Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:44

AXCP üzvü olan müəllim işdən çıxarılıb


Sahib Rüstəmli
Sahib Rüstəmli

«Bilirdim ki, gec-tez bir bəhanə tapıb məni məktəbdən uzaqlaşdıracaqlar».

AXCP Ali Məclisinin üzvü, Sabirabad rayonu, Türkəndi kənd orta məktəbinin fizika müəllimi Sahib Rüstəmli 40 ilə yaxındır çalışdığı məktəbdən uzaqlaşdırılıb. Bu xəbəri ona dekabrın 27-də məktəb direktoru Eyvaz Abbasov çatdırıb. Sahib Rüstəmlinin AzadlıqRadiosuna deməsinə görə, onu siyasi baxışlarına görə işsiz qoyublar:

«DİREKTORA TÖVSİYƏ OLUNUB»

«Əslində, məni çoxdan işdən çıxarmaq istəyirdilər. Sadəcə, bunu necə edəcəklərini bilmirdilər. Bu il oktyabrın 3-də Kərbəla səfərinə çıxmalı idim. Lakin sentyabrın 15-də Sabirabad polisi tərəfindən şərlənərək 15 günlük həbsdə saxlanıldım. Onda mənə polisə müqavimət və ictimai asayişi pozma maddəsi ilə ittiham irəli sürülmüşdü. Səfərə çıxacağım tarixi 3 gün geri çəksəm də, bu, bəzi işlərə yetmədi. O cümlədən icazə məsələsi vardı... Yəni mən icazə ilə bağlı yazılı ərizəni şəxsən direktor Eyvaz Abbasova verdim. Amma ərizəyə cavabı gözləyə bilmədim. Ancaq direktora ərizə yazmazdan əvvəl Sabirabad Təhsil Şöbəsinin müdiri Pəhləvan Qarayevin yanında olub ona səfərə gedəcəyimi demişdim. O da direktorun adına ərizə yazmağı tapşırmışdı. Belə də etdim. Səfərdə olanda isə eşitdim ki, oktyabrın 14-də məni işdən çıxarıblar. Qayıdanda bildim ki, guya məktəb həmkarlar təşkilatı yığışıb mənim əmək müqaviləmə xitam verib və uzun müddət icazəsiz işdən qaldığım üçün işdən azad edilməyim direktora tövsiyə olunub».

Buna da bax-Əvvəl mitinq, sonra 'KPZ', axrı da işsizlik...

Sahib Rüstəmli deyir ki, bundan sonra o, məsələyə özünün iştirakı ilə baxılmasını tələb edib. Növbəti yığıncaqda 32 üzvdən 28-i iştirak edib və hər biri direktorun adına ayrıca ərizə yazaraq müəllimin işə bərpasını xahiş edib.

«MƏNƏVİ PİS TƏSİR ETDİ»

S.Rüstəmli məsələ ilə bağlı rayon təhsil şöbəsinin müdiri ilə birlikdə rayon icra hakimiyyəti başçısının qəbulunda da olub. Deyir, başçı da Pəhləvan Qarayevə məsələni müsbət həll etmələrini tapşırıb. Müəllim müsbət qərar gözlədiyi halda, dekabrın 27-də işdən çıxarılması xəbərini eşidib və məyus olub.

Sahib Rüstəmli işdən çıxarılmasını siyasi fəaliyyəti, AXCP üzvü olması və sosial şəbəkələrdə fəallığı ilə bağlayır: «Mənə dəfələrlə xəbərdarlıq edilmişdi. Bu ilin əvvəli bir neçə dəfə polisə çağrılmışam və məndən tələb ediblər ki, siyasi və Facebook fəaliyyətimə son qoyum. Mən xəbərdarlıqları qəti şəkildə rədd edəndən sonra oğlumu avtoxuliqanlıqla şərləyərək 20 sutka həbsdə saxlayıblar. Bu dəfə ziyarətə yollanmağımdan istifadə edib məni işdən çıxarmaları isə mənəvi pis təsir etdi».

«HEÇ KİMƏ XƏBƏRDARLIQ ETMƏMİŞƏM»

Eyvaz Abbasov, Türkendi orta məktəbin direktoru 27 dekabr 2016
Eyvaz Abbasov, Türkendi orta məktəbin direktoru 27 dekabr 2016

​​

Türkəndi kənd orta məktəbinin direktoru Eyvaz Abbasov AzadlıqRadiosuna bildirib ki, Sahib Rüstəmli işə gəlmədiyi üçün işdən çıxarılıb:

- Oktyabrın 15-dən 30-dək icazəsiz işdən qalıb. Oktyabrın 30-da işə çıxıb, noyabrın 5-dək işdə olub, noyabrın 6-dan 26-nadək yenə işə gəlməyib. Akt tərtib olunub, sənədləşdirilib və qərar verilib.

- Sahib Rüstəmli bildirir ki, siyasi baxışlarına görə işsiz qalıb. Hətta əvvəllər də xəbərdarlıqlar olunub.

- Şəxsən mən heç kimə siyasi baxışına görə xəbərdarlıq etməmişəm. İşdən sonra olan şeylərdir, mənə aidiyyəti yoxdur. Fakt odur ki, iki dəfə uzunmüddətli işdən icazəsiz qalıb. Başqa sözüm yoxdur.

XS
SM
MD
LG