Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 09:26

'Başımıza uçan evdən çıxarıldıq, küçədə qaldıq'


Qəzalı bina (arxiv fotosu).
Qəzalı bina (arxiv fotosu).

“Evin örtüyü uçdu. Yaxşı ki, uşaqlar həmin vaxt içəridə olmayıblar. Düzdür, qorxu, stress keçiriblər, hələ də canlarındadı qorxu… Ancaq yenə yaxşı ki, sağ qaldıq".

Bunu AzadlıqRadiosu-na Sabunçu qəsəbəsi, Aydınbəyov küçəsindəki 6 saylı binanın keçmiş sakinləri deyir.

5 AİLƏ EVSİZ QALIB

Sakin Rasim Məmmədovun sözlərinə görə, bu il fevralın 5-də 5 ailənin yaşadığı qəzalı bina uçub. FHN xilasedicilərinin köməyi ilə canlarını uçqundan xətərsiz qurtara biliblər.

Buna da bax:​ 'Qızımı maşın vurub, ağır durumdadır, hadisəni törədəni gizlədirlər'

Bina 1903-cü ildə inşa olunub. 100-dən çox yaşı olan binada heç vaxt əsaslı təmir-bərpa işləri aparılmayıb. Buradakı sakinlər son illər “indi dağılar, bu saat dağılar” deyib canlarını dişlərinə tutaraq yaşayıblar. Axır ki, o gün çatıb – fevralın 5-i günorta vaxtı binanın örtüyü dağılaraq digər hissələrini də yararsız vəziyyətə salıb. Hadisə yerinə gələn FHN xilasediciləri sakinləri köçürüblər. Dağıntılar altındakı əşyalardan salamat qalanı kənara çıxarılıb. Binanın girişi və mənzillərin qapıları möhürlənib. O gün – bu gün, 5 ailə yersiz-yuvasız qalıb. Rasim Məmmədov:

“Bakı şəhər icra hakimiyyəti “JEK”in (Mənzil İstismar Sahəsi) üstünə göndərir, “JEK” deyir, mənim üstümə niyə gəlmisiz, mən ev verənəm? Getməyə yerimiz yoxdur, uşaqlarımız körpədir. Deyirlər, Bakı Şəhər İcra Hakimiyyətindən nə isə rəy gözləyirlər. 1 aya yaxın vaxt keçir. Nə vaxt icra hakimiyyətinə gediriksə, “hələ rəy gəlməyib” deyib elə qapıdan yola salırlar”.

Buna da bax:​ Bu acı əhvalat Xankəndindən olan köçkünün başına gəlib

“GƏLİB SUYU ÇƏKMİRDİLƏR”

Sakinlər binanın durumuyla bağlı, hələ çökməmişdən dövlət qurumlarına müraciət ediblərmiş. Rasim Məmmədov davam edir:

“Gedib o binanı çəksəniz, dəhşətə gələrsiz, deyərsiz, ilahi, burda insan yaşayıbmış… İllərdir ki, zirzəmisi adam boyunca su ilə dolu idi, hər yerə şikayət edirdik, gəlib suyu çəkmirdilər. Binanın qəzalı olmasını hamı bilirdi. Deyirdilər, ümumi həyətdəki evlər xüsusi (Çıxarışlı) evlər olduğundan təmir-bərpa filan işlərini də özümüz etməliyik. Ancaq dağılanda hamısı qaça-qaça gəldi”.

Buna da bax: Lal-karlar üçün internat məktəbinin köçkünləri tualetə çöldə gedirlər

“DƏFƏLƏRLƏ XƏBƏRDARLIQ OLUNUB”

Sabunçu rayon icra hakimiyyətindən “Qaynar xətt”ə bildirilib ki, Aydınbəyov küçəsindəki 6 saylı binanın sakinlərinə hələ uçqundan xeyli əvvəl dəfələrlə xəbərdarlıq olunub: “Dəfələrlə bildirilib ki, bina hər an uça bilər, evləri tərk etməlidilər, ancaq məhəl qoymayıblar. Çalışırıq kömək edək. Özlərinə də deyilib”.

Qapısına üç qurumun – Bakı şəhər İcra Hakimiyyətinin, Sabunçu rayon icra hakimiyyətinin və ərazi üzrə Mənzil İstismar Sahəsinin birgə möhürü vurulmuş evlərin sakinləri bu qurumların hərəkətə keçəcəyi günü səbirsizliklə gözləyirlər.

XS
SM
MD
LG