Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 00:34

'Bank müştərilərinin yeni çətinlikləri'


İ.Əliyev
İ.Əliyev

Azərbaycanda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları, ərzaq məhsullarının bahalaşması, bankların nağd pul problemi və intiharlar bu gün medianın aparıcı mövzusudur...

BAKIDA İSLAM HƏMRƏYLİYİ

«Azərbaycan» qəzeti «İslam dünyası öz birliyini Bakıda nümayiş etdirəcək» sərlövhəli məqalə ilə bu ilin mayında Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları barədə silsilə yazıların dərcini davam etdirir.

Müəllif yazır ki, İlham Əliyevin hakimiyyətdə olduğu son 14 ildə Bakı bir çox beynəlxalq tədbirlərə ev sahibliyi edib: «Dövlət başçısı İlham Əliyevin 14 il müddətində irəli sürdüyü prinsiplər, müəyyən etdiyi strateji xətt, atdığı konkret addımlar onun Azərbaycanı sivilizasiyalararası dialoq, mədəni-intellektual konsolidasiya və əməkdaşlıq mərkəzinə çevirmək məqsədindən irəli gəlir».

Yazıda İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsi Azərbaycanın dünyada nüfuzunun artması kimi təqdim edilir.

Müəllif bu yarışa verilən qiymətlə bağlı dövlət başçısı İlham Əliyevdən sitat gətirir: «IV İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsi bizim üçün böyük şərəfdir. Biz bunu İslam ölkələrinin Azərbaycana olan hörmətinin və inamının təzahürü kimi qəbul edirik».

Müəllifə görə, Azərbaycan Avropa ilə Asiyanı birləşdirir, iki qitənin anlaşmasından ötrü səylərini davam etdirir.

Eyyub Hüseynov
Eyyub Hüseynov

BAHALANMANI CİLOVLAMAQ OLMUR

«Exo» qəzetində gedən «Azərbaycanda ərzağın qiyməti artır, artır...» sərlövhəli məqalədə bahalanma mövzusu Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynovla müzakirə edilir.

«İstehlakçılar bizə şikayət edirlər ki, ölkədə ərzaq malları heç bir qayda-qanun gözləmədən artırılır. Bizdə bir dəfə qalxan qiymətlər bir də enmir»,-deyə o qeyd edib.

AİB sədri deyib ki, sahibkarların maraqlarını qorumaq və yoxlamaların sayını azaltmaqdan ötrü iki il bundan öncə dövlət başçısı İlham Əliyev sənəd imzalayıb: «Amma informasiyalar var ki, rüşvət verilməsi daha qapalı şəkildə bu gün də davam etməkdədir. Buna görə də, qiymətlər enmək əvəzinə daha da artır».

Azad İstehlakçılar Birliyinin sədri E.Hüseynov daha sonra qəzetin oxucularını öz monitorinqlərinin nəticələri ilə də tanış edib: «Azərbaycanda ərzaq mallarının qiymətləri kəskin bahalaşıb. Günəbaxan yağı durmadan artır. Yerli süd məhsulları günbəgün bahalaşır. Bir il əvvəl 2 manata olan banan indi 3 manat 80 qəpik həddinə qalxıb. Topdansatış nöqtələrində də ciddi qiymət artımı qeydə alınıb».

Yazıda qeyd edilir ki, belə kəskin qiymət artımının iqtisadi əsasları yoxdur.

Əkrəm Həsənov
Əkrəm Həsənov

BANKLARDAN NAĞD PUL ÇIXARMAĞIN ÇƏTİNLİKLƏRİ

«Yeni Müsavat» qəzetində «Banklardan pul çıxarmağın çətinləşməsinin pərdəarxası» sərlövhəli məqalə oxumaq olar.

Yazıda banklardan nağd pul çıxarılmasında yaşanan problemlər ekspert Əkrəm Həsənovla dəyərləndirilir.

