Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 12:24

'Qızılların bir hissəsi qatıq vedrəsində, qalanları...'


Qızıl (arxiv fotosu)
Qızıl (arxiv fotosu)

"Qızılların bir hissəsini qatıq vedrəsinə yığmışdım; təxminən 6-7 kiloqram idi..."

Bu yaxınlaradək nəqliyyat naziri Ziya Məmmədovun müşaviri olan, 58 yaşlı qohumunu 800 minlik daş-qaşını ələ keçirməkdə günahlandırıb həbs etdirən Çingiz Baxışov noyabrın 22-də məhkəmədə ifadə verib.

Daha öncə prokuror ittiham aktını açıqlayıb. İttihama görə, Çingiz Baxışovun qohumu Rövşən Əhmədov onun özünün 695 minlik, qızlarından Fatmanın 50 minlik, Sevilinsə 55 minlik qızıl-bəzək əşyalarını ələ keçirib. Rövşən Əhmədova CM-in 179.3.2-ci (külli miqdarda mənimsəmə) maddəsilə ittiham verilib.

Buna da bax:​ 'Onun milyonlarla pulunu... həyətdə basdırırdım'

Ötən ilin aprelindən həbsdə olan Rövşən Əhmədov ittiham aktında yazılanlarla razılaşmayıb və özünü təqsirli saymadığını bildirib.

“Qızılların çoxu 5-lik, 10-luq, 15-lik idi”

Ardınca zərərçəkmiş statusunda ifadə verən sabiq nazir müşaviri deyib ki, Rövşən uzaq qohumudur - anaları əmiqızıdır.

Nazirin müşaviri olanadək "Avtonəqliyyat" Servis Departamentinin rəisi, ardınca nazirliyin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəhbəri vəzifələrində çalışmış Çingiz Baxışovun sözlərinə görə, qohumu təxminən 12 il onun yanında işləyib, nəqliyyat müfəttişi olub:

"Yanımda işləyib, ona etibar eləmişəm, lazım olan işləri tapşırmışam, yerinə yetirib. Tez-tez bizə gəlib-gedirdi. Düzdür, evimizdə oturmurdu, amma nə lazımdırsa, tapşırırdım, eləyirdi. Qızım Fatma xəstəliyi ilə əlaqədar tez-tez Türkiyəyə gedib-gəlir. O biri qızım Sevil də işləyir. Ona görə də saxlamaq üçün qızıllarını bizə gətirmişdilər. Ötən ilin sentyabrında yoldaşımla xarici ölkəyə gedirdik deyə, Rövşəni çağırıb üç ayrı-ayrı bağlama şəklində ona verdim".

Buna da bax:​ Gömrük işçisi: ‘Gördüm avamdı... 2 min 200 dollarını aldım’

Çingiz Baxışov deyib ki, qızıl-zinət əşyalarının bir hissəsi ikikiloqramlıq qatıq vedrəsində, bir hissəsi çay qabında, qalanı da bir sellofanda olub. Hər üç bağlamanın da ağzı "skoç”lanıb. Əşyaların böyük bir qismi qızıl pullar - 5-lik, 10-luq, 15-liklər olub: "Rövşənə verəndə yoldaşım dedi ki, "ömür boyu nə yığmışıqsa, hamısı burdadır, aparıb bizi pis günə qoyarsan". O da cavabında qayıtdı ki, "heç nədən narahat olmayın, aparıb basdırıb gizlədəcəyəm". Torbada 6-7 kilo qızıl olardı”

"Az qalırdı əyilib ayaqqabılarımın tozunu silsin..."

Çingiz Baxışovun sözlərinə görə, bir də bu ilin fevralında Rövşən Əhmədov ona zəng eləyib ki, yaxın vaxtlarda qızının toyudur, evə gəlib-gedən çox olacaq, ona görə qızılları saxlamaq istəmir: "Dedim ki, evdə yoxam. Aparıb qızım Fatmagilə verdi. Həmin vaxt qızım evdə olmayıb, kürəkənim Ayaza verib. Bir müddət sonra qızım zəng elədi ki, "ata, nə isə bağlamalar çox yüngüldür". Yoldaşım dedi ki, "Rövşən elə şey eləməz". Bir də martın axırında gedib götürəndə gördüm ki, bağlamaların ikisi boşdur. Ümumilikdə, cəmi 300-400 qramlıq əşyalar qalıb.

