Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 02:33

Mətbuat Şurası 'mətbuatın düşmənləri' barədə


Əflatun Amaşov
Əflatun Amaşov

“Söz azadlığı üçün bu cür imkanlar olan ölkəni 163-cü yerə qoyasan, onun prezidentini mətbuatın düşməni elan edəsən, bu ancaq qərəzdir”.

Mətbuat Şurasının sədri, Milli Məclisin İnsan Hüquqları Komitəsinin üzvü Əflatun Amaşov “Sərhədsiz reportyorlar”ın “mətbuatın düşmənləri” siyahısını və mətbuat azadlığı üzrə reytinq cədvəlini AzadlıqRadiosu-na şərh edərkən belə deyib.

Qurumun 2016-cı illə bağlı “mətbuatın düşmənləri” adlı 35 nəfərlik siyahıda Azərbaycan prezidentinin də adı var.

Buna da bax:​ İlham Əliyev 'mətbuat düşmənləri' siyahısında

Hesabatda Azərbaycanda son bir ildə mətbuatın durumunun pisləşdiyi, bu səbəbdən mətbuat azadlığı reytinqində 162-ci yerdən 163-cü yerə endiyi bildirilir. Siyahıda 180 ölkə yer alıb.

Sənəddə Azərbaycanda 8 jurnalist və bloqqerin həbsdə olması əksini tapıb.

– Əflatun bəy, qurumun təqdim etdiyi hesabatdan məlum olur ki, mətbuat azadlığının səviyyəsinə görə, Azərbaycan ötən illə müqayisədə bir pillə də geriləyib. Qurumun bu sıralamasını necə dəyərləndirirsiniz?

– Sərhədsiz Reportyorların siyahısında nədənsə Azərbaycan həmişə arxa sıralarda olur. Bir şeyi anlamıram, bəzən elə dövlətlər reytinq cədvəlində Azərbaycandan öndə olur ki, orda söz və mətbuat azadlığından söhbət gedə bilməz. Bu, Latın Amerikası, Afrika, Asiya ölkələridir. Azərbaycan bu ölkələrdən də aşağıda olur. İndi də baxıram ki, burda eyni vəziyyətdir. Əlbəttə, Azərbaycanda söz və mətbuat azadlığı ilə bağlı bəzi nüansları müzakirə etmək olar, elə o hesabatda göstərilən məsələləri də. Ancaq 25 ildir müstəqillik qazanan Azərbaycanda hər kəsin fikrini ifadə edə biləcəyi hər cür mətbuat orqanı var. Ölkənin harasındasa bir hadisə baş verəndə, o elə yerli ictimaiyyətə də, dünya ictimaiyyətinə də asanlıqla çatdırıla bilər. Əhalinin 80 faizə yaxının internetə çıxışı var, milyon yarımdan çox insan sosial şəbəkələrdə fikrini bölüşür və paylaşır.

Buna da bax: UNESCO: 'Son 10 ildə Azərbaycanda 3 jurnalist öldürülüb'

– Sizcə, bütün bunlar “Azərbaycanda mətbuatın heç bir problemi yoxdur” deməyə yetərlidir?

– Azərbaycan mətbuatının iqtisadi problemlərindən danışmaq olar. Reklamla bağlı bəzi problemlər var. Ancaq Azərbaycanı Şimali Koreya ilə, Suriya ilə müqayisə etmək doğru deyil. Bu, mənim fikrimdir. Ona görə də hesabat müəlliflərinin Azərbaycana qarşı qərəzli olduğunu düşünürəm.

– Azərbaycanın qonşusu olan Gürcüstan siyahıda 64-cü, Ermənistansa 74-cü yerdədir...

– Ola bilər. Amma Azərbaycanın qonşularından biri də Türkiyədir. Türkiyənin də adı, dövlət rəhbərinin də adı düşmən siyahısındadır. Amma son zamanlar bu ölkədə baş verən olayları, siyasi vəziyyəti, mətbuatın bu zaman tərəfə çevrilməsini nəzərə alanda, Türkiyə rəhbərliyinin adının bu siyahıya salınması da, məncə, qərəzdir. Bu, Türkiyəyə qarşı olan bəzi dövlətlərin, beynəlxalq qurum rəhbərlərinin münasibətindən qaynaqlanır.

Buna da bax: 'İnternet tənzimlənsin' səsləri yüksəlir…

– Amma Əflatun bəy, Türkiyədə son bir ildə onlarla media qurumu qapanıb, onlarla jurnalist həbs edilib, nə qədəri də ölkəni tərk etməyə məcbur qalıb. Tərəzinin bu gözünə də baxanda nə demək olar?

– Mən bu haqda yetərincə məlumatlıyam. Nə qədər internet portalının, qəzetin bağlanmasından, nə qədər jurnalistin saxlanılmasından məlumatlıyam. Amma bu ölkədə dövlət çevrilişinə cəhd də oldu. Dövlət çevrilişinə cəhd edənləri dəstəkləyən qüvvələr də oldu. Əlbəttə, müəyyən məsələlərə aydınlıq gətirməkdən ötrü insanlar saxlana da, dindirilə də, günahı varsa, cəza ala da bilər. Ona görə də, hesabatı qərəzli sayıram. Xüsusən, Azərbaycanla bağlı deyilənləri. Hesabat 2016-cı ilə aiddir. Amma deyilir ki, bir sıra jurnalistlərlə bağlı gizli çəkilişlər edilib. Bu il belə hadisə baş verməyib, axı. Orda AzadlıqRadiosu ilə bağlı məsələni də müzakirə etmək olar, əlbəttə. Bu zaman Azərbaycan qanunvericiliyinə nəzər salına bilər ki, xarici ölkələrin hüquqi və fiziki şəxsləri hansı formada, hansı şərtlərlə mətbuat vasitəsi yarada bilər. KİV haqda qanunda bu məsələ birmənalı göstərilib və dövlətlərarası qanunla tənzimlənir. Azərbaycan ilə ABŞ radionun fəaliyyəti ilə bağlı razılığa gələ bilər, məncə. Yəni nələrisə müzakirə etmək mümkündür, ancaq Azərbaycanı Şimali Koreya ilə müqayisə etmək düzgün deyil. Bu ölkədə insanların adi internetə çıxışı yoxdur. Azərbaycanı onunla bir sıraya qoymaq... Bir ölkədə ki Ədliyyə Nazirliyinə müraciət etməklə, nazirliyin cavabını gözləmədən 7 gün ərzində qəzet açmaq olar, hər gün bir xəbər portalı açılır, insanlar sosial şəbəkələrdə fikrini sərbəst ifadə edir, onu reytinq cədvəlində 163-cü yerə qoymaq... Guya vəziyyət daha da çətinləşib. Belə getsə, gələn dəfə Azərbaycan ən axırıncı yerə, 180-ci yerə düşəcək. Söz azadlığı üçün bu cür imkanlar olan ölkəni 163-cü yerə qoyasan, onun prezidentini mətbuatın düşməni elan edəsən, bu, olsa-olsa, qərəzdir.

XS
SM
MD
LG