Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 06:46

Bir bankda müştərilərin başına açılan oyunlar...


Parabank
Parabank

Sən demə, Azərbaycanda bank müştərilərinin adına özlərinin xəbəri olmadan kredit götürülüb xərclənir, yaxud banka ödənilən kredit pullar kimlərinsə şəxsi hesabına köçürülürmüş. Həm də bunu bankın öz işçiləri edirmiş.

Bu əməllərin üstü açılıb və iş gəlib Bakı Ağır Cinayətlər Məhkəməsinə çıxıb. Müttəhimlər kürsüsündə əyləşən isə "Parabank"ın Nəsimi filialının əməliyyatçısı olmuş Sevda Kərimovadır. Ona CM-nin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə ittiham verilib.

Buna da bax:​ Beynəlxalq Bank bir neçə əmanət qəbulunu ləğv edib

DEPOZİTDƏKİ PULU GİROV QOYUB KREDİT İSTƏNİLİB

Cinayət işinin materiallarına görə, bankın xeyli müştərisi bir də ayılıb ki, banka böyük məbləğdə kredit borcları var, amma həmin kreditin üzünü görməyiblər.

Məsələn, "Parabank"ın Nəsimi filialında Bəxtiyar Məmmədov adlı müştərinin depozit hesabında 15 min manat pul olub. Bankın başqa bir müştərisi Əvəz Məmmədovun adından ərizə yazıb, həmin depozitdəki pulu girov qoymaqla, kredit istənilib. Bəxtiyar Məmmədovun depozit hesabı bloklaşdırılıb və Əvəz Məmmədova plastik kart vasitəsilə 10 min manat kredit ayrılıb. Həmin 10 min manat "Parabank"ın müxtəlif filiallarının bankomatlarından bir neçə dəfəyə nağd şəkildə çıxarılıb. Amma bütün bunlardan nə Əvəz Məmmədovun xəbəri olub, nə də Bəxtiyar Məmmədovun.

Bu hadisədən bir neçə ay sonra bankın başqa bir müştərisi Əliqulu Səmədovun başına da bənzər hadisə gəlib. Amma onun özünün depozit hesabındakı 18 min manatı girov qoyub, yenə də plastik kart vasitəsilə onun adına 14 min 500 manat kredit ayrılıb. Əliqulu Səmədovun da heç nədən xəbəri olmayıb. Həmin pulu da bir neçə dəfəyə bankomatdan çıxarıblar.

Buna da bax: Problemli kreditlər:Dövlət yaxasını kənaramı çəkir?

Ziyad Mustafayev adlı başqa bir müştərinin də başına eyni hadisə gəlib. Onun depozit hesabındakı 25 min manatı girov qoyub, adına 21 min manat kredit ayırıblar. Amma fərq bunda olub ki, başqa bir məsələ ilə əlaqədar banka gələndə onun özünə kredit ayrılması barədə ərizəyə imza atdırıblar. O da ərizənin məzmununu oxumadan imzalayıb.

PULLAR ŞƏXSİ HESABA KÖÇÜRÜLÜB

"Parabank"dan kredit götürmüş ər-arvad - İsa Hüseynov və Almaz Səmədovanın başına isə qəribə bir iş gəlib. Banka İsa Hüseynovun adına 21 min 172 dollar, Almaz Səmədovanın adına isə 30 min 750 dollar kredit borcu qalıbmış. Krediti bağlamaq üçün bankın Nəsimi filialına gələndə onlara deyilib ki, hazırda kompüterdə sistem işləmir, amma kreditin ödənilməsi barədə əlyazma tərtib edib, sonradan sistemə daxil edəcəklər. Onlar da inanıblar, tərtib olunmuş əlyazmanı imzalayıb, pulu da ödəyiblər. Amma 51 min 922 dollardan ibarət həmin vəsait kreditin bağlanmasına yox, bankın əməliyyatçısının şəxsi hesabına köçürülüb.

Həmçinin İsa Hüseynov plastik kart vasitəsilə götürdüyü başqa bir krediti - 10 min dolları ödəyəndən sonra xəbəri olmadan onun adına yeni kredit kartı sifariş edilib. Yeni kartdakı 10 min dollar bir neçə dəfəyə bankomatlardan çıxarılıb.

Buna da bax:​ 4 özəl kredit bürosu yaradılacaq

İş materiallarına görə, bütün bunları Sevda Kərimova eləyib. Amma o, ibtidai istintaqdakı ifadəsində də, məhkəmədə də özünü təqsirli bilməyib. Deyib ki, Əvəz Məmmədovun adından götürülmüş kredit sənədlərini həmin vaxt filial müdiri vəzifəsini icra etmiş Rəşad Dünyamalıyev və baş mühasib Sevinc Mədətovanın tapşırığı ilə hazırlayıb, pulu kimin götürdüyünü də bilmir. Əliqulu Səmədov isə özü kredit ayrılmasını istəyib, sənədləri özü imzalayıb, pulu da özü götürüb.

