Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 06:34

Ekspert: ‘Manatın taleyi Mərkəzi Bankın əlində deyil...’


Rəsmi məzənnə qalxdıqca, kommersiya bankları da ABŞ dollarının alış və satış qiymətlərini yüksəldir.

‘Marja’ saytı xəbər verir ki, artıq banklarda dolların satış qiyməti 1 manat 76 qəpiyə yaxınlaşır.

Söhbət ‘Günaybank’, ‘KapitalBank’, ‘Unibank’, ‘YapıKrediBank’ kimi banklardan gedir.

Dolların alış qiymətinin isə kommersiya banklarında 1.68 - 1.73 arasında dəyişdiyi deyilir.

Mərkəzi Bankın məzənnəsinə görə, noyabrın 11-də 1 dollar 1.6869 manata bərabər olub.

Halbuki oktyabrın ortalarında 1 dollar 1 manat 59 qəpik idi.

Ekspertlərin fikrincə, indi hökumətin iki yolu qalır – kəskin devalvasiya getmək və ya hərrac üçün əlavə valyuta mənbəyini işə salmaq.

Ekspertlər hesab edir ki, fors-major vəziyyəti olmasa, hökumət kəskin devalvasiyaya getməyəcək.

Məsələn, Natiq Cəfərlinin fikrincə, kəskin devalvasiya bank sektorunu çökdürə bilər.

Natiq Cəfərli hesab edir ki, ilin sonunda dollar 1,80-1,85 manat olacaq.

Ümid yenə neftə qalıb?

İqtisadçı-ekspert Samir Əliyev qeyd edib ki, hər şey neftin qiymətindən asılı olacaq. Amma hökumət valyutaya tələbatı azaltmaq üçün bir sıra addımlar atıb. 2018-ci ilin yanvarına kimi idxala məhdudiyyət qoyulması bunların sırasındadır.

Samir Əliyev hesab edir ki, kəskin devalvasiya olmasa da, manatın ucuzlaşması sürətlənəcək.

Onun fikrincə, bu mənfi tempin səbəbi Dövlət Neft Fondunda daha çox valyuta saxlamaq arzusudur.

Qubad İbadoğlu da hesab edir ki, hökumət kəskin devalvasiyaya getməyəcək və Dövlət Neft Fondu və Mərkəzi Bankın ehtiyatlarından xərcləyəcək.

‘İstisna olunmur ki, dekabrda dollara tələbat noyabrdakından iki dəfə çox olsun’,- Qubad İbadoğlu.

Dolların bahalaşması və bəzi bankların satış limiti tətbiq etməsinin nəticəsində valyuta ‘qara bazarı’ fəallaşıb.

Turan müxbirinin müşahidəsinə görə, dəmiryolu vağzalı yaxınlığında qeyri-leqal şəkildə valyuta satılır.

‘Qara bazar’da dolları 1,74 manata alırlar. Müştəri 1000 dollardan çox satarsa, qiymət 1,75 manata qaldırılır.

İqtisadçı ekspert Vüqar Bayramov deyir ki, ölkədə dollar qıtlığının yaranması nəticədə qara bazarın güclənməsinə gətirib çıxarıb.

Onun sözlərinə görə banklardan valyuta ala bilməyən vətəndaşlar qara bazara üz tutmaq məcburiyyətində qalıblar.

Ekspert bildirir ki, əgər Mərkəzi Bank müdaxilə etməzsə, manatın ucuzlaşması prosesi davam edəcək. Vüqar Bayramovun dediyinə görə, belə olduğu halda manat ay yarımda hər 100 dollara 10 manat ucuzlaşacaq.

Digər iqtisadçı ekspert Samir Əliyevin fikrincə manatın ucuzlaşmasını real iqtisadi vəziyyət diktə edir. Ekspert bildirir ki, son vaxtlar dollara olan tələbatın artması ilin sonu olduğu üçün büdcə pullarının iqtisadiyyata daxil olması ilə bağlıdır.

Samir Əliyev onu da deyir ki, bu gün manatın taleyi Mərkəzi Bankın əlində deyil. Onun fikrincə manatın sabitləşdirilməsi üçün lazım olan vaxt siyasi səbəblərlə əldən qaçırılıb. Belə ki, hakimiyyət sentyabrda onun üçün çox mühüm referendum qarşısındaydı və manatın kəskin ucuzlaşmasına yol vermək istəmirdi.

İqtisadçı ekspert Ruslan Atakişiyev deyir ki, manatın ucuzlaşması problematik məsələdir. Ekspertin fikrincə bu, onunla bağlıdır ki, bu gün manatın real alıcılıq qabiliyyətinin tam şəkildə üzə çıxmasına ehtiyac var.

XS
SM
MD
LG