Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 02:29

'Mən şəhvətimə qurban olmadım'


Fuad Əhmədov.
Fuad Əhmədov.

-

"Sənə arxadan yaxınlaşıram. Bıçağı sənə tuşlayıb, kürəyinə sancıram. Addımlarımı saxlamıram. Sən daşdan olsan da içindən keçirəm. Sən elə bil ruhsan. Daşdan ruh. Daşlaşmış ruh. Sənin duruşun dəyişmir, heç nə hiss eləmirsən".

Fuad Əhmədov

Şəklinə baxaraq yuxuya gedəndə...

(esse -psixoanalitik yuxu)

Səma boz rəngdədir… Ətrafımız axıb bir-birinə qarışmış akvarellə çəkilmiş rəsm əsərinə oxşayır-bulanıq, formasız… Fonda sənin ürək döyüntülərin eşidilir…

Sən göbəyəcən lüt, göbəkdən aşağı isə qırmızı parçayla dolanmısan.Tək-tənha fontanın ortasındasan. Diz üstə oturmusan. Uzun qara saçların arxaya daranıb. Əllərin sinəndə bitişik, əliçi yuxarı vəziyyətdəsən, lap Molokan bağındakı qara qadın heykəllərindən biri kimi. Sanki Yaradandan diləyin var... Baxış bucağını dəyişirəm. Yuxarıdan əllərinə, sinənə ,üzünə baxıram. Qeyri-adi gülüşünü görürəm, Cakondam mənim. Həzz içindəsən. Göydən parkdakı kimi fontan yağışı yox, gözəlliyini təsvir etdiyim məktublarımdan kəlmələr yağır. Məhz onlardan-təriflərimdən həzz alırsan....

Ayaqyalın fonatanın kənarında dayanmışam. Topuğacan uzun, cibsiz qara köynəkdəyəm. Demək olar ki,bu dəli köynəyidir, sadəcə, qollarım sərbəst buraxılıb. Saçlarım qarışıb, gözlərimin içi qızarıb. Manyaka bənzəyirəm. Səni vəcdə gətirən "tərif yağışında" gözlərini axtarıram. Onlar aldığın həzzdən qapanıb, "yağıntıya" dözə bilmir. Əlimdə çanta tutmuşam. Çanta çox köhnədir. Onun ağzını açıb elə əlimdəcə başıaşağı çevirib içindəkiləri yerə boşaldıram. Sən hələ də öz işindəsən, ehtizaza gəlməyindəsən. Çantamdan tökülənlər cürbəcür bıçaqlar və doğram-doğram etdiyim al qırmızı parçalardı. Əyilib iti bir bıçaq seçib, tiyəsini burnuma yaxınlaşdırıb hələki canında qalmış metal iyini içimə çəkirəm...

Buna da bax: Əgər oraya bir də qayıda bilsəydim...

Xırda-xırda yağış atır... Ətraf dairəvi şəkildə kiçilməyə başlayır... İkimiz də fonda əks-səda verən mənim anabaan artan ürək döyüntülərimə qulaq veririk.

"Ekstazi" Władysław Podkowiński.
"Ekstazi" Władysław Podkowiński.

Mən bu haldan cuşa gəlirəm. Ağır nəfəs alıram, elə bil matador öküzüyəm. Sənə tərəf yan alıram-pələng ova çıxır. Nəzərimi səndən ayırmadan bıçağın ucuyla fontanın kənarlarında cızaraq çevrələr çəkirəm. Ərazimi nişanlayıram. Fontanın başına dolandıqca yağış sənə yazdığım komplimentlərlə qarışır və səni get-gedə heykələ çevirməyə başlayır. Sən bütləşirsən. Yan-yörəmiz demək olar ki, daralıb, fontanın çevrəsinə dirənib. Yağış fontanı doldurur. Akvarel yaranmış gölməçəyə axır. Sən artıq büsbütün daşsan. Mən fontanın içinə girirəm. Sənə arxadan yaxınlaşıram. Bıçağı sənə tuşlayıb, kürəyinə sancıram. Addımlarımı saxlamıram. Sən daşdan olsan da içindən keçirəm. Sən elə bil ruhsan. Daşdan ruh. Daşlaşmış ruh. Sənin duruşun dəyişmir, heç nə hiss eləmirsən. Rəngbərəng çevrə daralıb, səni də başa qədər əhatəliyib donur. Qarışıqdan yaranmış konusvari formanın üstünü bütöv bir qırmızı parça örtür. Fontandan çıxıram.

Narın qar yağır... Ətraf qara rəngdədir... Fonda qulaqdeşən uğultu var...

Əlimdəki təmiz qalmış bıçağı atmışam. Gözlərimin önündə hər şey və hər yer axır. Səndələyərək hardansa peyda olmuş, növlərini bilmədiyim adda-budda bitən ağaclığa girirəm. Çox da dərinə getmirəm. Qarşımda çarpayı görürəm. Yastığımı düzəldirəm. Çarpayıya uzanıram. Rahatam. Özümdən razıyam, mən şəhvətimə qurban olmadım. Əllərim bədənimdə axtarışdadır. Əllər mənim deyil sanki. Üzümdə qeyri-adi təbəssüm var. Gözlərimi qapayıram. Mənə soyuq deyil. Üstümü örtmürəm. Üstümü qar dənəcikləri örtür.

Fuad Əhmədov. Bakı. 2009-2016

XS
SM
MD
LG