Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 01:38

Zəlzələdən ziyan çəkənləri aldadıb pullarını da alıblar


Azərbaycan, Zaqatala rayonu zəlzələdən zərərçəkən evlər, 10 may 2012
Azərbaycan, Zaqatala rayonu zəlzələdən zərərçəkən evlər, 10 may 2012

2012-ci ilin oktyabrında Zaqatalada baş vermiş zəlzələdən ziyan çəkən bir xeyli ailə hələ də məhkəmə yollarındadı. Evlərinin yararsız hala düşməsi bir yana, hələ üstəlik, bankdan kredit, qohum-qonşudan borc götürdükləri pul da əldən gedib.

Onlardan bu pul alınıb ki, evləri təmir olunacaq və ya yenidən tikiləcək adamların siyahısına adları daxil edilsin. Sonradan bəlli olub ki, pulu verdikləri adamların bu məsələlərlə yaxından-uzaqdan heç bir əlaqəsi yoxdu.

Buna da baxın: Zaqatala zəlzələsinə 320 milyon, Vana 130 milyon [Video]

ÖZLƏRİNİ MƏMUR KİMİ TƏQDİM EDİBLƏR

Zəlzələdən ziyan çəkənləri aldadıb pullarını ələ keçirməkdə suçlanan üç nəfər məsuliyyətə cəlb olunub – Cəlil Xəlilov, Bayram Atayev və Xoşbəxt Babayev. Onlara CM-nin 178-ci (dələduzluq) maddəsilə ittiham verilib.

Cəlil Xəlilov “Qanun və Təhqiqat” qəzetinin baş redaktoru olub.

Cinayət işinin materiallarına görə, bu üç nəfər zəlzələdən ziyan çəkən Zaqatala və Balakən sakinlərinə özlərini Dövlət Neft Şirkətində (SOCAR) və Fövqəladə Hallar Nazirliyində işləyən məmur kimi təqdim eləyiblər. Deyiblər ki, evlərinin təmir olunması və ya yenidən tikilməsinə razılıq almaq üçün mütləq pul verməlidilər, adları siyahıya salınsın. Yoxsa, onların evlərinin ciddi ziyan çəkmədiyi haqda rəy veriləcək.

Buna da bax: Zəlzələ zonasında korrupsiya qorxusu

27 AİLƏ ALDADILIB

Bu vədlə 27 ailəni inandırıb, pullarını alıblar. Məsələn, zərərçəkənlərdən Qüdrət Emçiyevin 6 min, Rəfael Bodurovun 5 min 400, Mustafa Mollayev, Nadir Laçınov, Rəvan Mikanayev, Həsrətəli Ömərovun 4 min, Rahilə Məmmədovanın 3 min manatını və başqalarının da 1500-2 min 800 manat arası pulunu alıblar.

Bu cinayət işinə Zaqatala Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Cəlil Xəlilov 4 il 6 ay, Bayram Atayev 6 il 6 ay, Xoşbəxt Babayev isə 7 il həbs cəzası alıb.

Baş redaktorun cəzasının nisbətən yüngül olması prokuroru narazı salıb. Dövlət ittihamçısı onun cəzasının ağırlaşdırılması üçün apellyasiya protesti verib.

CƏZA AĞIRLAŞDIRILIB

Həbsxana
Həbsxana

Protestə Şəki Apellyasiya Məhkəməsində baxılıb. Dövlət ittihamçısı Qürbət Məmmədov iddia edib ki, C. Xəlilova yüngül cəza verilməsi üçün göstərilən əsaslar doğru deyil. Məsələn, hökmdə yazılıb ki, o, könüllü təslim olub, əslində isə belə olmayıb. Hökmdə həmçinin onun ziyanın bir qismini ödədiyi qeyd olunub. Prokuror bununla da razılaşmır. Bildirir ki, C. Xəlilov 5 nəfər zərərçəkmişə 6 min 100 manat pul ödəyib. Bu da ümumilikdə vurulmuş ziyanın təxminən 8 faizi deməkdir.

Buna da bax: Zaqatalada zəlzələdən sonra: «Gündə 3-4 evi sökürlər…»

Məhkəmənin hökmündə yüngülləşdirici hal kimi, həm də C. Xəlilovun ilk məhkumluğu, həbsdə olduğu müddətdə anasının və yeganə qardaşının vəfatı qeyd olunub.

Zərərçəkənlər də baş redaktorun cəzasının ağırlaşdırılmasını istəyiblər.

Şəki Apellyasiya Məhkəməsində bu işə Elçin Hüseynovun sədrlik etdiyi hakimlər kollegiyası baxıb. Kollegiya prokurorun və zərərçəkənlərin istəyinə uyğun qərar verib – Cəlil Xəlilovun cəzası 4 il 6 aydan 6 ilə qaldırılıb.

XS
SM
MD
LG