Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 09:40

Hacıbədəlli kəndinin sakini çarə axtarır


arxiv
arxiv

Ağcabədinin Hacıbədəlli kəndində yaşayan Qarabağ əlili Camal Tahirov düşünür ki, bu gedişlə, nəinki erməni girovluğundakı qardaşının və müharibədə həlak olmuş əmisi oğlunun, heç öz başının da çarəsini qıla bilməyəcək. Səbəb - xırdabuynuzlu heyvanların örüş yeri olan 3 hektar torpağın əlindən çıxmaq üzrə olmasıdır.

“Heyvan saxlayıb həlak olmuş əmioğlumun, girov düşmüş qardaşımın ailəsini saxlayıram. 6 ildir o torpaqdan istifadə edirəm. İndi hədələyirlər ki, torpağı boşalt, təhvil ver. Yoxsa ağır texnikanı gətirib özümüz kürüyəcəyik”.

“Bələdiyyə ilə icra hakimiyyəti əlbir olub...”

C. Tahirov deyir ki,bu torpaq sahəsini 6 il əvvəl ona elə kənd bələdiyyəsi özü verib. Beləcə, heyvandarlıqla məşğul olub həm özünü, həm də yaxınlarının ailəsini dolandıra bilərdi. Di gəl, indi torpaq ondan xəbərsiz başqasına satılıb:

“Bələdiyyə ilə icra hakimiyyəti əlbir olub, torpağı satıb. O torpaqda mənim tikilim və yüzlərlə heyvanım var. Ordan-burdan borc alaraq, heyvana verib torpağa buraxmışam ki, ailəm və yaxınlarımın ailəsi ac qalmasın. Bunlarsa məni hədələyirlər ki, tikilini söküb heyvanları da ora-bura dağıdacaqlar. Bunun adı özbaşınalıqdır. Bunu mənə deyən məmurlar rahat yaşasın deyə, düşmənlə üz-üzə dayanıb sağlamlığımı itirmişəm, qardaşımın, əmoğlumun gənc həyatı məhv olub, indi bunların münasibətini görəndə, sinəmə dağ çəkilir”.

“Bizim qarışacağımız yoxdur”

C. Tahirov bu məsələdə Ağcabədi Rayon İcra Hakimiyyətinin də əli olduğunu iddia edir. Ancaq icra hakimiyyətindən “Qaynar xətt”ə bildirilib ki, qurumun bələdiyyə torpaqlarına müdaxilə etmək səlahiyyəti yoxdur: “Getsin, problemi bələdiyyə ilə həll etsin. Bizim qarışacağımız yoxdur”.

Hacıbədəlli kənd bələdiyyəsindən deyirlər ki, Camal Tahirovun mübahisəli torpağa sənədi yoxdur: “Gətirsin icarə müqaviləsini göstərsin, getsin heyvanını otarsın. Ancaq bu adamın həmin sahədən istifadəyə heç bir sənədi yoxdur”.

Hüquqşünas yol göstərir

Hüquqşünas Vaqif Alıyev deyir, ortada çoxlu suallar var:

“Söhbət 5-6 sot sahədən getsəydi, anlamaq olardı. Ancaq bildiyim qədər, burada söhbət 3 hektarlıq ərazidən gedir. Bələdiyyə indiyədək bu boyda ərazidən sənədsiz istifadə edilməsinə göz yumub, nə sənədləşdirmə aparıb, nə də vaxtında torpağın boşaldılmasını tələb edib. Qanun deyir ki, əgər bələdiyyə ərazini hərraca çıxarırsa, yaxud icarəyə verirsə, üstünlük torpaqdan faktik istifadə edənə verilir. Yəni Camal Tahirova... Çünki torpaq onun istifadəsindədir və üstəlik, 6 il az müddət deyil. Əgər torpaq sahəsi dövlət ehtiyacları üçün götürülürsə, o zaman Camal Tahirova, əvəz olaraq, başqa torpaq sahəsi ayrılmalı və onunla icarə müqaviləsi bağlanmalıdır”.

XS
SM
MD
LG