Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 02:24

Keçmiş müstəntiqin məhkəməsi şüarlarla bitdi


Rüfət Səfərov
Rüfət Səfərov

Zərdab Rayon Prokurorluğunun keçmiş müstəntiqi, ölkədə insan haqlarının addımbaşı pozulmasına, prokurorluq orqanlarındakı qanunsuzluqlara etiraz olaraq istefa verdiyini açıqlayandan bir müddət sonra həbs edilən Rüfət Səfərov haqqında hökm qüvvədə qalıb.

Dekabrın 22-də Şirvan Apelyasiya Məhkəməsində Ələsgər Novruzovun sədrlik etdiyi hakimlər kollegiyası belə qərara gəlib.

"Günahı ancaq prezidentdə görürəm"

Beləliklə, rüşvət almaqda suçlanaraq, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il azadlıqdan məhrum edilən keçmiş müstəntiq apelyasiya şikayəti təmin olunmayıb.

Buna da bax:​ 'Rüşvətalmada adətən video, şifrələnmiş pullar olur. Niyə bu işdə yoxdur?'

"Onu məcbur ediblər"

Rüfət Səfərova rüşvət verdiyini iddia edən Eldəniz Abdullayev - Mədəniyyət və Turizm Nazirliyi Zərdab şöbəsinin rəhbəri bu gün – dekabrın 22-də yenə məhkəməyə gəlməyib. O, məhkəməyə teleqram göndərərək, hipertoniya xəstəliyindən əziyyət çəkdiyini və hazırda müalicə aldığından, gələ bilmədiyini xəbər verib.

Ötən məhkəmə iclasında keçmiş müstəntiqin vəkili Bəhruz Bayramov vəsatət qaldıraraq demişdi ki, Rüfətin Eldəniz Abdullayevdən rüşvət aldığı iddia olunur, amma istintaqda da, Lənkəran Ağır Cinayətlər Məhkəməsində də bu adamları üzləşdirməyiblər. Vəkil hüquqlarını müdafiə etdiyi şəxsin əleyhinə ifadə vermiş Eldəniz Abdullayevin məhkəməyə çağrılıb dindirilməsini tələb etmiş, hakimlər də həmin vəsatətlə razılaşmışdı.

Buna da bax:​ Üsyankar müstəntiq: 'Əli İnsanova görə həbs olunmuşam...'

Hakim teleqramı elan edəndən sonra Rüfət Səfərov onun gətirilməsində israr etməyib: "Mən o adamı yaxşı tanıyıram. Bilirəm ki, ondan təzyiq yolu ilə ifadə alıblar, məcbur ediblər. Ona görə də gəlmək istəmir".

"Öz halal pulumdan imtina etmişəm"

Ardından məhkəmə istintaqının yekunlaşdığı açıqlanıb. Prokuror Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmünün dəyişdirilmədən qüvvədə saxlanılmasını istəyib. Vəkil Bəhruz Bayramovsa bu hökmün qanunsuz və ədalətsiz olduğunu vurğulayıb. İbtidai istintaqda və işə birinci instansiya məhkəməsində baxılarkən, Rüfət Səfərova münasibətdə qanunun tələblərinin pozulduğunu deyən müdafiəçi çıxışının sonunda bəraətverici əsaslarla bu cinayət işinə xitam verilməsini istəyib.

Buna da bax:​ Rüfət Səfərovun müdafiə komitəsi təzyiqlərdən şikayətlənir

Rüfət Səfərovun özü isə son sözündə apelyasiya məhkəməsindən ədalətli qərar gözləmədiyini, nə sifariş verilibsə, onun da elan olunacağını deyib və bəyan edib ki, kimdənsə rüşvət alması barədə ittihamlar onu həbsdə saxlamaqdan ötrü uydurulmuş yalandır:

"Mən keçən ilin sonunda əməkhaqqı, ezamiyyətpulu, mükafat və s. daxil, toplam 4 min manat alacaqdım. Dekabrın 20-də - istefa verməzdən əvvəl bir anlıq düşündüm ki, bəlkə pulumu alandan sonra istefa ərizəmi təqdim edim. Amma bu fikrimdən daşındım. Düşündüm ki, bu hərəkətlə özüm öz əqidəmə xəyanət etmiş olaram. Mən öz halal pulumdan imtina etdiyim halda, niyə kiminsə haram puluna göz dikməliydim?!".

