Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 23:37

Qubad İbadoğlu: ‘Bu, bizim son şansımızdır’


Qubad İbadoğlu
Qubad İbadoğlu

İctimai Birliklərin “Mədən sənayesində şəffaflığın artırılması” QHT Koalisiyası ötən Şura iclasında Azərbaycan prezidentinə üz tutmaqla bağlı qərar qəbul edib.

Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünün (MSŞT-nin) Qazaxıstan paytaxtında oktyabrın 26-da keçiriləcək toplantısında Azərbaycanla da bağlı müzakirələr olacaq. Müzakirəöncəsi ciddi sayılacaq bir xəbərdarlıq alınıb. Bu günlərdə Türkiyənin Anadolu Agentliyinə danışan Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB. İngiliscə qısaltması – EBRD-dir – red.) enerji və təbii sərvətlər direktoru Rikardo Puliti MSŞT-də statusun aşağı salınmasının Azərbaycana yaratdığı mühüm bir təhlükənin anonsunu verib: "Astana şəhərində... veriləcək qərar AYİB-in TANAP və TAP layihələrinin maliyyələşdirilməsinə 1,5 milyard dollar həcmində krediti ayırıb-ayırmayacağında əsas rol oynayacaq".

"Azərbaycan təşəbbüsə üzv olduğu 13 ildə ən ağır dövrünü yaşayır".

Bu o deməkdir ki, oktyabrın 26-da Astanada Azərbaycanın MSŞT-dəki statusu bərpa olunmazsa, EBRD ölkə üçün strateji əhəmiyyət daşıyan iki layihəyə pul ayırmayacaq.

MSŞT Beynəlxalq İdarə Heyətinin üzvü, MSŞT QHT koalisiyasının koordinatoru Qubad İbadoğlu AzadlıqRadiosuna müsahibəsində Astana görüşündən, Azərbaycanın bu “Təşəbbüs”də gələcəyindən danışıb.

– MSŞT-nin növbəti toplantısından gözləntiləriniz nədir?

"Əks təqdirdə Azərbaycanın statusu nəinki geri alına, hətta ölkənin bu təşəbbüsdə iştirak səviyyəsi və durumu daha da pisləşə bilər".

– Azərbaycan təşəbbüsə üzv olduğu 13 ildə ən ağır dövrünü yaşayır. Oktyabrın 26-da gözlənilən müzakirələr Azərbaycan iqtisadiyyatının gələcəyindən ötrü önəm daşısa da, hökümət onun ciddiliyini lazımı səviyyədə hələ də dərk edə bilmir. Bir sıra səlahiyyət sahiblərinin məsuliyyətsiziyi ucbatından MSŞT idarə heyətinin növbəti toplantısında Azərbaycanla bağlı müzakirələr çöx gərgin keçəcək. İctimai Birliklərin “Mədən sənyesində şəffaflığının artırılması” QHT Koalisiyası bu narahatçılığı anladığından, ötən Şura iclasında Azərbaycan prezidentinə üz tutmaqla bağlı qərar qəbul edib. Məqsəd mövcud problemləri dövlət başçısının diqqətinə çatdırmaqdır. Axı MSŞT şəffaflıq və hesabatlılıq sahəsində ən ciddi və təsirli qlobal təşəbbüsə çevrilib. Orada dünyanın aparıcı dövlətləri yer alır və yeni standartlar daha geniş tətbiq imkanları qazanır. Bu durumda Azərbaycan hakimiyyəti islahedici planın icrasına diqqətini artırmalı və qalan son bir ayda yerinə yetirilməmiş fəaliyyətləri tam icra etməlidir. Əks təqdirdə Azərbaycanın statusu nəinki geri alına, hətta ölkənin bu təşəbbüsdə iştirak səviyyəsi və durumu daha da pisləşə bilər.

Buna da bax:​ “Əsrin Müqaviləsi”ndən Azərbaycan nə qədər qazanıb, bilirsinizmi?

"Hələ də bəzi QHT-lərin bank hesablarına giriş qadağandır, onların üzərində əsassız vergi sanksiyaları var".

– Azərbaycanın MSŞT-dəki statusunun bərpa planı hazırlanmışdı. Həmin islahedici planda yerinə yetirilməyən hansı fəaliyyətlər qalıb?

