Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 18:27

Özəlləşdirmə 1996-cı ildəki kimi niyə getmir?


Vauçerlər
Vauçerlər

Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK-nın) noyabrın 8-də təşkil etdiyi hərraclarda təklif olunan 51 obyektin, vur-tut, 8-nə müştəri tapılıb. Qalan obyektlər satılmadığından, bir aydan sonra yenidən hərraca çıxarılacaq. Həmin obyektlərin bir qismi artıq ikinci dəfədir ki, investorunu tapa bilmir.

Əvvəllər dərhal satılardı?

Dövlət mülkiyyəti 1996-cı ildən - özəlləşdirməyə çıxarılandan bəri obyektlər dərhal alıcısını tapardı. İndi isə obyektə müştəri tapmaq müşkül məsələyə çevrilib.

Buna da bax:​ Yalnız 17 müəssisə özəlləşdirildi

Daşınmaz əmlakın satışı və qiymətləndirilməsi sahəsində ixtisaslaşmış «MBA Consulting Group» şirkətinin nümayəndəsi Nüsrət İbrahimli AzadlıqRadiosu-na deyib ki, hərraca çıxarılan əmlakın bir anda satılmasını gözləmək sadəlövhlük olardı, amma istənilən halda səbəblər öyrənilməlidir.

Ekspert: «Qiymət əsas səbəb deyil»

«İlk növbədə nəzərə almaq lazımdır ki, hazırda hərraca çıxarılan əmlakın bir hissəsinin investisiya cəlbediciliyi və özəlləşdirməyə çəkilən xərci geri qaytarma imkanları aşağıdır. Bu ildən özəlləşdirilən daşınmaz əmlakın, o cümlədən torpaqların bazar qiymətləri ilə dəyərləndirilməsi də önəmli amildir. Amma onu da deməliyəm ki, bazar qiyməti heç də obyektlərə marağın aşağı olmasının başlıca səbəbi deyil».

«MBA Consulting Group» MMC özəlləşdirilən əmlakın qiymətləndirilməsinə cəlb olunan şirkətlərdən biridir. N. İbrahimli deyir ki, qiymət alıcını təmin etmirsə, obyekt təkrar hərraca çıxarılanda, qiymətin 10 faizdən 50 faizədək aşağı salınması proseduru işə düşür.

Buna da bax:​ Hərraclarda obyektlərin çoxuna alıcı tapılmır

Rəşad Əliyev: «Oyunçusansa, şərtlərə uyğun davranmalısan»

AzadlıqRadiosu-na danışan daşınmaz əmlak eksperti Rəşad Əliyev obyekt satışındakı çətinlikləri normal sayır. Onun fikrincə, özəlləşdirmənin önəmli mərhələsi arxada qalsa da, dövlət bir oyunçu kimi bu bazara indi - durumun heç də yaxşı sayılmadığı dövrdə daxil olursa, oyun qaydalarını da bilməlidir:

«Öz əmlakını bazarda satışa çıxaran mülkiyyətçi nə çətinliklərlə üzləşirsə, ƏMDK da eyni durumdadır. Hər bir obyektin iki aydan az olmayan ekspozisiya müddəti var. Bu dövrdə satıcı obyekt haqqında müştəriyə daha dolğun məlumat vermək üçün müəyyən tanıtım tədbirləri, o cümlədən reklam aksiyaları təşkil edir. Xarici ölkələrdə əmlak bu qaydada satışa hazırlanarkən, vasitəçi xidmətindən də istifadə olunur. Odur ki, heç kəs obyektin asanlıqla, «bazarlıq olmadan» satılacağı aldanışına qapılmasın».

Buna da bax:​ Dükan, çayxana - hərracda ən çox alınan obyektlər

ƏMDK əmlakçılarla işbirliyinə gedəcək?

Ekspert deyir ki, hərraclar aylarca vaxt apara bilər. İşdir, müştəri tapılmasa, ƏMDK konkret obyektlərin satılmama səbəblərini təhlil etməlidir. Lazım gələrsə, qiymət siyasətinə də yenidən baxmaq olar. Rəşad Əliyev obyektlərin satışını sürətləndirmək üçün satış qiymətinin 1-2 faizi qarşılığında ƏMDK-nın rieltorlarla əməkdaşlığını təklif edir (“rieltor” deyərkən, alqı-satqı əməliyyatlarında araçılıq edən əmlakçı-fərdi sahibkar və ya hüquqi şəxs nəzərdə tutulur – red.):

«Bazara əmlak çıxaran şəxsin son məqsədi onu qısa müddətdə ən optimal qiymətə satmaqdır. Odur ki, ƏMDK işi elə təşkil etməlidir ki, alıcı onun «ayağına gəlsin» və özü müştəri arxasınca sürünməsin».

Buna da bax: Ay alan, obyekt satılır, həm də şirinliksiz...

Bahalı obyektlərə müştəri yoxdur

ƏMDK noyabrın 8-də keçirmiş hərracda 51 obyektin satışından dövlət büdcəsinə, ən azı, 4 milyon manat köçürüləcəyini gözləyirdi. Əslində isə toplam dəyəri 146 min 500 manat olan 8 kiçik obyekt satıldı. Hər birinə 600 min manat qiymət qoyulan «Mərdəkan» restoranı və 7 saylı atelye, İstiqlaliyyət küçəsindəki 800 min manat ilkin qiymət kəsilən yarımzirzəmi tipli obyekt və başqa nisbətən bahalı obyektlər satılmamış qalıb.

ƏMDK özəlləşdirilən obyektlər haqqında məlumatı özünün korporativ saytında, daha təfsilatlı informasiyanı isə “provatization.az” özəlləşdirmə portalında açıqlayır. Burada obyektlərin şəklini və xəritə üzərində yerləşmə sxemini də görmək imkanı yaradılıb.

XS
SM
MD
LG