Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 11:01

'Anam inanır ki, mən sağalacam və ayağa duracam'


Rusiyanın Lipetsk vilayətində bir fiziki qüsurlu oğlan və anası.
Rusiyanın Lipetsk vilayətində bir fiziki qüsurlu oğlan və anası.

"Yazıq hələ də ümid edir ki, mən sağalıb ayağa dura bildim bəlkə. Amma mən buna inanmıram. Niyə? Ona görə ki, oğraşlar ölkəsində heç əli, ayağı salamat olanlar yaşaya bilmir, mənim kimi şikəst adam neyləyə bilər ki? Uzaq başı yol üstündə dayanıb dilənə bilərəm".

Azad Qaradərəli

Şikəst oğlan dayısının toyunda

hekayə

İlk dəfədir şəhərdə toya gedirəm. Gedirəm yox e, aparırlar.

Bir dəfə də rayonda toyda olmuşam. Üç-dörd yaşım olardı, məni də aparıb qoydular evin bir küncündə, butulkanı da doldurdular suyla verdilər qucağıma. Bir əlim işləyir axı. O tərpənən əlimlə o butulkanı qaldırıb su içirdim. Özü də anladım ki, bu su gündə içdiyim sudan deyil, bir az şirintəhərdi, bir az da boğazımı qıcıqlandırır, gəyirdirdi məni. Sonralar bilmişəm ki, toylarda belə ləzzətli sular olur: kola, fanta… Hava da dəhşət istiydi. Onda mən bilmirdim ki, yay deyilən fəsil var. Yəni heç fəsil-zad qanmırdım ki…

Bir onu bilirdim ki, dəhşət musiqi çalınırdı. Adamlar da ayaqlarını yerə döyə-döyə atılıb-düşürdülər. Mənim yerim elə idi ki, bunları görə bilirdim. Amma heç nə anlamırdım.

Sonra o toyda adamlar bir-birini döyməyə başladı. Niyə, bilmirəm. Hətta mənim arabamı da aşırdılar. Kimsə bunu görüb arabamı yerdən qaldırdırıb qırağa çəkdi və mən də xilas oldum…

Onu saymıram yəni. O kənd toyu idi, palatka toyu. Amma bu dəfə toya rəsmən məni də apardılar. Toya bir həftə qalmış anam oturdu arabamın dibində, başladı mənə öyüd-nəsihət eləməyə. Mən artıq neçə illərdir ki, anamın sayəsində yaşayıram. O məni yedirdir, altımı təmizləyir, öpür, qucaqlayır, sonra danışa bilməsəm də, sözləri öyrədir. Ona görə danışılanları qismən başa düşürəm. İndi hərdən bəzi səslər çıxarda bilirım. Bax, “aaaa” deyə bilirəm, “ıııııı” eləyirəm, “vıvvvvvv”, “ğığğğğğ” , “sisssss” kimi səslər çıxardıram. Anam əslində bilir nə deyirəm. Bax, “sisss” deyəndə bilir ki, bankanı istəyirəm ki, içinə işəyim. (Hə ye, çoxdandı yerimə işəmirəm, vallah. Day yekəlmişəm dayna.) Elə ki, “ıııııı” elədim, anam bilir ki, qarşokumu istəyirəm. Gətirib qoyur altıma. Utandım e lap… Anam olmasa ölərdim yəqin ki…

Atam alçağın biridir. Mənə heç gözüynən də baxmaz. Evə gələn kimi içər, anamı incidər. Heyf ki, gücüm yoxdur, yoxsa qalxaram, qolumu qoyaram onun yumruğunun qabağına, deyərəm, bilirsən nə var, mənim anama toxunma!.. Amma allah mənə o gücü verməyib…

Mən allahı da anamın vasitəsi ilə tanımışam. O təzəlikcən namaz qılır. Əvvəl başa düşmürdüm, elə bilirdim dəli olub. Adam təkcənə nə qədər əyilib-düzələr axı? Baxışlarımla soruşdum ki, nə baş verir, sənə nə olub? Dedi ki, mən allahla danışıram. Dedim allah kimdir? Dedi səni, məni yaradan. Dedim, axı niyə ona baş əyirsən, o məni sevməyib. Sevsəydi, belə yaratmazdı? Dedi ki, belə danışma. Allaha naxoş gedər… Nə naxoş e, bundan da pisi var yəni?

Bəyin bacılarına və bacılarının ərlərinə söz verdilər toyda. Anam, xalalarım, xalalarımın ərləri getdilər söz deməyə, atam getmədi. Eləcənə, dostları ilə içirdi.

Buna da bax: Ovcunun içində "Axır ki, intihar düyməsinə basdım" yazmışdı...

