Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 06:45

Cahangir Hacıyev: 'Qızımın banka borcu olmayıb'


Cahangir Hacıyev
Cahangir Hacıyev

«Mənim qızımın banka borcu olmayıb, onun adını ittiham aktına niyə yazıblar? Əgər istintaqın cəsarəti çatırdısa, kredit verilən başqa adamların da adını yazaydılar».

Bunu «Azərbaycan Beynəlxalq Bankı» ASC-nin İdarə Heyətinin keçmiş sədri Cahangir Hacıyev sentyabrın 21-də məhkəmədə çıxışında deyib.

«MƏHKƏMƏ İTTİHAM TƏRƏFİNİN MÖVQEYİNDƏN ÇIXIŞ EDİR»

Cahangir Hacıyev və daha 7 nəfərin işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində davam edən prosesdə sənədlərin tədqiqi mərhələsidir.

Bugünkü məhkəmə iclasında Cahangir Hacıyevin vəkilləri Fəxrəddin Mehdiyev və Aqil Layıcov Əfqan Hacıyevin sədrlik etdiyi hakimlər kollegiyasına etiraz verib. Vəkillər etirazı məhkəmənin tələsik keçirilməsi, lazımi araşdırma aparılmaması, müdafiə tərəfinin vəsatətlərinə qiymət verilməməsi və s. səbəblərlə əsaslandırıb.

Buna da bax-'8 milyard dollar iki kanalla ölkədən çıxarılıb'

«Biz elə vəsatətlər vermişik ki, məhkəmə araşdırması üçün çox vacibdir. Amma onlara baxmamısınız. Məhkəmə ittiham tərəfinin mövqeyindən çıxış edir», - Fəxrəddin Mehdiyev bildirib.

Vəkillərin etirazı qəbul olunmayıb.

«RƏQƏMLƏR ŞİŞİB»

Daha sonra iş materiallarındakı sənədlər elan olunarkən Cahangir Hacıyev arayış vermək istədiyini deyib. «O vaxt kreditlər manatla verilib. Amma istintaq rəqəmi şişirtməkdən ötrü hesablamanı düz aparmayıb. Manatla verilən kreditləri o dövrün məzənnəsi ilə dollara çeviriblər, sonra da bugünkü məzənnə ilə hesablayıblar. İki dəfə devalvasiya olduğundan rəqəmlər şişib», - C.Hacıyev bildirib.

Buna da bax-'Cahangir kölgəsindən qorxan adamdır'

Daha sonra C.Hacıyevin vəkilləri müxtəlif adamların məhkəmədə dindirilməsi, müvafiq qurumlardan (Maliyyə Nazirliyi, Beynəlxalq Bank və s.) sənədlərin alınması barədə vəsatətlər qaldırıblar. Vəkillərin məhkəmədə dindirilməsini istədikləri şəxslər arasında maliyyə naziri Samir Şərifov, Beynəlxalq Bankdan ayrılan kreditlər üzrə daxili layihələrə faktiki olaraq rəhbərlik edən keçmiş deputat Dünyamin Xəlilov və xarici layihələrə rəhbərlik edən Xəqani Bəşirov da var.

«XƏQANİ BƏŞİROV DA GƏTİRİLƏ BİLƏR»

«Akif Əliyev və Emin Mustafayev həmin layihələrdə iştirak ediblər, lakin məhkəmədə heç nədən məlumatlı olmadıqlarını dedilər. Dünyamin Xəlilov saxlanıldığı 1 saylı Bakı İstintaq Təcridxanasından gətirilə bilər. Avropa Konvensiyasına görə, Lüksemburq ofisində çalışan Xəqani Bəşirov da qanunauyğun olaraq gətirilə bilər», - vəkil Fəxrəddin Mehdiyev bildirib.

Buna da bax-185 milyon manat Beynəlxalq Bankdan necə çıxıb?

Qeyd edək ki, 4 il əvvəl AzadlıqRadiosunun «185 milyon manat Beynəlxalq Bankdan necə çıxıb?» başlıqlı araşdırması olmuşdu. Orada Xəqani Bəşirov adlı iş adamının beynəlxalq bankdan müxtəlif şirkətlər vasitəsilə on milyonlarla kredit götürüb və həmin krediti geri qaytarmadığından bəhs olunurdu. Xəqani Bəşirov Cahangir Hacıyevlə eyni illərdə İqtisadiyyat Nazirliyində işləyib, sonradan birgə əməkdaşlıqları olub.

Məhkəmə vəsatətləri təmin etməyib.

Daha sonra istintaqının yekunlaşması barədə qərar qəbul olunub. Dövlət ittihamçısı Fərid Nağıyev çıxışa hazırlaşmaqdan ötrü vaxt istəyib. Məhkəmə sentyabrın 27-nə qədər təxirə salınıb.

Cahangir Hacıyev ötən il dekabrın 5-də Nərimanov rayon Məhkəməsinin qərarı ilə həbs edilib. Onunla birgə daha 7 nəfər məhkəmə qarşısına çıxarılıb. Onlar mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə, vəzifə səlahiyyətlərini aşma, vəzifə saxtakarlığı, qanunsuz silah saxlama maddələri ilə ittiham edilirlər. Bu maddələrin sanksiyasında 7 ildən 12 ilədək həbs cəzası nəzərdə tutulur.

XS
SM
MD
LG