Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 13:48

Qiyas İbrahimovun vəkili baş prokurora müraciət edib


Qiyas İbrahimov
Qiyas İbrahimov

Vəkil Elçin Sadıqov müvəkkili, 2 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən gənc fəal Qiyas İbrahimova qarşı işgəncə iddialarının araşdırılması üçün iyulun 10-da baş prokuror Zakir Qaralova müraciət edib.

Bu haqda Azadlıq Radiosuna vəkilin özü məlumat verib.

O, baş prokurordan gənc fəalın işgəncəyə məruz qalması ilə əlaqədar araşdırma aparılmasını, işgəncə iddiasında adları hallanan şəxslər barəsində cinayət işi başladılmasını xahiş edir.

“Baş prokurorluq qarşısında 2 Saylı Cəzaçəkmə Müəssisəsindən işgəncə hallarının baş verdiyi günlərə aid videokamera görüntülərinin alınması barədə vəsatət də qaldırmışıq”, - vəkil bildirib.

Elçin Sadıqov həmçinin işgəncə iddialarının araşdırılması üçün ombudsman Elmira Süleymanovaya da müraciət edib.

Ötən həftə Qiyas İbrahimovun cəzaçəkmə müəssisəsində işgəncəyə məruz qalması barədə anası açıqlama vermişdi. Ancaq Ədliyyə Nazirliyinin Penitensiar Xidməti deyilənləri təkzib etmişdi.

Ardınca Qiyas İbrahimovla həbsxanada görüşən vəkili onun həyatının təhlükədə olduğunu bildirmişdi.

İyulun 10-da Ombudsman Aparatının əməkdaşı Rəşid Rumzadə Qiyas İbrahimovun məsələsiylə maraqlandıqlarını deyib.

“Qiyas İbrahimovun məsələsiylə, yəni, saxlanma durumu və ona qarşı rəftarla bağlı təcridaxanada saxlandığı dövrdən maraqlanırıq və bu, indi də davam edir”, -Ombudsman Aparatının əməkdaşı Rəşid Rumzadə bildirib.

Amma o, Qiyas İbrahimova saxlandığı 2 saylı cəzaçəkmə müəssisəsində işgəncə verilməsiylə bağlı ittihamları araşdırmaq üçün həbsxanaya gedib-getməyəcəkləri haqda konkret heç nə söyləməyib.

Ombudsman Aparatının rəsmisi “Biz bu məsələ ilə maraqlanacağıq” deməklə kifayətlənib.

XATIRLATMA

“Heykəl məhbusu” kimi tanınan, narkotik ittihamı ilə 10 il həbs cəzası alan, gənc fəal Qiyas İbrahimovun anası Şura Əmiraslanova ötən həftə oğlunun saxlandığı 2 saylı çəzaçəkmə müəssisəsində nəzarətçi və rəhbərlik tərəfindən işgəncə və fiziki zorakılığa məruz qaldığını bildirib. Vəkili Elçin Sadıqov da onun həyatının təhlükədə olduğunu bəyan edib.

Penitensiar Xidmət deyilənləri yalanlayıb, “O digər məhbuslar kimi cəzasını çəkir, işgəncədən söhbət gedə bilməz” bildirib.

Gənc fəallar Qiyas İbrahimovla Bayram Məmmədov 2016-cı il mayın 10-da saxlanılıblar.

Daxili İşlər Nazrilyi açıqlamasında hər iki şəxsin yaşadığı evdən 1 kiloqramdan çox heroin tapılması barədə məlumat yayıb.

Hər iki şəxs məhkəmədə işgəncələrə məruz qaldıqlarını desələr də, Ombudsman Aparatı gənc fəalların üzərində hər hansı xəsarət izi olmadığını bəyan etmişdi.

10 il azadlıqdan məhrum edilən gənclər ittihamı rədd edir, keçmiş prezident Heydər Əliyevin heykəli üzərinə “Qul bayramınız mübarək” şüarı yazdıqlarına görə həbs olunduqlarını bildirirlər.

“Amnesty İnternational” hər iki məhkumu “vicdan məhbusu” elan edib.

Bugünlərdə Bayram Məmmədov da həbsxanada saxlanma şəraitinə etiraz olaraq bir neçə gün aclıq aksiyası keçirmişdi.

XS
SM
MD
LG