Anam çıxış elədi. Dedi ki, qardaşıma nə arzu edirəm? Qoy allah ona sağlam övladlar versin. Sonra anam ağladı və musiqi başladı. “Ay etibarsız” adlı mahnı çaldırdı anam. Anam həmişə o mahnını sifariş verir. Atam gəlmədi oynamağa. Anam dəli kimi oynadı. Sonra muzıkantlar “Kinto” çaldılar. Anam ayaqqabılarını çıxardıb təpikləməyə başladı! O nəfəsi kəsilənəcən oynadı… İstədim dillənəm ki, ay ana, bəsdir. Ürəyin dayanar! Amma mənim səsim çıxmaz ki…

Sonra babam çıxış elədi. O da dedi ki, oğluma və gəlinimə xoşbəxtlik arzulayıram. Anama baxırdım o vaxt. Anam bütün qadınların ən gözəlidir, vallah! Xalalarım da gözəldir. Amma hamısının ərləri oğraşdılar. Altı qızın tək bircə qardaşı var. Ona görə qızları kimə gəldi veriblər. Elə biri mənim atam. Eni azı bir metrdir, uzunluğu da iki o qədər. (Bunları mənə anam öyrədib zaman-zaman. Yazıq hələ də ümid edir ki, mən sağalıb ayağa dura bildim bəlkə. Amma mən buna inanmıram. Niyə? Ona görə ki, oğraşlar ölkəsində heç əli, ayağı salamat olanlar yaşaya bilmir, mənim kimi şikəst adam neyləyə bilər ki? Uzaq başı yol üstündə dayanıb dilənə bilərəm. Onu da allah mənə qismət eləməsin.) Amma çox istəyirəm durum ayağa. İlk oğraş atama həddini göstərəcəm. Anama, dünyanın bu gözəl qadınına zülm elədiyinə görə… İkincisi də, mənə heç bircə dəfə də gözünün ucu ilə baxmadığına görə… amma yox, burda allahsızlıq elədim. O elə mənə görə içir. Allahı-bəndəni söyür. Anamı – dünyanın ən gözəl qadınını da döyür hərdən… Bir dəfə içəndə gəldi yatağıma, başını söykədi üzümə, o ki var hönkürdü. Ağladı. Sonra da siqaret yandırıb çölə çıxdı.

Atamın üzünə diqqətlə baxanda dəhşətə gəlirəm: elə bil mənim yaşlı vaxtımın üzüdür! Allah-allah! Mən bu kişiyə nə dəhşət oxşayırammış…

Hə, toydan danışırdım axı. Bu oğraş operator var e, cavan uşaqdır. Bəlkə məndən üç yaş böyük olar, ya olmaz. Dönür, dolanır, gəlib məni çəkir. Niyə çəkirsən məni?! Düzdür e, xoşuma gəlir bu. Amma anam əzab çəkir axı. Utanır. Hətta gördüm, gedib o çəkən oğlanın cibinə pul qoyur ki, məni çəkməsin…

Burda bir gözəl qız da var! Dəhşət gözəldir… Eh… Əslində anamdan sonra ən çox gördüyüm bu qızdır, amma onda belə gözəl görünmürdü axı… Elə anam da toydan-toya dəyişir. Nə təhər eliyirlərsə, aləm olurlar. Qızın adı Nuranədir. Anamın danışıqlarınnan bilmişəm adını. Zalımın qızı, bilirsən nə gözəlləşib!? Saçını nə təhərsə yığdırıb, par-par parıldayır! Sağ və sol tərəfdən saçından tel ayrılıb gözünün üstündən sallanıb… Oy ana, öldüm axı! Mənə nə isə olur! Ayaqlarımın arasında nəsə tərpənir! Məni mənnən alır… Bu nədir, ilahi…

Buna da bax: '50 min manat ver, ömürlük şikəst qal'

Anam məndə olan dəyişikliyi anlayır, (oynasa da bir gözü məndədir yazığın) tez qolunu aşağı endirib üstümə şığayır:”Nədi, Mısa, çişinmi var?” Hirslənirəm anama. “Nə çiş?! Mən uşağam!? Mənim on altı yaşım var axı!.. Hələ də çiş deyirsən… O qıza bax. Nuranəyə… O niyə elə gözəlləşib? O niyə o bir gözü çer gədiynən oynayır? Mənim qıçımın arasındakı niyə mənə rahatlıq vermir?...”

(Nuranənə bir ayağını anadangəlmə çəkir. Eşitmişəm, tay-tuşları ona daldada “çolaq Nuranə” deyirlər… İmkanım olsa, gözlərini çıxardaram! İt uşağı! Gül kimi qızdır… Nolsun e, bir az ayağını çəkir… Bu kor gədə hardan çıxdı?! Qalxa bilsəm, əngini dağıdaram vallah!)

Anam məni öpür. “Mənim kişi balam! Böyümüsən… Yazıq balam. Qızlarmı xoşuna getdi. Allah kərimdir. Bir gün durarsan ayağa!...”

