Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 08:50

'Dövlət pulları talan edilib, amma bunu biz ödəməliyik'


Dilənçi-bank. Karikatura
Dilənçi-bank. Karikatura

Ölkə iqtisadiyyatının inkişaf perspektivi, Azərbaycan Beynəlxalq Bankın 3.3 milyard dollar borcun restrukturizasiyasına nail olmaqdan ötrü Nyu-York məhkəməsinə müraciəti və bu bankın borca düşməsinin səbəbləri bu gün medianın aparıcı mövzusudur...

XEYİR OLİQARXLARA, ZİYAN XALQA?

«Novoye Vremya» qəzetində «Beynəlxalq Bank oliqarxların günahından çöküb, amma bunu gərək biz ödəməliyik» sərlövhəli məqalə oxumaq olar.

Müəllif yazır ki, bank bu günlərdə yaydığı açıqlamada xarici valyutada olan öhdəliklərinin dövlətə ötürüldüyünü və bu proses başa çatanadək xarici kreditlərin ödənişlərinin dayandırıldığını bəyan edib.

Yazıda banka istinadən bildirir ki, hökumət artıq bankdan 9.93 milyard manat «qeyri-sağlam» aktiv alıb. Likvidlik dəstəyinin göstərilməsi məqsədilə banka 1.3 milyard ABŞ dolları və 70 milyon manat həcmində depozit yerləşdirilib. Bundan əlavə, 2017-ci ilin yanvarında dövlətin bankda yerləşdirilmiş depozitlərin 600 milyon manat hissəsi kapitalın artırılmasına yönəldilib: ​«Bu tədbirlər bankın kapital və likvidlik mövqeyini gücləndirib, amma manatın devalvasiyası və «qeyri-sağlam» aktivlərin hökumətə təhvil verilməsi prosesinin başa çatmaması əlavə itkilərə səbəb olub. 2016-cı ildə bankın törəmə qurumları ilə birlikdə itkilərinin 1.9 milyard manat həcmində olması gözlənilir. Bankın öz itkisi isə 1.74 milyard manat həcmindədir».

Qəzetdə yazılanlara görə, bankın İdarə Heyətinin sədri Xalid Əhədov deyib ki, restrukturizasiya (kreditin və onun qaytarılma şərtinin dəyişdirilməsi-AR) planının onlara mənfi təsiri olmayacaq.

Daha sonra müəllif bankın acınacaqlı duruma düşməsinin səbəblərinə toxunur. Buna səbəb kimi bir zamanlar verilən və hələ də qaytarılmayan kreditləri göstərir. Müəllif iddia edir ki, bu kreditləri oliqarxlar və onlara yaxın şəxslər götürüblər. Üstəlik, həmin kreditləri hələ də qaytarmaq barədə düşünmürlər. İndi isə borcları dövlətə ötürürlər: ​«Görürük ki, dövlət pulları talan edilib, amma nə üçünsə bu biabırçılığın əvəzini biz ödəməliyik. Bəs ədalət haradadır?».

ABB
ABB

AZƏRBAYCANIN NÜFUZUNA ZƏRBƏ

«Yeni Müsavat» qəzetində də «Beynəlxalq Bank bankrot olunması üçün Nyu-York məhkəməsində - iki fərqli rəy» başlığı altında bu mövzu ekspertlərlə müzakirə edilib.

Yazıda bildirilir ki, Azərbaycan Beynəlxalq Bankı 3.3 mlrd. dollar həcmində borcun restrukturizasiyasına nail olmaq məqsədilə Nyu-Yorkda məhkəməyə müraciət edib.

Keçmiş maliyyə naziri Fikrət Yusifov bankın bu addımını müsbət dəyərləndirib: ​«Həmin məhkəməyə müraciət etməkdə məqsəd Beynəlxalq Bankın xarici öhdəliklərinin restrukturizasiya edilməsi prosesində xarici kreditorların bankın aktivlərinə qarşı hər hansı bir iddia qaldırmasının qarşısını almaqdır. Beynəlxalq Bankın sağlamlaşdırılması istiqamətində atılan bütün addımlar Azərbaycan prezidentinin bankın özəlləşdirilməyə hazırlanması ilə bağlı 2015-ci il iyulun 15-də verdiyi fərmanına uyğundur».