Yazının girişində mövzu ilə bağlı bəzi səbəblərə toxunulur. Müəllif baklardan nağd pul çıxarmağın çətinləşməsini likvidliyin aşağı düşməsi ilə izah edir: «Amma səbəbi nə olursa olsun, bu durum iş adamlarına problemlər yaradır. Üstəlik, bu zaman 1 faiz vergi tutulması narazılıq yaradır».

Müəllif vurğulayır ki, təkcə hesablardakı vəsaitlərin yox, maaş və təqaüdlərin çıxarılmasında da əhali problemlə üzləşir.

Yazıda xatırladılır ki, aprelin 1-dən nağdsız hesablaşmalarla bağlı qanun qüvvəyə minir. Bu durumu qəzetə ekspert Ə.Həsənov belə şərh edib: «Ötən iki ildə ölkənin pul bazası 4 dəfə azalıb. Mərkəzi Bank pul kütləsini sıxır ki, devalvasiya və inflyasiyanın qarşısını alsın. Dövriyyədə pulun azalması ödəniş sistemini iflic edib. Bankların əmanət həcmi azalır, problemli kreditlər artır. Belə şəraitdə heç kəs, xüsusilə də banklar əlindəki pulu vermək istəmir».

Ekspertin deməsinə görə, banklar hətta bununla bağlı qanunsuz limit də qoyublar: «Sadəcə, əllərində pul qalsın deyə, yalan deyirlər. Palata da onlara susmaqla dəstək verir. Çünki Palata da banklardan maliyyələşir, büdcədən pul almır. Bir sözlə, özbaşınalıq baş alıb gedir».

Ə.Həsənov deyir ki, bu sərt inzibati addımlar əks nəticələr verə bilər: «Nağdsız hesablaşmaları stimullaşdırma yolu ilə aparmaq lazım idi. Amma bu durum bütün iqtisadiyyatı iflic edə bilər».

İntihar. Foto illüstrasiya.
İntihar. Foto illüstrasiya.

İNTİHARLARA YOX!

«Novoye Vremya» qəzetində isə «İntihara «dur!» deyək» sərlövhəli məqalə diqqət çəkir.

Yazıda qeyd edilir ki, son bir neçə gündə ölkədə 10-a qədər intihar xəbəri yayılıb.

Müəllifə görə, bu durum intiharlarla mübarizəni gücləndirməyi qaçılmaz edir: «Bunun nəzərə alınmaması belə faciələrin daha da arta bilməsi təhlükəsi yaradır və intihar cəmiyyət üçün qlobal məsələyə dönür».

Yazıda daha sonra intiharların formasına toxunulur: «İntiharlar ölkədə qeyri-ordinar haldadır. İnsanlar müxtəlif üsullara əl atmaqla həyatdan qopmaq istəyirlər. Əvvəl özünü asmaq üstünlük təşkil edirdisə, indi özünü yandırmaq önə keçib».

Yazıda deyilir ki, əvvəllər intiharlara hüquqsuz qadınlar, işsizlər, depressiya keçirən gənclər baş vururdu. İndi bütün təbəqələr arasında intihar hallarına rast gəlmək mümkündür: «Ən dəhşətlisi budur ki, insanları belə addımlardan çəkindirməli olan psixoloqlar da artıq bu addıma gedirlər».

Bununla belə, müəllif hesab edir ki, intiharlar Azərbaycanda daha çox sosial bəladır: «Bank kreditlərini ödəyə bilmədiyindən intiharların baş verməsini inkar etmək olarmı? Bu isə artıq sosial problemdir. Pensiyaçıların buna daha çox əl atması təsadüfdürmü? Dərman əldə etmək çətinliyi üzündən ahıllar, sabaha, gələcəyə ümidsizlikdən isə gənclər intihara əl atırlar».

Müəllif yazır ki, intiharların qarşısını almaqdan ötrü problemdən qaçmaq yox, onu müzakirə etmək lazımdır.

XS
SM
MD
LG