Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 08:37

"Kitabsevərlər" qrupu ilə həvəskar oxucudan peşəkara necə çevrilmək olar...


"Kitabsevərlər" qrupunun üzvləri.
"Kitabsevərlər" qrupunun üzvləri.

Ən aktiv virtual kitab qrupu – “Kitabsevərlər” artıq 7 ildir mövcuddur, onlar illər əvvəl kitab paylaşımı və müzakirəsiylə məşğul olan kiçik facebook qrupu kimi yaransalar da, indi üzvlərinin sayı 200 nəfəri keçib. Oxu Zalı "Kitabsevərlər"in rəhbərlərindən biri Fariz Bayramovla söhbətləşdi.

- Azərbaycandilli virtual şəbəkədə kitabla bağlı ən böyük qrup "Kitabsevərlər" qrupudur. Bu qrup necə yarandı, qrupun meydana gəlməsində hərəkətverici motiv nə idi - bu haqda bir az danışa bilərsinizmi?

"Kitabsevərlər" qrupunun təşkilatçısı Fariz Bayramov uşaqlar üçün Astrid Lindqrenin kitabını imzalayır.
"Kitabsevərlər" qrupunun təşkilatçısı Fariz Bayramov uşaqlar üçün Astrid Lindqrenin kitabını imzalayır.

- Bəli, sırf kitaba, ədəbiyyata, maarifçiliyə aid olan və bunları təbliğ edən ən böyük, ən çox üzv sayı olan qruplardan biri də “Kitabsevərlər”dir. Bu qrup 2009- cu ildə jurnalist, bloqqer Rəşad Babalı tərəfindən yaradılıb. Özünün də dediyinə görə, məqsədi sosial şəbəkədə qeydiyyatı olan bütün kitabsevərləri bir araya toplamaq, onların bir-birlərinin mütaliəsinə stimul verməsi olub. Hazırda da qrupun fəaliyyətinin əsas ana xətti budur. Tam məsuliyyətlə deyə bilərəm ki, bu “stimul” məsələsi nəinki heç də zarafat salınaraq və yan keçilməli məsələ deyil, əksinə çox ciddiyə alınmalı olan məsələdir. Qrupda aktiv fəaliyyətdə olduğum son 3 ildə bu cür təbliğatdan stimul alıb mütaliəyə başlamağının, əvvəllər mütaliə edib sonra hansısa səbəbdən kitabdan uzaqlaşmış şəxslərin yenidən oxumağa həvəsləndiyinin, yüngül mətnlərdə ilişib qalanların daha ciddi mətnlərə doğru irəliləməsinin şəxsən şahidi olmuşam.

Buna da bax: Yeddi il öncə yaranmış "Kitabsevərlər qrupu" İctimai Birliyə çevrilir

- Aktiv üzvlərin sayı nə qədərdir? Bildiyimə görə qrup üzvləri vaxtaşırı görüşür, kitab müzakirələri keçirirsiniz.

- Əslində real görüşlərdə aktiv olanların sayı o qədər də çox deyil. Toplasan 200 nəfər daimi aktiv üzvümüz olar. Onlardan 50 nəfəri isə daha çox fəaldır, təbliğat işinə birbaşa qatqıları var və əslində bu heç də az deyil. Son 3 ildə qrupu virtualdan reala çıxararaq təbliğat işini bir qədər irəlilədə bilmişik. 2013- cü ilin ortalarından etibarən Səbuhi Şahmursoyun da qrupa qoşulmağından sonra real görüşlər, müzakirələr təşkil edilməyə başlandı. Mənim özümün də qrupa qoşulduğum 2014- cü ilin əvvəllərindən etibarən bu görüşlər daha da intensivləşdi, demək olar ki, hər həftə sonu sosial şəbəkədəki üzvlərimizi gah book kafelərdə, gah kitab təqdimatlarında, gah kitab yarmarkalarında, bir sözlə kitabla bağlı bütün tədbirləri bəhanə edərək görüşdürürük.

- Artıq "Kirabsevərlər" qrupunun bəzi nəşrləri də kitab rəflərində görünməyə başlayıb. Hansı kitabları nəşr etmisiniz və bu sahədə gələcək planlarınız nədir?

"Kitabsevərlər"in indiyədək çap etdiyi kitablar.
"Kitabsevərlər"in indiyədək çap etdiyi kitablar.