İqtisadçı-ekspert Natiq Cəfərli isə bu məsələni qəzetə fərqli yöndən dəyərləndirib. N.Cəfərli hesab edir ki, bu, əslində, Azərbaycanın bank, maliyyə sistemindən ötrü böyük qalmaqaldır. Yəni, ölkənin bank sektorunun, investisiya durumunun aşağı səviyyədə olması üzə çıxır: ​«Çünki çox nüfuzlu beynəlxalq media qurumları bunu geniş şəkildə işıqlandırdılar. Söhbət 3.3 milyard dollara yaxın xarici borcdan gedir. Bunu da Beynəlxalq Bank ödəyə bilməyib və kreditlər üzrə ödənişlərin artıq zamanı da keçib».

Ekspert hesab edir ki, ən azından bu müraciət Azərbaycanın xaricdə daha böyük qalmaqallarla üzləşməsinin qarşısını alacaq.

N.Cəfərli deyib ki, ölkədəki bütün banklarda vəziyyət təqribən eynidir. Bank sisteminin bütünlükdə fəaliyyəti dayanmış vəziyyətdədir. Ekspertin fikrincə, Beynəlxalq Bankın bu müraciəti digər bankların xaricdən kredit götürmələrinə ciddi əngəl yaradacaq: ​«Bu, Azərbaycanın nüfuzuna və bank sisteminə çox böyük zərbədir. Problemli kreditlər bütün banklarda var. Beynəlxalq Bank dövlət bankı olduğundan dövlət onu himayə edir. Amma digər banklarda problemli kreditlərlə bağlı vəziyyət idarə olunmaz həddə çatıb».

Biznes.
Biznes.

İQTİSADİYYATIN STİMULLAŞDIRILMASI

«Azərbaycan» qəzetində «Ekspert: İqtisadiyyatın yeni mənbələr hesabına stimullaşdırılması xarici iqtisadi fəaliyyətin canlanmasında da öz əksini tapacaq» sərlövhəli məqalə dərc edilib. Yazıda ölkə iqtisadiyyatının imkanları ekspert Ümidvar Əliyevlə dəyərləndirilir.

«Milli iqtisadiyyat perspektivlərinin yol xəritələri vaxtında təqdim olunan dövlət sənədidir və Azərbaycan iqtisadiyyatının bütün sektorlarının inkişafının stimullaşdırılmasına əlverişli şərait yaradacaq. Milli iqtisadiyyatın inkişafının yeni mənbələr hesabına stimullaşdırılması xarici iqtisadi fəaliyyətin canlanmasında da əksini tapacaq», - deyə Ü.Əliyev bildirib.

Ekspertin fikrincə, hökumət neft sektorundan asılılığı aradan qaldırmaq məqsədilə qeyri-neft sektorunun inkişafını diqqət mərkəzində saxlayır. 2016-cı ildə qeyri-neft sektorunda 5, kənd təsərrüfatında isə 2.5 faiz artım baş verib.

Ü.Əliyev bildirir ki, ölkə iqtisadiyyatının gələcəkdə də dayanıqlılığını təmin etmək məqsədilə hazırlanmış «Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivlərinin Strateji Yol Xəritəsi» bütün sektor üzrə inkişafı nəzərdə tutur: «Dünya ölkələrinin təcrübəsi göstərir ki, təbii rəqabət üstünlüyünə malik olan neft və neft məhsulları ilə uzun müddət dayanıqlı iqtisadi inkişafı təmin etmək mümkün deyil. Dünya iqtisadi böhranı şəraitində neftin qiymətinin qısa bir müddətdə kəskin şəkildə aşağı düşməsi bu fikrin doğruluğunu əyani şəkildə sübut etdi. Ona görə də, Azərbaycan kimi ölkələr, xüsusilə də dünya bazarında neft təklifinə əhəmiyyətli dərəcədə təsiri olmayan ölkələr xarici iqtisadi fəaliyyətinin şaxələndirilməsini xüsusilə diqqət mərkəzidə saxlamalıdır».

XS
SM
MD
LG