Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 02:32

Dərbənddə bir Azərbaycan teatrı, o necə qorunur?


Dərbənd Azərbaycan Dövlət Dram teatrında bir tamaşa.
Dərbənd Azərbaycan Dövlət Dram teatrında bir tamaşa.

Oxu zalının müsahibi gənc teatr və kino rejissoru, aktyor Ərtoğrul Kamalovdur. Hazırda Dərbənd Azərbaycan Dövlət Dram Teatrının baş rejissoru vəzifəsində çalışan Ərtoğrul Kamalov “Yuğ” teatrının poetikasından və Dərbənddəki teatr mühitindən danışır.

- Ərtoğrul bəy, bu gün Azərbaycanın teatr mühitində işləri ilə diqqət çəkən gənc rejissorların əksəriyyəti Vaqif İbrahimoğlunun yetirmələridi. Həmçinin siz də. “Yuğ”a necə gəlib çıxmışdınız?

Məmməd Səfa və Ərtoğrul Kamalov.
Məmməd Səfa və Ərtoğrul Kamalov.

- Bəli, tamamilə razıyam. Allah ustadımıza rəhmət eləsin, bildiyinin hamısını şəyirdinə - özü belə deyərdi – öyrətmək, şəyirdini özündən üstün savadlı, bilikli görmək ən böyük arzusu idi. Mədəniyyət və İncəsənət Universitetinə qəbul olunanda düşdüm Vaqif müəllimlə Məmməd Səfa müəllimin kursuna. Hər ikisini televiziyadan az-çox tanıyırdım. İndi daha da yaxından tanımaq şansı yaranmışdı. Və tam məsuliyyəti ilə deyirəm, həyatımın ayrılmaz hissəsinə çevrildi Yuğ Dövlət Teatrı – Vaqif İbrahimoğlunun və məndən öncəki yetirmələrinin ədəb-mərifəti, müqəddəs dəyərləri hər şeydən üstün tutmaqları ilə.

Buna da bax: Dərbənd teatrına 5 milyon manat ayrıldı

- Nə vaxtsa “Yuğ” teatrının köynəyini geyinmiş sənətkarlar, xüsusən də, aktyorlar, adətən, bu teatrın estetikasını özləriylə daşıyırlar. Sizcə, bu nədən irəli gəlir?

- Ümumiyyətlə, daima bir estetikaya daha yaxın olan peşə nümayəndələri həmin estetikanın çalarlarını daşıyırlar və bu da özünəməxsusluqdu. Amma “Yuğ” teatrı estetikadan öncə poetikadı. Yəni fərqli poetika ilə çalışan peşəkarların toplandığı Vaqif İbrahimoğlu ocağı. Lakin bir məsələni dəqiq deyim, siz də bilin, oxucularımızın da nəzər nöqtəsində olsun – “Yuğ” ocağından hansı sənətçi başqa layihələrdə iştirak eləyibsə, yüksək göstəricilər nümayiş etdirib. Özümüzü tərifləmək deyil bu, normal formada olanı deməkdir. Bunu kino və teatr ictimaiyyətimiz də, məncə, gözəl bilir.

- “Yuğ”dan çıxan aktyorları başqa teatrlarda, ya da filmlərdə jestlərindən, səhnə davranışlarından tanımaq mümkündü. Yaradıcı insan, xüsusilə də aktyor üçün bir estetikani, oyun tərzini yarlığa çevirmək, qəlibləşdirmək nə dərəcədə doğrudu?

Ərtoğrul Kamalov Dərbənd teatrının aktyorları və Polad Bülbüloğlu ilə birlikdə.
Ərtoğrul Kamalov Dərbənd teatrının aktyorları və Polad Bülbüloğlu ilə birlikdə.

- Az öncə qeyd etdiyim məsələ.. Bu, heç də qəlibləşdirmək deyil, əksinə özünəməxsusluqdur. İndi özünüz dediniz ki, jestlərindən, səhnə davranışlarından tanımaq mümkündür – bu əla bir şeydir. Bəyəm jestlərindəki hansısa çatışmamazlıqdan tanıyırıq?! Qətiyyən belə deyil – istər Avropa, istərsə də digər mədəniyyətləri misal götürsək, onlarda da bu cür fərqlənən sənətçilər var və bu o xalqların milli dəyərləridir, necə ki, Yuğ Dövlət Teatrı Azərbaycan xalqının milli dəyəridir.

Buna da bax: Rasim Qaraca: 'Guya bizdə də teatr var, guya biz də mədəni ölkəyik'

- Dərbənd adı eşidəndə nədənsə həmişə ekzotik, nağılvari bir yer canlanır təsəvvürümdə. Bəlkə də Dəmirqapı Dərbənd ifadəsinə görədi. Ona görə Dərbənd teatrında işlədiyinizi eşidəndə qəribə gəlmişdi mənə. Dəmirqapı Dərbəndə necə gedib çıxdız?

