Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:32

Astarada qəbula gələn: 'Nazir mənə 5 manat versin, çörəkpulu edim'


Səlim Müslümov Astarada vətəndaşları qəbul edir
Səlim Müslümov Astarada vətəndaşları qəbul edir

Astara Olimpiya İdman Kompleksinin həyətində ağız deyəni qulaq eşitmir. Kompleksdə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov iyulun 7-də beş rayonun sakinlərini qəbul edir. Əsas binanın qapısı önündə duran 10-a yaxın polis içəri keçmək istəyənlərin qarşısını kəsərək növbə yaratmağa çalışır.

Nazirliyin təmsilçisi qeydiyyata düşənlərin qəbul ediləcəyini bildirir. İçəri keçmək istəyən, özünü Qarabağ əlili kimi təqdim edən şəxslə polislər arasında mübahisə düşür, əlili pilləkəndən aşağı salırlar. Şikayətçilər arasında yaşlı qadınlar, uşaqlar, əlillər gözə dəyir.

Qoltuq ağaclarına söykənən, adının çəkilməsini istəməyən rayon sakininin dediyinə görə, ona əlillik dərəcəsi düzgün verilməyib:

«Üçüncü qrupam. Nazirə dedim. O isə mənə məsləhət gördü ki, rayon xəstəxanasından uyğun sənədləri alıb yenidən nazirliyə müraciət edim. Adımı qeydiyyata saldılar. Şikayətimin həlli ilə bağlı nəticə çıxartmaq hələ tezdir. Görək nə olur».

«YAŞAMAQ OLMUR»

Astara rayonunun Ərçivan kənd sakini Dilarə Rzayeva sosial durumunun ağır olduğunu, yararsız evdə yaşadığını bildirir. Deyir, nazir onun şikayətinə mütləq baxmalıdır:

Dilarə Rzayeva
Dilarə Rzayeva

«Rayon icra hakimiyyətinə getdim. Mənə dedilər ki, bu kompleksdə qəbul keçirilir. Kompleks də kənar bir yerdədir. İndi gəlmişəm, növbəyə girdim. Dedilər, «adını yazmışıq, gözlə». Vəziyyətim pisdir. Qazpulunu ödəyə bilmədiyimə görə kəsiblər. Yaşamaq olmur».

O, əlində tutduğu şəklə işarə edərək yaşayış evinin burası olduğunu deyir, «o evdə heyvan da yaşamaz», – deyə dərhal da əlavə edir.

Astara rayonunun Miki kənd sakini İsmayıl Mahmudov da evsizlikdən, sosial problemlərindən danışır:

«Dörd əkiz uşağım var, biri də bu il dünyaya gəlib. Ev yox, eşik yox. Nazirliyə yazmışdım. Mənə cavab verdilər ki, ev verməyə imkanımız yoxdur. İndi özüm uşaqlarla birlikdə gəlmişəm nazirin qəbuluna. Görüm nə deyir. Burda da qəbulda adam çoxdur. Qonşu rayonlardan gələnləri birinci olaraq içəri buraxıblar. Biz qalmışıq çöldə. Nazir şikayətçilərin hamısını qəbul etmək üçün gərək iki gün burda otura».

Astara Olimpiya İdman Kompleksinin qarşısı.
Astara Olimpiya İdman Kompleksinin qarşısı.

«EYNİ ŞİKAYƏTƏ GÖRƏ NƏ QƏDƏR GƏLİB GEDƏRLƏR?»

Qapının önündə duran qadınlar onları içəri buraxmağı xahiş edirlər:

«Heç olmasa, uşaqlı qadınları buraxın. Zavod, fabrik olsa, işləyərik də. Ta bura nə üçün gəlirik? Sovet dövrü yaxşı idi. Moskvaya balaca bir şikayət edirdin, gəlib tökülüşürdülər, soruşurdular. İndi eyni şikayətə görə nə qədər gəlib-gedərlər?».

Şikayətə gələn, özünü Xalid Əliyev kimi təqdim edən şəxs deyir ki, nazirliyin rayon şöbəsində onu qəbula yazmaqdan imtina ediblər:

«Dedilər, konkret şikayət olmalıdır. Mən də dedim ki, «sosial vəziyyətim yaxşı deyil. Nazir heç olmasa, mənə 5 manat versin, çörəkpulu edim». Dedilər, «olmaz». İndi gəlmişəm bura, bəlkə qəbula yazıla bildim. Ancaq ümidim yoxdur».

«HAMISI EYNİ KÖKDƏDİR»

Astara rayon sakini Ülvi Quliyev isə ünvanlı sosial yardımı ala bilmədiyini söyləyir:

«İki gün bundan əvvəl qəbula yazılmaq üçün rayon şöbəsinə getdim. Bildirdim ki, «kartı almışam, amma pul yoxdur». Bir ilə yaxındır. Mənə dedilər ki, ünvanlı sosial yardımla bağlı nazir şikayətlərə baxmır. Teleqram vurdum nazirliyə. Yenidən qayıtdım şöbəyə. Dedilər, «qəbula yazmışıq». Beş baş ailəyik, işləyən yoxdur. Torpağımız da yoxdur. Bəs necə yaşayaq? Nazirdən kömək istəyirəm. Bura gələnlərin hamısı eyni kökdədirlər».

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin saytında nazirin Astarada keçirdiyi qəbulla bağlı elan da verilib. Elanda bildirilir ki, qəbula yazılmaq istəyən vətəndaşlar 142- Çağrı Mərkəzinə, nazirliyin ümumi şöbəsinə və Dövlət Sosial Müdafiə Fondunun yerli şöbələrinə müraciət edə bilərlər. Saytda son 6 ayda Nazirliyin elektron xidmətində 5.2 milyona yaxın müraciətin qeydə alındığı da bildirilir.

XS
SM
MD
LG