- Kitab çapında məqsədimiz əvvəlcə qrupun maddi bazasını formalaşdırmaq olub. Əslində bizim ciddi fəaliyyətə başlayanda əsas arzumuz internet kanalında da olsa mövzusu kitab olan bir veriliş açmaq, həftədə bir dəfə və ya ayda iki dəfə də olsa bunu ərsəyə gətirmək idi. Təbii ki, o zaman hələ çox sadəlövh idik. Sonra baxdıq ki, bu elə də asan deyil, bunun üçün maddi baza olmalıdı. Elə bu maddi baza üçün də kitab çapına qərar verdik. Öncə elə öz qrupumuzun üzvləri olan gənc yazarların hekayələrindən ibarət "İz" kitabını ərsəyə gətirdik. Daha sonra uşaq ədəbiyyatı nümunələri, antologiya və tərcümələrdən ibarət 13 kitab çap etdirdik. Bundan əlavə, qrup üzvləri mütəmadi olaraq müxtəlif bədii əsərlərin müzakirəsini təşkil edir. 2016- cı ildə 12 kitab müzakirə etmişik. Ara-sıra məktəblərdə də müzakirələr təşkil edirik. Qeyd edək ki, bütün bunlar hər hansı maddi yardım olmadan, qrupun aktiv üzvlərinin topladığı ianələr əsasında edilib. Gələcək üçün əsas planlarımız daha düşündürücü, daha ciddi ədəbiyyat nümunələrini tərcümə edib oxuculara çatdırmaqdır.

Buna da bax: "Ölkədə oxucu az deyil, sadəcə, onları bir yerə toplamaq lazımdır"

- Sizcə bir insanda kitab sevgisinin yaranmasının səbəbləri nədir? Nə üçün kimlərsə kitabla təmas qura bilir, hətta kitab oxumayanda mənəvi aclıq hiss edir, ancaq bəzi adamlarda bu belə deyil. Məsələn, elə sizin timsalınızda, necə oldu ki, kitaba sevginiz yarandı?

- Sualınıza axırdan əvvələ doğru cavab verəcəm. Bir az klassik cümlələr olsa da faktı deməliyəm: Mən gözümü açıb evimizdə kitab görmüşəm. Atam, özümdən böyük qardaşım və bacım boş vaxtlarını kitabla keçirirdilər. Atam hətta yemək yeyərkən belə kitab oxuyardı. Normal kitab rəfimiz var idi. Atamın atası 1949-cu ildə Ermənistandan deportasiya ediləndə, ordakı kitablarını Saatlıya gətirə bilmişdi. Düşünün ki, o qaçhaqaçda kitabları unutmamışdı, onları vacib saymışdı və özü ilə gətirmişdi. Mən babamın kitabxanasında Əliağa Vahidin 30-cu illərdəki latın qrafikası ilə çap edilmiş kitabını görmüşəm. Deməyim odur ki, bu bir az da görüb-götürmək, bir növ irsi keçən “xəstəlik” də sayıla bilər. Amma bu “xəstəliyə” hər bir insanı yoluxdurmaq olar və lazımdır. İndi tez-tez rast gəlirəm, uşaqlıqda kitab oxumayan, ailədə özündən əvvəl kitab oxunmayan xeyli mütaliəli, kitabsevər gənclər var. Onların böyük əksəriyyətinə məhz sosial şəbəkələr stimul verib. Bu özü də dediyim “görüb götürmək” məsələsinin bir sübutudur. Bir insanda kitab sevgisinin yaranmasının müxtəlif səbəbləri ola bilər, amma əsas səbəbi ətrafında mütaliəli insanların olmasıdır. Hətta bir insan belə olsa ondan stimul alıb oxuya, kitabın dəyərini dərk edə və sevə bilər. Əsas olan onun beyninə bu “xəstəliyin” ilkin rüşeymlərini sala bilməkdir.

"Kitabsevərlər" qrupunda kitab müzakirəsi.
"Kitabsevərlər" qrupunda kitab müzakirəsi.

- Sizcə kitab sektorunun əsas problemləri hansılardır və bu problemləri necə aradan qaldırmaq olar?

- Qrupun təşkilatçılıq məsələərinə daha çox mən baxdığıma görə, nəşriyyat işlərini də daha çox mən həll edirəm və kitab sektorunun problemləri ilə tanış olmağa fürsətim olub. Gəlin etiraf edək ki, biz xalq olaraq az oxumaqdan başqa, həm də az kitab alırıq. Maddi çətinliklərimiz yaranan zaman ilk qənaət etdiyimiz sahə təhsil, kitab sahəsi olur. Mütləq ən birinci bu sahəni gözardı edirik. Odur ki, kitab sektorunun ən birinci problemi insanlarımızın sosial şəraitinin yaxşı olmamasıdır. Kitab alanların sayı kitab oxuyanların sayından da azdır. Bu danılmaz faktdır ki, öz həllini gözləyir. İkinci böyük problem isə kitab sahəsinə dövlət tərəfindən dəstəyin və diqqətin zəif olması, kitabın üzərində ƏDV- nin olması, kağız məhsullarının ölkəyə girişi zamanı gömrükdə xüsusi güzəştlərin olmamasıdır. Ancaq bundan başqa nəşriyyatların orqanizə işləməməyi, kitab bazarında bir monopoliya hiss edilməsi, tərcümə işlərinin bərbad aparılması, bəzən kitabların olmalı olduğundan baha qoyulması və s. problemlər də mövcuddur.

XS
SM
MD
LG