Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 04:20

'Büdcədən qazananlar büdcəyə pul ödəmir'


"Centlmen razılaşması". Şerif. Karikatura.
"Centlmen razılaşması". Şerif. Karikatura.

Vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmaya görə məhkəməyə göndərilmiş cinayət işlərinin sayı 67-dən 220-yə yüksəlib.

Vergilər Nazirliyinin açıqladığı bu məlumatın təhlili göstərir ki, cinayət işlərində adı keçən şirkətlərin bir çoxu ilyarım öncə ləğvetmə prosesinə baş vuranlardır.

Yerli media ötən ilin martında yazırdı ki, eyni ünvanlarda qeydiyyatdan keçmiş yüzlərlə şirkət öz borclularına ləğv olunduğunu bildirib. Elə həmin ilin fevralında Vergilər Nazirliyi açıqlama vermişdi ki bir mərkəzdən yönəldilən 106 şirkət külli miqdarda vergini dövlət büdcəsinə ödəməkdən yayındırıb.

Buna da bax:​ 220 şirkət məhkəməyə verildi

Bu o şirkətlərdir ki...

Nazirliyin son açıqlamasına görə, vergi cinayəti törətməkdə ittiham olunan şirkətlərin 174-ü ölkənin regionlarında fəaliyyət göstərirmiş. Onların çoxu Quba, Qusar, Xaçmaz, Lənkəran, Tovuz, Sabirabad və Balakən rayonlarında, eləcə də Sumqayıt və Şirvan şəhərlərində təsis edilib. Sayı yüzü aşan şirkətləri bir neçə nəfər: Əliyusif Əfqan oğlu Bayramlı, Mehman Canmirzə oğlu Mirzəliyev, Teymur Mömin oğlu Əliyev, Elman Hətəm oğlu Rəhimov, Miskin İbrahim oğlu Hümbətov və başqaları yönəldirmiş.

Ekspertlərin qənaətincə, bu adamların çoxunun həmin şirkətlərin idarə edilməsində rolu olmayıb. Onlar, sadəcə, müəyyən ödəniş müqabilində öncədən nəticəsini bildikləri oyunun iştirakçısına çevriliblər.

Buna da bax: 10 ayda vergi daxilolmaları azalıb

“Dövlət satınalmalarına gir, pulu götürüb get” məntiqi?

AzadlıqRadiosu-nun araşdırmasında müəyyənləşdirilib ki, əsasən, dövlət satınalmalarından pul qazanan bu şirkətlərin dövlət büdcəsinə xeyli borcu yığılıb qalıb. Məsələn, «Palma-2014» MMC-nin 12 min 596 manat, «Poliqon 2014» MMC-nin 2 min 718 manat, «Enerqoremont» MMC-nin 38 min 207 manat, «Kanin» MMC-nin 4 min 37 manat, «Real Təmir Tikinti» MMC-nin 7 min 115 manat, «Filosof 2014» MMC-nin 15 min 776 manat vergi borcu ödənilməyib. Siyahı bunlarla bitmir.

«Vergidən yayınmağın bu fəndindən elə indi də yararlananlar var»

«İqtisadi və Sosial İnkişaf Mərkəzi» İctimai Birliyinin eksperti Rəşad Həsənov Azərbaycanda dövlət vəsaitlərindən yararlanan şirkətlərin vergidən yayınma mexanizmini AzadlıqRadiosu-na şərh edərkən deyir:

“Qeyri-leqal biznesin, kölgə iqtisadiyyatının geniş yayıldığı, eyni zamanda idarəetmə və nəzarət sistemlərində korrupsiyanın mövcud olduğu ölkələrin çoxunda bu metoddan istifadə edilir. Verginin büdcədən yayındırılması, bunun məsuliyyətininsə əvvəlcədən planlaşdırılan şəkildə kiminsə üzərinə qoyulması Azərbaycanda əvvəlki illərdə də tətbiq olunub, düşünürəm ki, indi də kimlərinsə istifadə etdiyi fənddir”.

Buna da bax:​ Vergi borclarını zorla yığacaqlar - Yeni idarə yaradıldı

“Nə pulu var, nə mülkü”

Dövlət büdcəsinə çatası əlavə dəyər vergisini müəyyən şirkətlər vasitəsilə mənimsəmək təcrübəsi əvvəlki illərdə də çox geniş yayılmışdı. Şirkət rəhbərləri «qurban verilir», məhkəmə qərarı ilə həbs edilirlər. Belə şəxslərin, adətən, nə büdcəyə ödəyəsi pulu, nə də mülkiyyəti olur. Nəticədə, məbləği milyon manatlarla ölçülən vəsait büdcədən yayındırılır.

“Bu işi mütəşəkkil şəbəkə icra edir”

Buna da bax:​ Vergilər nazirliyi ‘Akkord’da: ‘Borcları vermək zamanıdır’

R. Həsənovun sözlərinə görə, bu işlər, bir qayda olaraq, dövlət orqanlarında çalışan şəxslərin də qatıldığı mütəşəkkil şəbəkə vasitəsilə gerçəkləşdirilir. Heç də təsadüfi deyil ki, «birgünlük» şirkətlər ən müxtəlif dövlət qurumlarının keçirdiyi tenderlərdə qalib gəlirlər. Rəsmi qurumlarda vergilərin dövlət büdcəsinə vaxtında daxil olmasına məsul şəxslər pul vəsaiti şirkətlərə axan zaman buna göz yumurlar. Beləcə, həmin vəsait kənar məqsədlərə yönəldilir və... şirkət rəhbərinin həbsi ilə öncədən cızılmış plan tamamlanır.

XS
SM
MD
LG