- Dərbənd elə nağılvari yerdir – yaxşı atmosfer, insanlar. Mədəniyyət və Turizm Nazirliyindən təklif etdilər, mən də razılaşdım, çünki həm bizim qədim ərazilərimizdi - orda olanda sanki səngərdə dayanıb ərazi bütövlüyümüzü qoruyursan. Mədəniyyətimizi qoruyursansa nə mutlu sənə. Yeri gəlmişkən, Mədəniyyət və Turizm nazirliyinə gənc yaşımda göstərdikləri etimada görə çox təşəkkür edirəm.

- Mümkünsə, bir az Dərbənd teatrı haqqında məlumat verə bilərsiz? Bakı teatrları ilə ora arasında hansı fərqlər, ya da bənzərliklər var?

Dərbənd teatrının kollektivi.
Dərbənd teatrının kollektivi.

- Məlumat odur ki, istedadlı bir çox gənclər var orda, o teatrda. Amma təhsil – teatr təhsilində problemləri var. Bu anlamda Bakıdan istər-istəməz geridə qalmaq məcburiyyətindədirlər. Lakin nəzərə almalıyıq ki, Azərbaycan teatrını qədim torpaqda qoruyurlar – bu qəhrəmanlıqdır. Tamaşalar oynayırlar – Ləzgi Dövlət Dram Teatrının binasında. Dağıstanda olan digər teatrlarla rəqabətə girə bilir teatrımız. Bunlar qürurvericidir. Ən önəmlisi, gələcəyinə ümid böyükdür. Ordakı gənclər – Hörmət Aslanov, Sərxan Səmədov, İzabella Ağayeva, Səidə Əliyeva, həmçinin yaşlı nəslin nümayəndələri də o teatrın ayaq üstə durmasının sığortalarıdırlar.

Buna da bax: Dərbənd teatrı Bakıya “Sönmüş talelər"lə gəlib

-Dərbənddən nə gözləyirdiniz, orda nə tapdınız?

-Yaradıcılıq, yaradıcılıq.

- Dərbəndin ictimai, mədəni həyatı necədi? Ora daha çox Azərbaycan şəhəri demək olar, yoxsa rus şəhəri?

Dərbənd şəhərinin görünüşü.
Dərbənd şəhərinin görünüşü.

- Azərbaycan şəhəri. Çünki kifayət qədər azərbaycanlı yaşayır. Həm də bizim doğmalarımız olan kifayət qədər önəmli mədəniyyət nümayəndələri var. Azərbaycan dilində mahnıların oxunmasından tutmuş Azərbaycan mətbəxinin qorunması və ictimai-sosial mühitdə azərbaycançılıq ənənələrinin qorunmasına kimi kifayət qədər önəmli işlər görürlər dərbəndli həmbəndlərimiz.

- Siz həm də aktyor kimi filmlərə də çəkilirdiz. Bir musahibədə oxudum ki, özünüzü həm də rejissor kimi sınamaq istəyirsiniz kinoda..

Ərtoğrul Kamalov "Mayak" filmində.
Ərtoğrul Kamalov "Mayak" filmində.

- Bəli, filmlərə çəkilirdim, yenə davam etməyi planlaşdırıram. Kinorejissor kimi qısametrajlı filmlərim var. Onlardan biri “Qələmdən kadra” adlı film festivalında yer tutub. Digər qısa filmim “Ömürlük Əsir” “START” Beynəlxalq film festivalında ən yaxşı bədii film nominasiyası üzrə qalib olub. Hazırda isə “Mükafat” adlı tammetrajlı melodramın çəkilişlərinə başlamağı planlaşdırırıq. Ssenari özümündür – amma, təbii ki, bir neçə dostların da köməyindən istifadə etmişəm. Filmin ideyası budur: Əgər bəxtiniz gətirmirsə, səbr edin, sonda mükafat var”. Görək, bizim də sonda mükafatımız olacaqmı?!

Buna da bax: Musiqili Teatrın səhnəsində sovet abu-havası

- Fransiz kinoşünası Andre Bazen yazırdı ki, tamaşanı kinoya çevirəndə teatrın təsirində qalmaq təhlükəsi yüksəkdi. Zənnimcə, eyni şey film çəkmək istəyən teatr rejissoruna da aiddi. Bu təhlükədən qorunmaq üçün bir “planınız” varmı?

- Antivirus yazdıracam. Təbii ki, istənilən halda film çəkmək riskdir, həm kino bazarına görə, həm kinoteatr sisteminin hələ də tam formalaşmamasına görə. Təhlükə isə odur ki, komandaya zəhmət verəcəm. Düşünürəm ki, hətta qurduğum bir neçə tamaşanı film kimi çəkməliyəm. Çünki tamaşalarımın pyesini seçəndə film bucağından baxıram sanki. Bu baxımdan “Yuğ” teatrının səhnəsi və aktyorları çox mükəmməldirlər. Kino kimi işləyirik tamaşaları. İndi gözlərinizi yumun və təsəvvür edin: yaxın məsafə, səhnə, həzin, sakit, qışqıran səslər, insan səsləri, duyğular, sevgi, bədənlərin hərarəti, ətir qoxuları.. Əsl insanı duyursunuz. Bunu hətta təsəvvür edəndə insan həyəcanlanır və əsl eşq yaranır peşəyə. Hələ bir də “Yuğ”un səhnəsində canlı izləyin...

XS
SM
MD
LG