlə izləyib, şiddət dolu cizgi filmləri olmayan telekanallar tapmışıq. Yeri gəlmişkən, alman kanalları arasında profili cizgi filmləri, ümumiyyətlə sırf uşaq kontenti olanları əminliklə tövsiyə edirəm. Olduqca səviyyəli, zövqlü musiqilər, bacarıq öyrədən verilişlər bir yana. Kanallarda yayınlanan cizgi filmlərində və verilişlərdə personajların mütləq milli və irqi fərqi olur. Uşaqların gözü və beyni hələ balacalıqdan afroamerikalılara, asiyalılara öyrəşir. Cizgi filmlərində türklərə, italyanlar, meksikalılar və onlarla başqa millətdən olan personajlar olur, onların fərqli, rəngarəng mədəniyyətlərinin olması uşağa anladılır.

Həmçinin, yeni tendensiyalardan biri də cinsi müxtəlifliyinin nağıllar, cizgi filmləri ilə uşaqlara öyrədilməsidir. Yəni uşaq eynicinsli sevginin mövcudluğunu balacalığından öyrəndiyinə görə, böyüyəndə bu halı nəsə təbiətə zidd, naqolay, ədəbsiz bir şey kimi qavramır. Hər şey ona hesablanıb ki, uşaq üçün multikultural, tolerant bir ovqat yaradılsın və bu ovqatda tərbiyə alan uşağın gələcəkdə irqçi, millətçi, homofob olması ehtimalı minimuma ensin.

İndisə, birdən-birə oğlumun dilindən belə zorakılıq, dəhşət dolu sözləri eşidəndə şoka düşmüşdüm. O bu sözləri hardan, necə öyrənmişdi? Diqqət verib, gördüm ki, qonaq ailənin xanımı öz uşaqları ilə danışanda, onları tənbeh edəndə “səni öldürərəm”, “başını kəsərəm”, “doğrayaram” kimi sözlər işlədir. Əvvəl dəhşətə gəldim. Sonra özümə dedim ki, niyə təəccüblənirsən? Bəyəm bütün uşaqlığın boyu hər xırda səhvinə görə bu sözləri anandan, atandan, əmi-dayılarından, xala-bibilərindən və bütün qohumlardan eşitməmisən? Bəyəm az qala bütün ölkə uşaqlarını bu dəhşətli sözlərlə böyütmür?

Bu fikirlər məni valideynin öz tərbiyəsi barədə düşündürdü. Biz özümüz, ana-ata olmazdan əvvəl valideyn kimi tərbiyə almırıq. Valideynliyi sistemli şəkildə öyrədən məktəblər yoxdur. Uşaqla müxtəlif yaşlarında onun o yaşına uyğun danışmağı, reaksiya verməyi, dialoqa girməyi öyrədən məktəblər, kurslar, dərsliklər, hətta normal verilişlər belə yoxdur. Olanda da, verilişə dəvət edilən insanların uşaq, yeniyetmə tərbiyəsi barədə fikirləri adamı dəhşətə gətirir.

Buna da bax: "Sevin uşaqlarınızı, bilinmir həyat onlara nə hazırlayıb"

Məsələn, bir dəfə telekanalların birində deputat Aqil Abbasa sual verdilər ki, orta məktəblərdə yeniyetmələr üçün seksual tərbiyəni əsas götürən dərslərin olmasına necə baxırsız? Hörmətli millət vəkili cavabında dedi ki, nə danışırsız, yox bir, bəlkə orta məktəblərdə uşaqlara seks öyrədək? Bu da yeniyetmə tərbiyəsinə, seksual tərbiyə kimi vacib məsələyə millətin vəkil seçdiyi adamın münasibəti...

Millətin ağıllı, savadlı bilib, parlamentini, qanunvericiliyini ümid elədiyi insanların tərbiyə ilə bağlı fikirləri budursa, biz sadə insanlardan nə gözləməliyik. Ucqar kənddə, mədəniyyətdən, ictimai həyatdan uzaq, dünyanın mədəni, sosial inkişafından uzaq yerlərdə yaşayan sadə insanlara kim verdi ki, valideyn tərbiyəsini? Onlar gözlərini açır, uşağın tərbiyəsini onu qorxutmaqdan, ödünü qoparmaqdan ibarət olduğunu görür və bunu təkrarlayırlar.

Onları qətiyyən qınamıram. Bu yaxınlarda Amerikadan qayıdan, ali təhsilli, təcrübəli, peşəkar bir jurnalist həmkarım dedi ki, övladımın gey olmasını qəbul edə bilmərəm. Nə də qız övladımın vətəndaş nikahında yaşamağına razı olmaram. Çox gözlənilməz oldu. Cahillik? Yox. Cahil deyil axı. Geridəqalmışlıq? Yox. Geyimi, danışığı olduqca müasir bir xanım. Kifayət qədər şəxsi ləyaqət hissi, mütaliəsi yerində olan bir insan. Bəs bu nədir?

Bu xanımla söhbətimizə qədər homofobiyanı, insanın seksual həyatına müdaxiləni insanların informasiyasızlığı, sivil cəmiyyətlərdə bu təcrübədən xəbərsizliyi kimi qəbul edirdim. Jurnalist xanım isə düşüncələrimi alt-üst etdi və hazırda mən bu halın izahlarını axtarmaqla məşğulam.

Belə olanda, ümid qalır insanların, tək-tük fərdlərin özünü tərbiyəsinə. Valideyn kimi özünü tərbiyə eləməyin lazımlığını dərk edənlər hardansa verilişlər tapıb, baxır. Uşaq psixoloqlarının əsərləri ilə tanış olur. Öz şəxsi qavrayışları, inancları, görüşləri ilə qəbul olunmuş bəşəri dəyərləri tutuşdurur. Yeri gələndə səhv elədiyini, yanlış düşündüyünü anlayır.

Valideyn belə olmayanda, böyüyəndə küçədə çiyin dəyməsinə, maşın toqquşmasına, əyri baxışlara görə bıçaqlaşan, həbsə düşən, həbsdən çıxıb yenidən bıçaqlaşan insanlar böyüyür ailələrdə. Anasının, atasının “səni doğrayaram”, “başını kəsərəm”, “öldürərəm” hədələrinin müşaiyəti altında....

XS
SM
MD
LG