Buna da bax: General Çovdarov ittihamları 'Piri babanın nağılı' adlandırır

Bağlamaları evimizə gətirdik, Rövşəni çağırdıq, gəldi. Qatıq vedrəsini açdıq, boş idi, çayqabını açdıq, boş idi. Üçüncü bağlamanı açanda içindəkilər orada idi. Soruşdum ki, qızıl pullar hanı? Quzu sifətində olan adam birdən-birə şirə döndü. Dedim ki, "bağırma, get, evindəkilərlə danış, xoşluqla qızılları qaytar". Getdi, ondan sonra telefonlarımı götürmədi… Elə bil 12 il mənim yanımda quzu kimi işləyən adam deyil. Həmişə nə deyirdim, onu da eləyirdi. Evimə gələndə az qalırdı ki, əyilib ayaqqabılarımın tozunu silsin...".

İcra başçısı 950 hektar torpaq sahəsi bağışlayıb

Çingiz Baxışov qohumunu mənimsəmə ilə yanaşı, həm də onu zəhərləmək cəhdində günahlandırıb: "Mən, adətən, Bayraq Meydanında gəzişirəm. Çox vaxt o da yanıma gələr, amma əlində heç nə gətirməzdi. Fevral ayında yenə ora gəldi, əlindəki butulkada su vardı. Təklif elədi, mən də içib, qaytardım. Fevralın 3-də səhər duranda halım pisləşdi. Üç gün bu vəziyyətdə oldum. Sonra Gömrük Hospitalına aparılanda məlum oldu ki, mədəm bütün qandır. Təmizlədilər. Onda böyük qızım dedi ki, "Rövşənin əlindən nə isə içməmisən?". Sonra məni Avstriyaya apardılar, iki həftə orada müalicə olundum".

Buna da bax:​ “Moskva” univermağında qızılsatanlar işi dayandırdı

Şikayəti əsasında Rövşən Əhmədov həbs olunandan sonra mediada onun barəsində yayılan məlumatlardan gileylənən keçmiş məmur bunu şantaj kimi qiymətləndirib.

Rövşən Əhmədov istintaqa ifadəsində deyib ki, Çingiz Baxışov əvvəllər də ona milyonlarla pulunu, qızıllarını saxlamağa verib. Bundan əvvəl bir dəfə qızıllarını özünə qaytaranda onun bir hissəsinin yerində olmadığını iddia edib, amma bir müddət keçəndən sonra səhvini etiraf edib. Bu səbəbdən aralarında bir müddət soyuqluq olub.

Amma Çingiz Baxışov prokurorun suallarını cavablandırarkən, daha öncə qohumuna saxlamağa heç nə vermədiyini söyləyib.

Buna da bax:​ 'Qızıl Məryəm'in qızı: 'Anamı sevgilim öldürüb'

Bununla belə, o, Rövşən Əhmədovun vəkilinin suallarını cavablandırarkən etiraf edib ki, oğlunun 4 sot torpağını onun adına keçirib. Keçmiş məmur Qobustan rayonundakı 950 hektar torpaq sahəsini də Rövşən Əhmədovun adına rəsmiləşdirdiyini təsdiqləyib. Onun sözlərinə görə, Qobustanın icra başçısı aralarında yaranmış mübahisəni yoluna qoymaq məqsədilə, 950 hektar yaylaq veribmiş.

Dekabrın 1-də keçiriləcək növbəti məhkəmə iclasında Rövşən Əhmədovun özü ifadə verəcək. O, ittihamı qəbul etmir və deyir ki, qızıl dolu bağlamaları necə alıbsa, eləcə də aparıb Baxışovun kürəkəninə təhvil verib.

Buna da bax:

Gömrüyün qara dəliyi
Gözlə
Embed

No media source currently available

0:00 0:00:42 0:00

XS
SM
MD
LG