"Rədd olsun diktatura, yaşasın demokratiya!"

Məhkəmə qısa müşavirədən sonra apelyasiya şikayətinin təmin olunmadığını, hökmün qüvvədə saxlanıldığını elan edib.

Buna da bax: Rüfət Səfərovun hüquqlarının müdafiəsi komitəsi yaranıb

Rüfət Səfərov bu qərara məhkəmə salonunda "Rədd olsun diktatura, yaşasın demokratiya!" şüarı ilə reaksiya verib.

Vəkil Bəhruz Bayramov AzadlıqRadiosu-na bildirib ki, qərardan Ali Məhkəməyə kassasiya şikayəti veriləcək.

Rüfət Səfərov vaxtilə YAP-dan deputat olan, Müdafiə Nazirliyi mətbuat xidmətinin keçmiş rəhbəri Eldar Sabiroğlunun oğludur.

Buna da bax: İşçi Qrup: 'Bütün siyasi məhbusları azad edin'

Eldar Sabiroğlu qərardan sonra AzadlıqRadiosu-na deyib ki, oğluna verilmiş 9 il həbs cəzası hakimiyyətin sifarişidir: "Göründüyü kimi, hakimiyyət çox acıqlıdır. Ümid edirdik ki, apelyasiya məhkəməsi, müəyyən qədər də olsa, qanunlara, ədalətə istinad edib, hökmü dəyişər. Amma qanunsuz hökm qüvvədə saxlanıldı. Günahı başqa heç kimdə yox, prezidentdə görürəm. Belə çıxır ki, azad söz deyən, sərbəst fikir ifadə edən hər kəsin yeri həbsxana olmalıdır".

Eldar Sabiroğlu prezidentə də səslənib: "Hörmətli prezident, belə etməyin. Günahsız adamların fəaliyyətinizi, ölkədəki qanunsuzluqları tənqid etməsi sizi bu dərəcədə qəddar qərarlar verməyə sövq etməməlidir. Hər fikrini bildirəni tutub damlayanda bunun axırı necə olacaq?! Sizi çaşdıran ətrafınızdır. Siz də asanlıqla onların təkliflərinə razılıq verirsiniz".

Buna da bax:​ 'Qiyamçı müstəntiq'in anası: 'Rüfət kimi günahsızlar çoxdur'

Xatırlatma

Rüfət Səfərov ötən il dekabrın 20-də ölkədəki qanunsuzluqlara və insan haqlarının pozulmasına etiraz olaraq Zərdab Rayon Prokurorluğunun müstəntiqi vəzifəsindən istefa verib. İstefanın ardınca həmin prokurorluqda yoxlama və onun yaşadığı kirayə mənzildə axtarış aparılıb. Yanvarın 15-də Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvətalma) maddəsi ilə ittiham irəli sürülüb və Rüfət Səfərov həbs olunub. Bir həftə sonra - yanvarın 22-də Binəqədi Rayon Məhkəməsi keçmiş müstəntiq barədə həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsi barədə vəsatəti təmin edib.

Bu il sentyabrın 8-də Lənkəran Ağır Cinayətlər Məhkəməsi Rüfət Səfərova 9 il həbs cəzası kəsib. Keçmiş müstəntiq ittihamların uydurma olduğunu, siyasi baxışlarına, hökumətin ünvanına tənqidi fikirlərinə görə cəzalandırıldığını bildirir.

Buna da bax:

Eldar Sabiroğlunun haqqında 3 hekayət yazdığı rəsmi
Gözlə

No media source currently available

0:00 0:00:33 0:00

XS
SM
MD
LG