– Hələ də MSŞT Koalisiyasının üzvü olan bəzi QHT-lərin bank hesablarına giriş qadağandır, onların üzərində əsassız vergi sanksiyaları var. Bəzi QHT-lərin qrantları qeydiyyata alınmır, onlara reyestrdən çıxarış verilmir. QHT-lər hələ də beynəlxalq donorlarla əməkdaşlıq edə bilmir. Yeganə maliyyələşmə dövlət büdcəsindən ayırmalar hesabınadır. Bu isə əlavə problemlər yaradır və funksional baxımdan QHT-ləri dövlətdən asılı vəziyyətə salır. Son 13 ildə ilk dəfədir ki, QHT Koalisiyasının institutsional fəaliyyətinə heç bir maliyyə dəstəyi yoxdur. Koalisiya üzvlərinin bəzilərinə açılan cinayət işi bağlanmayıb. Onların arasında ölkədən kənara çıxıb vətənə qayıtmaqda problemlə üzləşənlər də var.

"Son 13 ildə ilk dəfədir ki, QHT Koalisiyasının institutsional fəaliyyətinə heç bir maliyyə dəstəyi yoxdur".

– Statusun geri qaytarılmaması Azərbaycanın beynəlxalq maliyyə institutları ilə münasibətlərinə necə təsir göstərə bilər?

– Təbii ki müxtəlif təsirlər ola bilər. Bu təsirlər bank və layihələrdən asılıdır. Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Valyuta Fondu Azərbaycanın MSŞT-də iştirakına diqqətlə yanaşır. Onların hər biri eyni zamanda Azərbaycanın enerji sektorunda fəaliyyətlərdə maraqlıdır. Bu bölmənin MSŞT-yə birbaşa bağlığı beynəlxalq maliyyə institutlarının, özəlliklə AYİB-in qərarlarına təsir edir. Ona görə də onlar MSŞT-nin Azərbaycanla bağlı qərarlarını səbrsizliklə gözləyirlər.

Buna da bax:​ Q. İbadoğlu: «Bu, siyasi iradədən asılıdır»

– AYİB və digər beynəlxalq maliyyə institutları Azərbaycanın enerji sektoruna, əsasən, TANAP-ın tikintisinə maliyyə ayırmasa, nə baş verə bilər?

"Ancaq indi vətəndaş cəmiyyətindəki ptoblemlər ucbatından Azərbaycan öz statusunu hər iki təşkilatda itirinən yeganə dövlətdir".

– Düşünmürəm ki, TANAP və TAP-ın tikintisi daha çox dünya bazar qiymətlərindən asılı olacaq. Çünki beynəlxalq maliyyə institutlarının fəaliyyətində siyasi çalarlar olsa da, qərar verərkən, onlar iqtisadi maraqlarını da nəzərə alırlar. Əslində, AYİB-in açıqlaması onların bu layihəyə yatırmaq istədiyi sərmayə risklərini əvvəlcədən aradan qaldırmaq məqsədi də güdür. Onlar çalışırlar ki, Azərbaycanı islahatlara sövq etsinlər. Bununla da ölkə qlobal şəffaflıq və hesabatlılıq təşəbbüslərində - həm MSŞT-də, həm də Açıq Hökümət Tərəfdaşlığında (AHT-də) itirilmiş status və mövqeyiini geri qaytarsın. Vaxtilə Azərbaycan MSŞT-də regionun lider dövlətlərindən sayılırdı. Ancaq indi vətəndaş cəmiyyətindəki problemlər ucbatından Azərbaycan öz statusunu hər iki təşkilatda itirinən yeganə dövlətdir. Bu, bizim son şansımızdır. İndiki həssas və vacib zamanda MSŞT-də itirilmiş statusun geri qaytarılmasına nail olunmazsa, bu son nəticədə Azərbaycanın kredit reytinqinə, investisiya cəlbediciliyinə təsirsiz ötüşməyəcək. Son nəticədə də bundan Azərbaycanın strateji layihələri və iqtisadiyyatı əziyyət çəkəçək. Bir sözlə, itirən Azərbaycan dövləti olacaq.

XS
SM
MD
LG