Allahsa heç kərim-zad deyil… Dayım gəliniylə oynayır. Bax, mən də istəyirəm heylə gəlinim olsun. Qollarımı qaldırıb oynayım. Heç Nuranəni mənə verməsinlər, dünyanın ən sonuncu, ən çirkin qızı ilə də evlənməyə hazıram… Təki ayağa qalxa bilim…

Oğlanlar, kişilər qıpqırmızı qızarıblar. Bunun səbəbini bilirəm. Bir dəfə atam sərxoş olanda mənə də içki vermişdi. Aləmdi, e! Adam bu dünyayla vidalaşır. Mən istəmirəmmi bu dünyayla vidalaşmaq! Allah kəssin bu dünyanı!.. Bir də ki, içsəm, bəlkə, kömək eləyər mənə, damarlarım açılar…

Bir avropalı doktorun yanına aparmışdı anam məni. (Aparmadığı yermi qalıb yazığın?) Dedi, qızım, bu damarla bağlı problemdir. Müalicəsi Almaniyada mümkündür. Ona da 60 min lazımdır… Bu məncə böyük puldur. Kim verər axı o pulu?

Sonra anama dedi ki, istəyirsən, kağız yazım apar Saray qəsəbəsindəki internata. Orda bizim mütəxəssislər də gəlib əlil uşaqlara treyninq keçirlər. Onları cəmiyyətə adaptasiya etdirməyə çalışırlar. Onalara dərs də verirlər… Apar ora. Bəlkə düşdü oranın mühiti uşağa. Özünü tənzimləməyə cəhd elədi… Nə qədər olmasa da, kollektivdir. İctimaiyyət arasına çıxsa, təsir edə bilər. Belə xəstələr dava-dərmanla deyil, daxildən gələn istəklə, bədənin özü özünü tənzimləməsi ilə sağala bilirlər. Yəni tam sağalmırlar, amma heç olmasa özlərini idarə edə bilirlər…

Yazıq anam taksi tutub məni apardı ora. Qəsəbənin lap axırında, yastanda yerləşirdi internat. Anam həyətin gül-çiçəyinə, həyətdə əlil arabasında gəzdirilən şikəst uşaqlara, ikimərtəbəli internat binasının boynubükük görkəminə tamaşa elədi, sonra həyətdə sahibsiz şikəst uşaqlara bir də göz yeririb “ubbuyyyyy” elədi və məni arabaqarışıq qaytarıb taksiyə soxdu və “sür, qardaş, sür, allah maa ölüm versin” deyib özü də taksiyə oturdu. Anam o gündən uçunma xəstəliyinə tutuldu. Hərdən ona uçunma gəlir və onda qışqıra-qışqıra deyir:”Ubbuyyyy!” Və yorğan-döşəyə girir…

Nuranə gəlib mənim arabamı düzəldir, ağzımdan axan zərdabı salfetlə silir. (Bu qız bizim qohumumuzdur. Anamın işi olanda məni ona tapşırıb gedir. Deyəsən, pul-zad verir. Ona görə qız mənə yaxşı baxır. Hətta bir dəfə ona baxa-baxa o qədər “ıııııııı” elədim ki, yazıq gəlib arabamın dibində oturdu, az qala ağlaya-ağlaya dedi ki, nədi, ay Mısa, nədi, nə istəyirsən? Mən də onun dik duran döşlərini baxışlarımla göstərdim və gözlərimdən yaş axa-axa yenə “ıııı” elədim. Qız arif imiş. Anladı nə istədiyimi. Sinəsini gətirib üzümə yaxınlaşdırdı. Mən burnumla, dodaqlarımla onun açıq sinəsinə toxundum. Hətta dodaqlarımla açıq sinəsinin arasınan öpdüm də… amma qızın deyəsən, qıdığı gəldi. Tez açıq yaxasının düyməsini bağladı. Mən də zarıya-zarıya qaldım…)

Birdən nəsə hay-haray qopdu. Aləm bir-birinə dəydi. Cavan uşaqlar bir-birini döyməyə başladılar. Dava o qədər qızışdı ki, mən də ayaq altda qaldım. Elə adamlar mənim üstümə təzəcə yıxılmışdılar ki, güclü bir əl onları kənara atdı, sonra mənim yıxılan arabamı dikəltdi. Gözlərimə inanmadım: bu atam idi. O məni köksünə sıxmışdı… Anam isə bizi belə görüb bir kənarda xısın-xısın ağlayırdı…

Yenə əl-ayaq altda qalmayım deyə, anam mənim arabamı sürüb lap küncə apardı. İşləyən əlimə də bir parça ət verib getdi oynayanların yanına.

Buna da bax: Azad Qaradərəli. Alışqan

Sonra aş gəldi. Sonra rəqqasələr oynadılar. Sonra “Vağzalı“ çalındı. Əvvəl bəylə gəlin getdi. Sonra qonaqlar bir-bir, iki-iki getdilər. Hamı yavaş-yavaş çıxıb getdi. Və toyxana boşaldı. Nənəm, anam, xalalarım stollarda qalan artıqları yığışdırdılar…

Hamı çıxıb getdi. Hətta anam da məni unutmuşdu – stollardakı artıq-urtuq onun da huşunu qatmışdı. Üstündən xeyli keçmiş anam geri qayıtdı. Başını arabama – qarnıma sıxıb hönkürdü…

19.08.2016

XS
SM
MD
LG