16 MİNƏ YAXIN ARTIQ ÖDƏNİŞ ELƏYİB

Sevda Kərimovanın adlarını çəkdiyi şəxslər də dindirilib. Amma onlar onun dediklərini təkzib ediblər.

İstintaq hesablamalardan sonra belə qənaətə gəlib ki, Sevda Kərimovanın əməlləri nəticəsində ümumilikdə 124 min 454 manat ziyan dəyib. Sevda Kərimova ona ittiham verilmiş pullardan xəbərsiz olduğunu desə də, sonradan banka 109 min 954 manat ödəyib.

Buna da bax:​ Samir Əliyev: «Hər 100 manatın 6.5 manatı geri qayıtmır»

Məhkəmədə Sevda Kərimovanın vəkili Ülkər Yusifova vəsatət qaldıraraq deyib ki, ümumi məbləğin hesablanmasında ciddi yanlışlıq var. Vəkilin sözlərinə görə, dolların hadisə baş verən dövrdəki məzənnəsi 0.7844 olub və istintaq İsa Hüseynov və Almaz Səmədovanın dollarla ödədiyi kreditin məbləğini manatla hesablayarkən şişirdib: "O dövrün məzənnəsi ilə hesablayanda ümumilikdə dəymiş ziyan 94 min 71 manat olmalı idi. Belə olan halda isə hazırda ziyan yoxdur, çünki Sevda Kərimova, faktiki, bu ziyandan 15 min 882 manat artıq ödəniş eləyib".

Məhkəmə istintaqı başa çatandan sonra çıxış edən prokuror Sevda Kərimovaya verilmiş ittihamın sübuta yetirildiyi nəticəsinə gəlib və ona 8 il həbs cəzası istəyib.

“ONU QURBAN VERİBLƏR”

Amma vəkil Ülkər Yusifova isə onun günahsız olduğunu vurğulayıb. Bütün hadisələrin rəhbərliyin nəzarəti altında baş verdiyini deyən müdafiəçi Sevda Kərimovaya bəraət verilməsini istəyib. Ülkər Yusifova deyir ki, bank rəhbərliyi "Kia Motors"la problemlərini ört-basdır eləməkdən ötrü Sevda Kərimovanı "qurban verib": "Sevda Kərimovanın əməlində cinayət tərkibi yoxdur. Ona irəli sürülmüş ittihamlar məhkəmədə də sübuta yetirilmədi. Bu iş sırf mülki xarakterli mübahisədir. Ona qarşı mülki qaydada da ayrıca iddia qaldırılıb, eyni zamanda, cinayət işinin başlanmasına da nail olublar. "Kia Motors" işinə görə bu bankın rəhbərliyindən başqa demək olar ki, bütün işçiləri cinayət məsuliyyətinə cəlb olunublar. Bütün işçilər cinayət məsuliyyətinə cəlb olunubsa, o deməkdir ki, Sevda Kərimova da, günahı oldu-olmadı, məsuliyyətə cəlb edilməlidir?

Bu gün rəhbərlik kənarda qalıb. Halbuki, istər bank sektoru olsun, istərsə də başqa sahələr, rəhbərliyin xəbəri olmadan heç bir addım atılmır. "Kia Motors"la problemləri ört-basdır eləmək üçün Sevda Kərimovaya qarşı belə bir ittihamın irəli sürülməsinə nail olublar. İstintaqın da səhvi üzündən bu gün Sevda Kərimova dəmir barmaqlıqlar arxasındadır".

Buna da bax:​ 27 borclu birləşib bankı məhkəməyə verib

AZADLIĞA BURAXILIB

"Parabank"ın lisenziyası bir müddət əvvəl ləğv olunduğundan zərərçəkmiş qismində bu prosesə ləğvedici qurum cəlb edilib. Ləğvedicinin nümayəndəsi bildirib ki, dəymiş ziyandan 12 min 500 manat hələ də ödənilməyib. Əgər həmin vəsait ödənilərsə, heç bir şikayət-tələbləri yoxdur. Əgər ödənilməsə, ittiham maddəsində nəzərdə tutulmuş ağır cəzanın verilməsini istəyir.

Sevda Kərimova son sözündə bildirib ki, bankın filialında əməliyyatçı işləyib: "Mənim seçimim olmayıb ki, bu işi eləyə bilərəm, yoxsa yox".

Qısa müşavirədən sonra məhkəmənin hökmü açıqlanıb - Sevda Kərimovaya 7 il cəza verilib. Amma ona münasibətdə CM-nin 70-ci (şərti məhkumetmə) maddəsi tətbiq olunub və iki il sınaq müddəti təyin edilib. Sevda Kərimova məhkəmə zalından azadlığa buraxılıb. Məhkəmə öz hökmündə belə nəticəyə gəlib ki, Sevda Kərimova vurduğu ziyandan da artıq ödəyib.

XS
SM
MD
LG